Məhkəmə qərarları › İş №2-1(112)-2860/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2860/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2860/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamenti) qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət 61 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 36.0 kv.m olan, 61 saylı mənzilə dair mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, hazırda faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən yataqxananın 3 otaqdan ibarət 61 saylı mənzilinə dair ona xx.xx.2004cü ildə 0121 saylı order verilmişdir. İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququ əldə etmək və mənzili özəlləşdirmək istəyir. Bu məqsədlə ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə rəsmi olaraq müraciət etmiş, ərizə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Ərizəyə indiyə qədər heç bir cavab verilməmiş, münasibət bildirilməmişdir. Buna görə də iddiaçı hesab edir ki, S.Ə.ünvan 5 ünvanında yerləşən 61 saylı mənzilə dair çıxarışın verilməsi, onun adına mülkiyyət hüququnun qeydə alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, müvafiq tələblə bağlı xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə iddiaçının müraciəti daxil olmuşdur. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilən təşkilat tərəfindən verilmiş order isə daimi istifadə üçün deyil, müvəqqəti xarakterlidir. Həmçinin iddiaçı İdarəyə müraciətində iki fərqli ünvan göstərmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********26 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X7 Şurasının və MMK-nın X15 xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışdan görünür ki, Birlik Bakı “Radioquraşdırma” İB-də uzun illər işləyən fəhlə və qulluqçularına, Birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, Birliyə məxsus S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A; R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, Birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus S Ə.ünvan 3A, Məhsəti küçəsi 3A; R Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X8 Şurasının və MMK-nın X15 xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışdan görünür ki, Birliyə məxsus S.Ə.ünvan 3a-da yerləşən yataqxanada 4-cü giriş 2-ci mərtəbədə sağ seksiyada 3 otaqlı 36 kv.metrlik 61 nömrəli mənzilin İddiaçı adına sənədləşdirilməsi və pasport qeydiyyatına salınması (order və HİK-nin qərarı əsasında) qərara alınmışdır. Bakı “Radioquraşdırma” İB-nin 15 noyabr 2004-cü il tarixli 0121 nömrəli orderində, İddiaçı 4 nəfər ailə tərkibi ilə birlikdə Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 4a saylı binada 4-cü giriş, 2-ci mərtəbədəki yaşayış sahəsi 36,0 kv.m olan 3 otaqlı, 61 nömrəli mənzili tutmaq hüququna malik olması göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, ünvan 3A ünvanında yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda həmin Birliyin balansındadır. Xətai rayonu, S.Ə.ünvan 5 ünvanında yerləşən 61 saylı mənzili xüsusi təyinatlı mənzil fonduna aiddir. Göstərilən yataqxana binası seksiya tipli (hər bir mənzil beş otaqlı) olmaqla beşmərtəbədən və dörd girişdən ibarətdir. Bina balansa qəbul edilərkən aparılan təhviltəslim zamanı, dördüncü girişin ikinci mərtəbəsində yerləşən sıxlaşdırılmış 61 saylı mənzilin 24,0 kv.metr olan 2 otağında Müdafiə Sənayesi Nazirliyinin Bakı “Radioquraşdırma“ İB tərəfindən İddiaçı adına verildiyi göstərilmiş 15 noyabr 2007-ci il tarixli, 0121 saylı order əsasında İddiaçı 5 nəfər ailə üzvü (özü, əri X3, oğlu X12, qızı X6 və gəlini X14) ilə birlikdə, 36,0 kv.metr olan digər 3 otaqda isə X2 6 nəfər ailə üzvü (özü, Zəngilan rayon məcburi köçkünləri: qızı, kürəkəni və 3 nəvəsi) ilə birlikdə və həmin girişdə qapısı ikinci mərtəbənin pilləkən qəfəsinə açılan, sahəsi 12,0 kv.metr olan 1 otaqlı 61A saylı mənzildə isə Zəngilan rayon məcburi köçkünü X4 4 nəfər ailə üzvü (özü, arvadı, oğlu və qızı) ilə birlikdə yaşadıqları müəyyən edilmişdir. İddiaçı əldə etdiyi orderin verilməsinə əsas kimi Birliyin müdiriyyəti və HİK-nin 41 saylı protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2004cü il tarixli birgə qərarı göstərilmiş, lakin order müdiriyyətin və HİK-in möhürləri ilə təsdiqlənməmişdir. Qeyd edilən protokola əsasən əvvəllər məcburi köçkünlərin yaşadıqları otaqlara əsassız orderlərin verildiyi aşkar edilmişdir. Ona görə də, M.C.Cavadovun ailə üzvləri ilə birlikdə həyat yoldaşı İddiaçı əldə etdiyi orderə (həmin orderdə M.C.Cavadovun özünün də adı göstərilmişdir) əsasən Xətai rayonu, S.Ə.ünvan 6 ünvanında yerləşən yataqxana binasının 61 saylı mənzilinin 2 otağında yaşamasına baxmayaraq, gələcəkdə qanunsuz ələ keçirmək məqsədilə Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 68 saylı otağına da məcburi köçkünlər köçürüldükdən sonra əldə etdiyi order və bu qəbildən olan digər orderlər hazırda məhkəmədə mübahisələndirilmişdir. Dövlət mənzil fondundan M.C.Cavadovun ailəsinə bir dəfə 2 otaqlı mənzil verildiyi halda ona təkrarən yataqxanada yaşayış sahəsinə order verilə bilməz. Bu cür orderlərin verilməsi ilə bağlı Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin arxivində heç bir sənəd aşkarlanmamışdır. Birlik tərəfindən yataqxanada yaşayış sahəsi təşkilatla əmək münasibətlərində və mənzilə ehtiyacı olan işçilərə müvəqqəti yaşamaq üçün verilir. Departamentin məktuba əlavə etdiyi Bakı “Radioquraşdırma” İB-nin 25 may 2005-ci il tarixli 0209 nömrəli orderində X1 Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş, 4-cü mərtəbədəki yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı, 68 nömrəli mənzili tutmaq hüququna malik olması göstərilmişdir. İşdə olan sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və Tərtər Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə (siyahıda Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 6 saylı yataqxana də nəzərdə tutulmuşdur) Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi qərara alınmışdır. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamının icrası haqqında xx.xx.2013-cü il tarixli, 122 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən, dövlət mənzil fonduna keçirilmiş keçmiş yataqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsi orada faktiki yaşayan vətəndaşların adına yaşayış sahəsinə icarə (kirayə) müqaviləsinin bağlanılması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı əsasında həyata keçirildiyindən, Departamentin mütəxəssisləri ilə birlikdə bu sərəncama müvafiq olaraq Xəzər rayon MKTB-nin və 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına verilmiş keçmiş yataqxanalarda mənzillərin özəlləşdirməyə hazırlanması məqsədilə yaşayış sahəsinə icrarə (kirayə) müqaviləsinin bağlanması və dəyişdirilməsi ilə bağlı sakinlərin müraciətlərini aidiyyəti üzrə təqdim etməklə icrasının təmin edilməsi qərara alınmışdır. İddiaçı hazırda Bakı "Radioquraşdırma" İstehsalat Birliyi tərəfindən ona verilmiş orderə istinad edərək S.Ə.ünvan 5 ünvanında yerləşən 61 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mülkiyyətində olan yataqxanaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra özəlləşdirilməsi üçün: 1. şəxs həmin yataqxanada faktiki yaşamalı; 2. mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamalıdır. İddiaçının hazırda adına özəlləşdirilməsini tələb etdiyi yataqxana Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilsə də, iddiaçı həmin mənzillə bağlı balanssaxlayıcı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə kirayə müqaviləsi bağlamamışdır. Həmçinin iddiaçı 3 otaqdan ibarət 36 kv.metr sahəsi olan 61 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, üçüncü şəxsin məhkəməyə ünvanladığı məktubdan görünür ki, sıxlaşdırılmış 61 saylı mənzilin 24,0 kv.metr olan 2 otağında Müdafiə Sənayesi Nazirliyinin Bakı “Radioquraşdırma“ İB tərəfindən İddiaçı adına verildiyi göstərilmiş 15 noyabr 2007-ci il tarixli, 0121 saylı order əsasında İddiaçı 5 nəfər ailə üzvü (özü, əri X3, oğlu X12, qızı X6 və gəlini X14) ilə birlikdə, 36,0 kv.metr olan digər 3 otaqda isə X2 6 nəfər ailə üzvü (özü, Zəngilan rayon məcburi köçkünləri: qızı, kürəkəni və 3 nəvəsi) ilə birlikdə və həmin girişdə qapısı ikinci mərtəbənin pilləkən qəfəsinə açılan, sahəsi 12,0 kv.metr olan 1 otaqlı 61A saylı mənzildə isə Zəngilan rayon məcburi köçkünü X4 4 nəfər ailə üzvü (özü, arvadı, oğlu və qızı) ilə birlikdə yaşadıqları müəyyən edilmişdir. Belə olan halda aydın olur ki, iddiaçı yataqxananın müvafiq mənzilinin adına özəlləşdirilməsi üçün qanunla zəruri olan mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsinin bağlanması barədə tələbi ödəməmiş, faktiki olaraq 3 deyil, 2 otaqdan istifadə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar