Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-286/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Məmmədov İlkin Rövşən oğlunun iştirakı ilə, X2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı sərəncamın ləğv edilməsi və s.barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 cavabdeh Bakı şəhər Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 10 saylı sərəncamının ləğv edilməsi və xx.xx.2003-cü il tarixli, 275/1 saylı sərəncam ilə ona ayrılmış 600 kv.m torpaq sahəsinin plan-cizgiyə uyğun olaraq hüdudlarının müəyyən edilməsi və yerində naturada göstərilməklə torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 275/1 saylı Sərəncamı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində bələdiyyənin istifadəsində olan 600 kv.m., torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır. Həmçinin tərəfindən bələdiyyənin hesabına pul ödənilmiş və torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 10 saylı Sərəncamının 2-ci bəndinə əsasən xx.xx.2003-cü il tarixli, 275/1 saylı Sərəncam üzrə verilmiş cizgi ləğv edilmiş və bələdiyyə ərazisində naturada boş 600 kv.m., torpaq sahəsi verilməklə yeni cizginin hazırlanması, naturada sərhədləri yerində müəyyən edilmiş torpaq sahəsinin V.Ağayevaya (Məmmədova) təhvil verilməsi məsələlərinin həll edilməsi bələdiyyənin icra aparatının memarlıq xidmətinə tapşırılmışdır. Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, Əİ-36 saylı və xx.xx.2016-cı il tarixli, 01-13/Q569 saylı məktublarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 275/1 saylı Sərəncam qüvvədədir, ayrılmış 600 kv.m., torpaq sahəsinin sxem-eskizi dəyişilməyib və qeyd edilən torpaq sahəsinə aiddir. Həmçinin sözügedən torpaq sahəsi Binəqədi qəsəbəsinin inzibati ərazi hüdudları daxilində yerləşir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə rəsmi qaydada yazılı Ərizə ilə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edərək "Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 275/1 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.m., torpaq sahəsinin plan-cizgiyə uyğun olaraq hüdudlarının müəyyən edilməsi və yerində naturada göstərilməklə torpaq sahəsinin ona təhvil verilməsinin təmin edilməsini" xahiş etmişdir. Lakin Binəqədi qəsəbə Bələdiyyəsi 3 aydan artıq müddət keçməsinə baxmayaraq yuxarıda qeyd edilən ərizəyə cavab verməmişdir. Mövcud sənədlərdən açıqaşkar görünür ki, onlar arasında ziddiyyət mövcuddur, biri digərini təkzib edir. Bu səbəbdən də özünə məxsus torpaq sahəsinə dair qanuni hüquqlarını həyata keçirə bilmir, sahiblik və istifadə hüquqları kobud şəkildə pozulur. Sözügedən torpaq sahəsini özəlləşdirib tam mülkiyyət hüququ əldə etmək üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edə bilmir. Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 10 saylı Sərəncamı qeyri-qanuni və əsassızdır, qanunvericiliyə zidd olduğuna görə onun konstitusiya və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən də bələdiyyənin xx.xx.2008-ci il tarixli 10 saylı Sərəncam ləğv edilməli və ona ayrılmış 600 kv.m., torpaq sahəsinin plan-cizgiyə uyğun olaraq hüdudlarının müəyyən edilməsi, yerində naturada göstərilməklə torpaq sahəsinin ona təhvil verilməsi bir vəzifə kimi həmin bələdiyyə orqanının üzərinə qoyulmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsininməhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Məmmədov İlkin Rövşən oğlu iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus ASAN1 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AA0150814 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 xx.xx.1977-ci ildə doğulmuşdur. Torpaqların alqı-satqısına dair müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixli müraciətinə əsasən Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə xx xxxx 2003-cü il tarixli 275/1 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X7 tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinin büdcəsinə əvvəlcədən ******* manat (köhnə) haqq ödənilmişdir. Bu müqavilə Binəqədi qəsəbə Bələdiyyə orqanının nümayəndəsi X4 və torpaq alan X5 iştirakı ilə xx xxxx 2003-cü il tarixdə qərar tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 275/1 saylı xx xxxx 2003-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X5 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikası Bakı şhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi 01-13/M-118 saylı xx xxxx 2020-ci il tarixli cavab mətubu ilə bildirmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 275/1 saylı xx.xx.2003-cü il tarixli sərəncamı ilə X1 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi ərazi üzrə Binəqədi qəsəbəsinin inzibati ərazi hüquqlarında yerləşir. Binəqədi qəsəbə Bələdiyyəsinin mülkiyyəti üzrə ərazinin eskiz sxem planı Bələdiyyədə mövcud olmadığından təqdim etmək imkanları xaricindədir. Binəqədi qəsəbə Bələdiyyəsinin 275/1 saylı xx.xx.2003-cü il tarixli sərəncamının ləğv edilməsi ilə bağlı məhkəmədə mübahisələndirilən xx.xx.2008-ci il tarixli 10 saylı sərəncam Bələdiyyənin arxivində aşkarlanmamışdır. Cavab məktubunda həmçinin qeyd edilmişdir ki, 275/1 saylı xx.xx.2003-cü il tarixli sərəncamın ləğv edilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2008-ci il tarixli 10 saylı sərəncam icra edilməmişdir. Belə olan halda 275/1 saylı xx.xx.2003-cü il tarixli sərəncam qüvvəsini itirməmişdir. X1 Binəqədi qəsəbə Bələdiyyəsinin 275/1 saylı xx.xx.2003-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin əvəzinə başqa ərazidən torpaq sahəsi ayrılıb verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi 09/3-36 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu ilə qeyd olunan bələdiyyənin sərəncamları Bələdiyyələrlə iş Mərkəzində aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilən qərar hazırda mövcud deyil. İddiaçının digər tələblərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli , №160-İİQ saylı Qanununun 6.5-ci maddəsinin tələbinə görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə əsasən də, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, müvafiq texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2002-ci il tarixli , 696 saylı Fərmanının tələbinə görə, Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda iddia ərizəsində cavabdeh qismində göstərilmiş Bələdiyyə iddiaçının torpaq sahəsinin plan-cizgiyə uyğun olaraq hüdudlarının müəyyən edilməsi və yerində naturada göstərilməklə torpaq sahəsinin ona təhvil verilməsi barədə iddiasına cavab verməli orqan deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs-inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-286/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-286/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver