Məhkəmə qərarları › İş №2-1(112)-2859/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2859/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2859/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X1 oglunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “hərbi qulluqçu kimi pensiya hüququnun təmin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “hərbi qulluqçu kimi pensiya hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin faktiki hallarından məlum olur ki, iddiaçının tələbi hərbi qulluqçu kimi ona pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmaqla onunla cavabdeh arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibəti ilə əlaqədardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə müvafiq olaraq inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşə materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, hazırkı iş üzrə iddiaçının yaşayış yeri üzrə qeydiyyat ünvanı Gəncə şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsidir. İş üzrə keçirilmiş məhkəmənin hazırlıq icraatı üzrə iclasında işin aidiyyəti üzrə baxılması ilə əlaqədar səlahiyyətli məhkəməyə göndərilməsi məsələsi müzakirə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mubahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi barədə” xx.xx.2019- cu il tarixli 4 nömrəli qərarının 16.6-cı bəndinə əsasən Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, İddiaçı yaşayış yeri üzrə qeydiyyat ünvanı Gəncə şəhərində yerləşdiyindən məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2, 8.5, 23.1 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “hərbi qulluqçu kimi pensiya hüququnun təmin edilməsi” iddiası üzrə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar