Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2857/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması barədə cavabdehin qərarının qeyri-qanuni hesab edilərək ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə, yəni hər ay 1320 manat 28 qəpik məbləğində ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 172027 nömrəli, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1954-cü il tarixdə doğulmuşdur. xx.xx.2015-ci il tarixdə sağlamlıq imkanının məhdudlaşması ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. 1976-cı ildən 3-cü qrup əlilliklə pensiya almışdır və işini də davam etdirmişdir. xx.xx.2015-ci il tarixdən vəziyyətinin pisləşməsi ilə əlaqədar ona 2-ci qrup əlillik müəyyən edilmiş və pensiya təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən ümumi xəstəliklə 5 il müddətinə 2-ci qrup əlillik müəyyən edilmişdir. xx.xx.2017-ci ildən, yəni həmin vaxt yaşa görə pensiya yaşı (63 yaş) tamam olduqdan sonra onun ərizəsi və sair formada müraciəti olmadan pensiyası əlillikdən yaşa görə pensiyaya keçirilmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, yəni "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə görə pensiyanın bir növündən başqa bir növünə keçmə pensiyaçıların hüququdur. İnsan həmin hüquqdan istifadə edə də bilər, etməyə də bilər. Belə vəziyyətdə insanın özünə sərfəli variantı seçmək hüququ (ixtiyarı) vardır. İddiaçı xx.xx.2017-ci il tarixdən pensiyanın dəyişdirilməsindən şikayətçi olmuşdur. Nəhayət xx.xx.2018-ci il tarixdən pensiyası əlillikdən yaşa görə pensiyaya keçirilmiş və yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni qaydalarla hesablanmışdır. Bu zaman sığorta ödənişinin 90%-i sığorta kapitalı kimi nəzərə alınmışdır. Həmin vaxt təyin edilmiş pensiya məbləği sonrakı illərdə indeksləşdirilmiş və 2023-cü ilin yanvar ayından hər ay 1320 manat 28 qəpik hesablanmış və ödənilmişdir. xx.xx.2023-cü il tarixdən ona məlumat vermədən və razılığı olmadan pensiyası azaldılaraq 880 manat 21 qəpik müəyyən edilmişdir və həmin məbləğdə ödənilir. Bunula əlaqədar 3 saylı DOST Mərkəzi vasitəsi ilə ərizə verərək narazılığını bildirmişdir və pensiyanın bərpa edilməsini tələb etmişdir. Cavabdehin 24 avqust 2023-cü il tarixli məktubu ilə izah edilib ki, pensiya məbləğinin azaldılması qanunidir, üstəlik ona son 3 ildə artıq ödənilmiş məbləğin məndən tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 34-cü maddələrinin 01,04.2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək 30 il 4 ay 5 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən-xx.xx.2015-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 46895,78 manat pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 651,76 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 726,06 manata, xx.xx.2022-ci il tarixdən 750,74 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdə əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 767,40 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 880,21 manata çatdırılmışdır. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə iddiaçının pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda 90 faizlə nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixdən (artıqödəmə barədə qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya 01,04.2017-ci il tarixədək əlilliyə görə pensiya ödənilmiş, həmin tarixdən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 90%-lə nəzərə alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 172027 nömrəli qərar qəbul edilərək həmin kapitalın 90%-lə deyil, 50%-lə nəzərə alınaraq yenidən hesablanmış və artıq ödəmə məbləği müəyyən edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsini və pensiyanın əvvəlki məbləğdə ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 172027 nömrəli, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının surətindən görünür ki, pensiya məbləği 1320,28 manatdan 880,21 manata dəyişdirilmişdir. Səbəb göstərilmişdir ki, xx.xx.2014-ci il tarixdə növdəyişmə zamanı PSK 50%-lə hesablansa da, xx.xx.2018-ci il tarixdə yenidən hesablanaraq 90%-lə verilmişdir. Nəticədə 13802,58 manat artıqvermə yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; ... 6.3. Avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. 6.3-1. Əmək pensiyasının Qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir: 6.3-1.1. əmək pensiyası minimum məbləğə çatdırılır; 6.3-1.2. maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir; 6.3-1.3. əmək pensiyası indeksləşdirilir. 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. .. 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 377 nömrəli Fərmanı (xx.xx.2017-ci il tarixə qüvvədə olan redaksiya): 2.9. həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi, iddiaçıya xx.xx.2017-ci il tarixədək əlilliyə görə pensiya ödənilmiş, həmin tarixdən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 90%-lə nəzərə alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 172027 nömrəli qərar qəbul edilərək həmin kapitalın 90%-lə deyil, 50%-lə nəzərə alınaraq yenidən hesablanmış və artıq ödəmə məbləği müəyyən edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsini və pensiyanın əvvəlki məbləğdə ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Qeyd olunmalıdır ki, 8 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1019) ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilmişdir, 1.0.3-cü—1.0.12-ci maddələr 1.0.6-cı—1.0.15-ci maddələr hesab edilmişdir. Nəticədə “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən vaxt hazırkı 1.0.8-ci maddə 8 noyabr 2006-cı il tarixə qədər 1.0.5-ci maddə adlanırdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndində qeyd edilirdi ki, həmin Qanunun 1.0.5-ci maddəsinə (yəni 8 noyabr 2006-cı ilə qədər Qanunun 1.0.5-ci maddəsinə) uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilmişdir. Bəhs olunan normativ sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 8 noyabr 2006-cı ilə qədər olan redaksiyası həmin Qanunun 8 noyabr 2006-cı ildən edilən dəyişikliyə görə hazırkı 1.0.8-ci maddəsi ilə əvəz edildiyindən, Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndi də Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 1.0.8-ci maddəsinin tətbiqi ilə bağlı olmuşdur. İşin mübahisəsiz halıdır ki, iddiaçının əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndi qüvvədə olmuş və iddiaçıya yaşa görə əmək pensiyası həmin bəndə uyğun olaraq hesablanmışdır. İddiaçı əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi ilə bağlı müraciətinin olmamasını bildirsə də, bu barədə cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt mübahisələndirilməmişdir. Daha sonra iddiaçının pensiyası xx.xx.2018-ci il tarixdə yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 90%-lə (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə) nəzərə alınmışdır. Daha sonra cavabdeh tərəfindən hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 172027 nömrəli qərar qəbul edilərək həmin kapitalın 90%-lə deyil, 50%-lə nəzərə alınaraq yenidən hesablanmışdır.. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndində “Əmək pensiyaları haqqında” Qanunun üçüncü cümləsinin tətbiqi ilə bağlı Misal 45-də 2017-ci ilin martında, yəni 1 iyul 2017-ci ilə qədər pensiya hüququ yaranmış şəxsə münasibətdə yeni normanın hansı qaydada tətbiq edilməsi izah edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilən zaman Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndi qüvvədə olmuş və iddiaçıya yaşa görə əmək pensiyası həmin bəndə uyğun olaraq hesablanmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə ödənilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-2857/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2857/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver