Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-286/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xarici valyuta borcu üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona ayrılmalı olan 4951 manat kompensasiya barədə məlumatı Azərbaycan Respublikası Maliyyə Nazirıiyinə təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə maraqlı şəxs "xxxx" MMC BOKT arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, ********* nömrəli təminatlı kredit müqaviləsinə əsasən 23 ay müddətinə illik 28 faizlə 8624 ABŞ dolları məbləğində kredit götürülmüşdür. O, kredit götürdükdən sonra 21 dekabr 2015-ci ildə ölkədə ikinci devalivasiya baş vermiş, ABŞ dollarının məzənnəsi qalxmışdır. Həmin vaxta onun banka 7741,05 ABŞ dolları borcu qalmışdır. 18 iyul 2017-ci il tarixdə iddiaçı banka olan borcunu tamamilə ödəmişdir. Bununla bağlı "xxxx" MMC BOKT tərəfindən xx.xx.2017-ci il tarixli məktubla AR DİN BDYPİ-ə müraciət edilmiş, öhdəliyini tam icra etdiyinə görə ona məxsus olan "Toyota" markalı 90UJ022 qeydiyyat nişanlı minik avtomobilinin girovunun ləğv edilməsi xahiş edilmişdir. AR Prezidenti tərəfindən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərman imzalanmışdır. İddiaçının krediti sözügedən Fərmanın təsiri dairəsinə düşdüyündən o, AR Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. Lakin onun adı kompensasiya alacaq şəxslərin siyahısında aşkar edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə MBNP-nın Apellyasiya Komissiyasına müraciət edilmişdir. xx.xx.2019-cu il tarixli bildirişlə cavab verilmişdir ki, kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrində Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyindən, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə olunur. Bundan sonra iddiaçı Nərimanov rayon Məhkəməsində "xxxx" MMC BOKT-a qarşı iddia qaldıraraq kompensasiyanın ödənilməsini xahiş etmişdir. Məhkəmənin 2(005)-383/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin icraatı dövründə məhkəmə-mühasibatlıq ekspertizaı təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/869 nömrəli rəyinə əsasən iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 4951,24 manat müəyyən edilmişdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Həmin Fərmanın 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il hxli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və min məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra - Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən bank olmayan kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 31 oktyabr 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 03.2019-cu il tarixində Palata tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (Qayda) təsdiq edilmişdir. Qaydanın 8.1-ci bəndinə uyğun olaraq, Fərmanın və Qaydanın tətbiqi ilə bağlı müraciətlərə sistemli, operativ baxılması və yaranan mübahisələrin həlli məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası yaradılmışdır. Qaydanın 3.5-ci bəndinə əsasən, Apellyasiya Komissiyası fiziki şəxsə ödəniləcək kompensasiyaya və restrukturizasiya olunacaq kredit borclarına dair mübahisələrə, kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına dair mübahisələrə və Qaydanın tətbiqinə dair yaranan digər məsələlərə baxır və onlara dair qərar qəbul edir. Yuxarıda qeyd olunan müraciətlərə baxılmasını təmin etmək məqsədilə Palata tərəfindən ak.fimsa.az elektron səhifə yaradılmışdır. Apellyasiya Komissiyası tərəfindən müraciəti ilə bağlı qəbul edilmiş qərarlarla tanış olmaq üçün ak.fimsa.az elektron səhifəsinə daxil olmağı xahiş olunur.
4. İş materiallarında olan "xxxx" MMC BOKT-un xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" MMC BOKT ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli Təminatlı kredit müqaviləsi mövcud olmuş və kredit tam ödənilmişdir. Hal-hazırda kredit borcalan tərəfindən tam ödənildiyinə görə xx.xx.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə olan kredit borcunun məbləği barədə məlumat vermək üçün proqram təminatı mövcud deyil və texniki imkanları xaricindədir.
5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə inzibati məhkəmə icraatına Azərbaycan Respublikası Maliyyə Nazirliyi və "xxxx" MMC BOKT üçüncü şəxs qismində cəlb edilmişdirlər.
6. Məhkəmə İPM-nin 13-cü maddəsini rəhbər tutaraq iddiaçıya iddia tələbini dəqiqləşdirilməsi barədə hüquqi yardım göstərmişdir.
7. İddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında iddia tələbi İddiaçı ayrılmalı olan kompensasiya barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması kimi dəyişdirmişdir.
8. Məhkəmənin 22 sentyabr 2021-ci il tarixli qərarı (hakim A.Əhədova) ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, İddiaçı “kredit müqaviləsi üzrə borca görə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kompensasiyanın hesablanması ilə əlaqədar” müraciətinə yenidən baxılması öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-800/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilməmiş, əksinə məhkəmə icraatı dövründə olsa da, məhkəmə sərəncamının icrası ilə bağlı iddiaya dair yazılı şəkildə münasibət təqdim olunmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Cavabdeh inzibati orqanın məhkəmə icraatı dövründə bildirməsinə görə, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" MMC BOKT ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Bu hal da bir daha cavabdeh inzibati orqan tərəfindən iddiaçının bilavasitə müraciətinə yenidən baxılması məsələsini istisna edir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyun 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı hazırki iş üzrə məhkəməyə müraciət edərkən müvafiq kompensasiyanın onunla "xxxx" MMC BOKT arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə hesablanmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaçı özü həmin müqaviləyə bağlanıldığı tarixdən 2-3 ay sonra, yəni ikinci devalvasiyanın baş verdiyi günə (xx.xx.2015-ci il tarixinə) qədər xitam verdildiyini etiraf etmişdir. Başqa sözlə, həmin müqavilə üzrə devalvasiya gününə hər hansı əsas kredit borcu mövcud olmamışdır. Bundan sonra iddiaçı kompensasiya məbləğinin həmin müqavilə üzrə deyil, tərəflər arasında sonradan bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə hesablanmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, sözügedən kredit müqavilələri üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrində hər hansı məlumatlar mövcud olmadığından iddiaçıya kompensasiya məbləğini hesablamaq mümkün deyil. Hazırki sorğuya da xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə müvafiq sənədlər (kredit müqaviləsi, devalvasiya tarixinə əsas kredit borcunun məbləği barədə arayış və s.) təqdim edilmədiyindən iddiaya münasibət bildirilməsi qeyri-mümkündür.
11. İddiaçının ərizəsi əsasında iddia tələbi “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən "xxxx" MMC BOKT ilə bağlanmış 30 oktyabr 2015-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 7404 ABŞ dolları əsas borc üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi” kimi dəyişdirilmişdir.
12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
13. Cavabdeh məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
14. İddia tələbi siyahıya salınma vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən (bundan sonra - Fərman):
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
24. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə "xxxx" MMC BOKT arasında xx.xx.2015-ci il tarixli və 30 oktyabr 2015-ci il tarixli iki kredit müqaviləsi mövcud olmuşdur. Birinci müqavilə üzrə kredit borcu devalvasiya tarixinə qədər ödənmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilənin predmeti 7404 ABŞ dolları puldur. Həmin kredit müqaviləsi üzrə eyni tarixli ipoteka müqaviləsinə əsasən “Toyota Camry” minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC BOKT tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubla bildirilmişdir ki, 30 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin (ikinci kredit müqaviləsi) təminatı qismində 10UJ022 qeydiyyat nişanlı “Toyota Camry” minik markalı nəqliyyat vasitəsi "xxxx" MMC BOKT-a girov qoyulmuş, girovla təmin olunan əsas öhdəlik icra olunmuşdur. Odur ki, təqdim edilən sənədlərə əsasən həmin xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanması məhkəmədə şübhə doğurmur.
25. İddiaçının xx.xx.2015-ci il kredit müqaviləsi üzrə borc öhdəliyi 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə yaranmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilənin predmeti 7404 ABŞ dolları puldur. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2015-ci il tarixə əsas borcun qalığı 7404 ABŞ dolları, xx.xx.2015-ci il tarixinə isə 7109,26 ABŞ dollarıdır. Odur ki, ikinci devalvasiya tarixinə (xx.xx.2015-ci il) həmin ödəniş cədvəlinə uyğun olaraq iddiaçının əsas borcunun qalığının 7404 ABŞ dolları olduğu müəyyən edilir. Bununla əlaqədar qeyd edilən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq uyğun olaraq iddiaçının 4442,4 manat (7404 ABŞ dolları x 0,60 manat = 4442,4 manat) kompensasiya hesablanması hüququ var.
26. Odur ki, məhkəmə iddiaçının “mövcud mülkiyyəti” və “qanuni gözləntisi” olduğu qənaətinə gəlir.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən xx.xx.2015-ci il tarixli "xxxx" MMC BOKT-da ********* nömrəli kredit müqaviləsinə əsasən 7404 ABŞ dolları əsas borc üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva