Məhkəmə qərarları › İş №2-1(112)-2857/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2857/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2857/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-18/1 saylı xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Pakistan İslam Respublikasının Ravalpindi şəhərində anadan olmuşdur, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlmandır (sünnidir). Ravalpindi şəhərinin "X4 School" adlı məktəbində 10 illik təhsil aldıqdan sonra məktəbdə yaranan problemlər səbəbindən valideynləri onu məktəbdən çıxararaq mədrəsəyə qoymuşlar və orada 3 il təhsil almışdır. Atası 3 il əvvəl xəstəlikdən vəfat etmiş, anası, 3 bacısı və 1 qardaşı Ravalpindi şəhərində yaşayırlar. Onun ailə üzvlərinin heç biri ilə əlaqəsi yoxdur. Erkən yaşlarından özünü qadın kimi hiss etdiyindən qadın bəzək əşyalarından istifadə etmiş, özünü qadın kimi apardığından məktəbdə oğlanlar tərəfindən təqiblərə məruz qalmış, ailə üzvləri tərəfindən döyülmüşdür. 8 il əvvəl “Həsən Klinik” adlı xəstəxanada əməliyyat edərək cinsini dəyişib transgender olmuş, sonra isə rəqqaslıqla məşğul olmuş. Pakistanın müxtəlif şəhərlərində toy məclislərinə dəvətlər alaraq bununla pul qazanmışdır. Məclislərdən sonra bir neçə dəfə təcavüzə məruz qalmış, lakin bu barədə polisə şikayət etməmişdir. Trasgender olduğu üçün Pakistanda təqiblərə məruz qalaraq həyatı üçün təhlükə yarandığından ölkəsini tərk edərək xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. xx.xx.2022-ci ildə Dövlət Miqrasiya Xidmətinin İQ- 18/1 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edilmişdir. Dövlət Miqrasiya Xidmətinə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Cavabdehin qərarında əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, Pakistan İslam Respublikası vətəndaşı İddiaçı 1 iyun 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 39-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Pakistanın Rawalpindi şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Ravalpindi şəhərində yerləşən “X4 School” adlı məktəbdə 10 illik orta təhsil aldığını, daha sonra məktəbdə yaranan problem səbəbindən valideynlərinin onu məktəbdən çıxararaq mədrəsəyə qoyduqlarını, 3 il orada təhsil aldığını qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən şəxs atasının 3 il əvvəl xəstəlikdən vəfat etdiyini, anasının, 3 bacısının və 1 qardaşının hazırda Ravalpindi şəhərində yaşadıqlarını, onlarla hazırda heç bir əlaqəsinin olmadığını söyləmişdir. Ərizəçi erkən yaşlarından özünü qadın kimi hiss etdiyini, qadın bəzək əşyalarından istifadə etdiyini, özünü qadın kimi apardığını, bu səbəbdən məktəbdə oğlanlar tərəfindən təqib edildiyini, ailə üzvləri tərəfindən də döyüldüyünü bildirmişdir. Hameed Qamar təxminən 7-8 il əvvəl “Hasan Clinic“ adlı xəstəxanada əməliyyat edərək cinsini dəyişdiyini, transgender olduğunu, sonradan rəqqasəliklə məşğul olduğunu, Pakistanda müxtəlif şəhərlərdə toy məclislərinə dəvət aldığını, müxtəlif rəqslər ifa etdiyini, bununla da pul qazandığını söyləmişdir. O, həmin məclislərdən sonra bir neçə dəfə cinsi təcavüzə məruz qaldığını, lakin polisə şikayət etmədiyini qeyd etmişdir. Ərizəçi Pakistanda transgender olduğu üçün təqiblərə məruz qaldığını, həyatı üçün təhlükə yarandığını, bu səbəbdən də ölkəsini tərk etdiyini, xx.xx.2022-ci il tarixdə Azərbaycana gəldiyini söyləmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçinin ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusunun olub-olmaması ilə bağlı aparılmış araşdırma zamanı isə bu qorxunun tam əsaslı olmadığı qənaitinə gəlinmişdir. Ərizəçi müsahibə zamanı keçmiş Hameed Qamar ərizə-anketinin qeydiyyatı zamanı transgender olduğu üçün öldürüləcəyindən qorxduğu üçün ölkəsini tərk etdiyini bildirsə də, müsahibə zamanı dediklərindən əslində Pakistanda ona qarşı olan təzyiqlər səbəbindən rəqs ziyafətlərinə gedə bilmədiyi, bununla da qazanc əldə etmək imkanından məhrum olduğu, bu səbəbdən də ölkəsini tərk etdiyi məlum olmuşdur. Belə ki, onun dediklərindən təxminən 7-8 il əvvəl cinsini dəyişmək üçün əməliyyat etdirdiyi, həmin müddət ərzində həyatı üçün ciddi təhlükənin yaranmadığı məlum olur. Bundan əlavə mənşə ölkəsi barədə məlumatlar araşdırılarkən Pakistanda transgender şəxslərin hüquqlarının qorunması barədə 2018-ci ildə qanun https://translaw.clpr.org.in/leqislation/the-transqender-persons-protection-ofriqhts-act-2018pakistan/#:~:text=The%20National%20Assemblv%20of%20Pakistan,the%20welfare%20of %20the%20communitv qəbul edildiyi məlum olur. Hameed Qamar rəqqasə kimi qoşulduğu toy məclislərində sonradan cinsi zorakılığa məruz qaldığını bildirsə də, polisə müraciət etmədiyini demiş, müraciət etməməsinin səbəbini inandırıcılıq baxımından qənaətbəxş şəkildə izah edə bilməmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasf’nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Odur ki, yuxarda qeyd edilənləri və “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərini rəhbər tutub iddiaçının iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsassızdır. İş materiallarında olan iddiaçıya aid BN6277722 nömrəli pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Pakistan Respublikası, Ravalpindi şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizəanket) görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti pəncabi, dini etiqadına görə islam (sünni) olduğu, ana dili pəncabi olduğu müəyyən olunmuşdur. İddiaçı Ravalpindi şəhərində yerləşən “X5 School adlı məktəbdə 10 illik orta təhsil almış, daha sonra məktəbdə yaranan problem səbəbindən valideynlərinin onu məktəbdən çıxararaq mədrəsəyə qoyulmuş, 3 il orada təhsil almış, atası 3 il əvvəl xəstəlikdən vəfat etmiş, anası, 3 bacısı və 1 qardaşı hazırda Ravalpindi şəhərində yaşayır, onlarla hazırda heç bir əlaqəsi yoxdur. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-18/1 saylı qərarından görünür ki, Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqında verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehin qeyd edilən qərarının ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini mübahisələndirir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Eyni Qanunun 13-cü maddəsinə əsasən şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - 3-cü bəndinə görə "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. Hazırkı iş üzrə iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı müsahibə zamanı verdiyi izahatında milliyyətcə həzara, dini etiqadına görə müsəlman olduğunu bildirmişdir. İddiaçı ölkəsini tərk etməsinin səbəbi oxumaq üçün gəlməsi olmuş, hərbi məktəbdə oxuması ilə bağlı ailəsinin təhdidlərə məruz qaldığını bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış və heç bir sosial qrupa qoşulmamışdır. Həmçinin iddiaçının və ailə üzvlərinin öz ölkələrində yaşadıqları dövrdə dövlət orqanları tərəfindən siyasi əqidəsinə, irqi və milli mənsubiyyətinə, dini etiqadına görə təqibə məruz qaldığı da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı da bu barədə məhkəməyə hər hansı ciddi və mötəbər sübut təqdim etməmişdir. Qaçqın statusunun verilməsi ilə bağlı əsaslı təqib qorxusunun real mövcud olubolmadığını müəyyən edərkən məhkəmə həm də iddiaçının özünün verdiyi məlumatlara əsaslanır. İddiaçı tərəfindən özünün fərdi təqib qurbanı olmaq təhlükəsi ilə bağlı ciddi və real əsasları özündə ehtiva edən hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, irqi, milli və müəyyən sosial qrupa mənsubiyyətinə, dini etiqadına və ya siyasi əqidəsinə görə əsaslı təqib qorxusunun mövcudluğunu göstərən hər hansı ağlabatan, inandırıcı və mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar