Məhkəmə qərarları › İş №2-1(112)-2854/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2854/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2854/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmiş daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3431.2 kv.m olan fərdi yaşayış evinin 1133 kv.metr hissəsini X3 almışdır. ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D ünvanında yerləşən ümumi sahəsi 1134.20 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli 26 saylı sərəncamı ilə Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı yaşayış evinin mənzil fondundan çıxarılması və qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra –cavabdeh) müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və qeyd etmişdir ki, fərdi yaşayış evinin yaşayış fondundan qeyri yaşayış fonduna keçməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin, təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Bundan sonra İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 1134.20 kv.metr, 0.133780 kv.metr torpaq sahəsi olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrəli reyestr qeydi aparılmış və texniki pasport tərtib edilmişdir. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 09 fevral 2021-ci il tarixli, 26 nömrəli Sərəncamına əsasən Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı yaşayış evi mənzil fondundan çıxarılmış və qeyri-yaşayış sahəsinə keçirilmişdir. Sərəncamın icrası ilə əlaqədar Bakı şəhər Sabunçu Rayonu İcra Hakimiyyətinin vəzifəli şəxslərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli texniki rəy və akt tərtib edilmişdir, həmçinin ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının eksiz-layihəsi Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Bakı şəhər Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli, E-10-091 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən görünür ki, bu bildiriş mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsasdır. İddiaçı cavabdehin imtinasına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmiş, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6-ci bəndinə əsasən keçirilən sahənin yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra – MM) əsasən: - 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: - 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); - 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); - 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); - 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. - 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. - 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. - 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. - 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - - 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Göründüyü kimi, qanunverici yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydasını dəqiq tənzimləmiş, həm təqdim edilməli olan sənədləri, həm də keçirilmə qaydasını müəyyən etmişdir. İstinad olunan normalara əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün:

1. sahənin keçirilməsi haqqında ərizə, keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər, keçirilən yaşayış sahəsinin texniki pasportu yerli icra hakimiyyəti orqanına təqdim edilir.

2. Orqan sənədlərin təqdim edildiyi gündən otuz gündən gec olmayaraq sahənin keçirilməsi haqqında qərar qəbul edir.

3. əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, həmin qərar sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.

4. Belə işlərin görülməsi tələb edilirsə, keçirilmə barədə qərar həmin qərarda nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin görülməsi üçün əsas təşkil edir.

5. Həmin işlərin başa çatması orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir və bu akt orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki: - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.82 ha sahəsi olan 9Z saylı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə X4 adına qeydiyyata alınmışdır. - X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı sahədə 5,9 metr hündürlüyündə, 1 mərtəbəli 4543 kv.m olan sahəsi olan fərdi yaşayış evini inşa etdiyini bildirmişdir. - 25.12.2020-ci il tarixdə X4 ünvan 1 ünvanında yerləşən 3431.2 kv.metr sahəsi olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış və bu barədə A.Abbasovaya çıxarış verilmişdir. - 25.12.2020-ci il tarixdə satıcı X8 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3431.2 kv.m olan fərdi yaşayış evininin bölgü sxem əsasında müəyyən edilən 1134.2 kv.metr hissəsini, 0,82 ha torpaq sahəsinin isə 0,13378 ha hissəsini iddiaçı Eyvaz-X2, iddiaçının fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqları xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, bu barədə ********** qeydiyyat nömrəli çıxarış verilmiş, daşınmaz əmlakın ünvanı kimi Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi,ev 47D qeyd olunmuşdur. - xx.xx.2021-ci il tarixdə iddiaçının adına həmin daşınmaz əmlakla bağlı texniki pasport tərtib edilmiş, pasportda evin 2020-ci il tarixdə tikildiyi, 1 otaqlı olması, hündürlüyünün 5.6 metr olması göstərilmişdir. - 08.02.2021-ci il tarixdə iddiaçı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi və layihəyə uyğun evin pəncərəsinin qapı ilə əvəz edilməsini xahiş etmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli 26 saylı Sərəncamı ilə Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı yaşayış evinin mənzil fondundan çıxarılması və qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. - 09.02.2021-ci il tarixdə İddiaçının təqdim etdiyi layihə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. - Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2017-ci il tarixli 29 saylı Sərəncamı ilə yaradılmış mənzil sahələrinin yenidən qurma və yenidən planlaşdırılması ilə bağlı komissiyanın üzvləri Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı fərdi yaşayış evində Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 26 saylı 09 fevral 2021-ci il tarixli sərəncamı ilə aparılan yenidənqurma işlərindən sonra mənzilə baxış keçirərək müəyyən etmişlər ki, evin ümumi sahəsi 1134,20 kv.m.-dən ibarət olmuşdur, təsdiq edilmiş layihəyə uyğun olaraq mənzilin yenidən qurma işləri başa çatdırılmışdır, mənzil Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikilmişdir. - Bundan sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Mənzil məsələləri üzrə komissiyası” tərəfindən texniki rəy tərtib edilmiş və rəydə qeyd olunmuşdur ki, komissiya mübahisəli yaşayış evinə baxış keçirmiş və müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində 47D saylı yaşayış evi vətəndaş İddiaçı məxsusdur və evdə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış və evin faktiki ümumi sahəsi 1134,2 kv.m olmuşdur. Komissiya Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq rəy vermişdir ki, 47D saylı yaşayış evinin mövcud vəziyyətində qeydiyyata alınması mümkündür. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında E-10-091 saylı bildirş verilmiş və bildirişdə göstərilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı evin Mənzil Məcəlləsinin 20,21 və 27-ci maddələrinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 26 saylı 09 fevral 2021-ci il tarixli Sərəncam qəbul etmişdir. Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş formaya əsasən bu bildiriş mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsasdır. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçı ərizəsinə qanunvericiliklə tələb olunan sənədləri əlavə etməklə sahənin keçirilməsini həyata keçirən orqana təqdim etmiş, həmin orqan tərəfindən istinad olunan qaydaya uyğun keçirilmə barədə qərar qəbul edilmiş, keçirilmə nəticəsində aparılmış yenidənqurma işləri qəbul komissiyasının aktı ilə təsdiqlənmiş, bununla da sahənin keçirilməsi başa çatmışdır. Qanunvericiliyin normasına əsasən keçirilmə başa çatdıqdan sonra yerli icra hakimiyyəti orqanının özü həmin aktı kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərməli olduğu halda bunu etməmişdir. Buna görə də iddiaçı həmin keçirilmənin nəticəsi olaraq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə özü müraciət etmişdir. Cavabdeh isə qanunvericiliklə nəzərdə tutulmasa da, iddiaçıdan tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə sənədlərini və həmin sənədlərin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməsini tələb etmişdir. Halbuki cavabdehin tələb etdiyi bu sənədlər daşınmaz əmlaka hüququn ilkin hüquqi qeydiyyatı zamanı təqdim edilməsi zəruri olan sənədlər olmuş, Mənzil Məcəlləsi yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirildikdə, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) işlərinin başa çatmasını təsdiq edən yerli icra hakimiyəti oranının qəbul komissiyasının aktını keçirilmiş sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas kimi qəbul etmiş, əlavə hər hansı bir müdəa nəzərdə tutmamışdır. İşdən görünür ki, iddiaçı cavabdehin bu imtinasından sonra onun qeyd etdiyi inzibati orqan olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, Komitə xx.xx.2021-ci il tarixdə cavab olaraq bildirmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6-ci bəndinə əsasən keçirilən sahənin yaşayış və qeyriyaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.9.11-ci və 4.9.12-ci yarımbəndlərinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və yaşayış sahəsinin yenidən qurulması barədə yerli icra hakimiyyəti orqanlarına qərar qəbul etmək səlahiyyəti verilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs müvafiq icra hakimiyyəti orqanına zəruri sənədləri təqdim etməlidir.” Komitə qeyd olunanlar nəzərə alınaraq, qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməyi tövsiyə etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçını yönəltdiyi qurum müvafiq məsələ ilə bağlı özünü səlahiyyətli bilməmiş və iddiaçıya aidiyyəti üzrə yerli icra hakimiyəti orqanına müraciət etməsini tövsiyə etmişdir, hansı ki, iddiaçı məhz əmlakın yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. “İnzibati icraat haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən inzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı tərəfindən ilkin hüquqi qeydiyyat zamanı tələb olunan sənədlər təqdim edlməklə mübahsəli yaşayı evi onu adına qeydə alınmış, daha sonra isə iddiaçı daşınmaz əmlakın təyinatının dəyişdirilməsi ilə bağlı zəruri sənədləri əldə etməklə cavabdehə müraciət etmiş, lakin cavabeh iddiaçıdan qanunla nəzərdə tutulmayan sənədləri tələb etməklə, istinad olunan normaların tələblərini pozmuşdur. Buna görə də iddia tələbini əsaslı hesab edən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qeyriyaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar