Məhkəmə qərarları › İş №2-1(112)-2861/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2861/2024

11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2861/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvəzləşdirilmiş pensiya məbləğinin qaytarılması” tələblərinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) ərizələrlə müraciət edərək, bildirmişdir ki, 2021-ci ilin sentyabr ayından ona məlum olmayan səbəbdən pensiyası dayandırılmış, 2022-ci ilin aprel ayının 29-da bərpa olunmuşdur. Həmin aralıqda ödənilməli olan pensiyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 16 noyabr 1996-cı il tarixində əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçının əlilliyinin müddətinin 10 sentyabr 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 oktyabr 2021-ci il tarixində dayandırılıb. İddiaçı 22 noyabr 2021-ci il tarixində əmək pensiyasının bərpa olunması üçün Mərkəzi Filiala müraciət etmişdir. Müvafiq araşdırma zamanı “Əlillik” alt sistemində iddiaçıya xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda, iddiaçının əlilliyi ilə bağlı verilmiş sorğuya cavab olaraq ona Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 4 okyabr 2019-cu il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz İİ dərəcə əlillik təyin edildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Bununla əlaqədar, iddiaçının əmək pensiyası 2022-ci ilin aprel ayından “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (601,05 manat) 55 faizi-330,58 manat məbləğində bərpa edilib. Eyni zamanda, keçmiş müddət üçün yenidən hesablanaraq ona ödənilməli olan 1.983,48 manat pensiya məbləği müəyyən edilmişdir. Həmçinin, ümumi xəstəlik səbəbindən əlil olması ilə əlaqədar hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ olmadığından ona xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15.860,82 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlar nəzərə alaraq, ona artıq ödənilmiş 15.860,82 manat pul vəsaitindən ona ödənilməli olan 1.983,48 manat pul vəsaiti çıxılmış, qalıq 13.877,34 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, ona artıq ödənilmiş qalıq 13.877,34 manatdan 953,52 manata azaldılmışdır. Həmin 953,52 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə iddiaçı tərəfindən yazılı razılığın mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsı xahiş edilmişdir. Sonda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyasının həmin tarixdən 363,64 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 417,09 manata artırılaraq ödənilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi və 8 ay hərbi qulluqçu kimi ödənilməyən pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ona ödənilməli olan pensiya məbləğinin əvəzləşdirilməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsi və əvəzləşdirilmiş 1.983,48 manat pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1980-ci il tarixdə hərbi xidmətə çağırılmış, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci il tarixdə Daxili İşlər orqanında kiçik serjant vəzifəsinə qəbul olunmuşdur. 1991-ci il tarixdə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlər zamanı Laçın rayonunda erməni işğalçılarına qarşı mübarizə aparmışdır. 1992-ci il tarixdə iş zamanı xidmət başında olarkən minaya düşərək ayağını itirmişdir. Buna baxmayaraq Daxili İşlər orqanalarında xidmət etməyə davam etmişdir. 1996-cı il tarixdə ayağının itirilməsi səbəbi ilə işdən çıxmış və elə həmin il, yəni xx.xx.1996-cı il tarixdən DİN tərəfindən hərbi əlilliyə görə üçüncü qrup əlil və ona uyğun təqaüd təyin olunmuşdur. AR Prezidentinin xüsusi fərmanından əlilliyin, təqüdün təyinatı və ödənilməsi vəzifəsi AR Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir və qanunvericiliyə uyğun olaraq ona təqaüdün ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Uzun illər təqaüd almasına baxmayaraq 2021-ci il tarixindən təqaüdü məlum olmayan səbəblərdən dayandırılmışdır. Təqaüdünün dayandırılma səbəbinin araşdırması zamanı məlum olmuşdur ki, ona ümumi xəstəliklə əlaqədar olaraq 2-ci qrup əlillik və ona uyğun təqaüd təyin edilmişdir. Belə ki, ona 2-ci qrup əlillik verilərkən hərbi əlil təyinatı statusu ilə verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə DİN Tibb idarəsi tərəfindən xəstəliyilə bağlı göndəriş göndərilmişdir. Həmin göndərişdə diaqnozu ətraflı şəkildə izah olunmuş, həmçinin təyin olunmuş əlillik səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi qeyd olunmuşdur. Həmçinin əlilliyi müddətsiz təyin olunmuşdur. Lakin sonradan xəstəliklə bağlı göndəriş etibarsız hesab edilərək təqaüdü qanunsuz və əsassız şəkildə dayandırılmışdır. Müəyyən araşdırmalardan 8 ay sonra, 2022-ci il tarixdə yenidən hərbi əliliyi bərpa olunmuşdur. Verilən imtinaya görə cavabdeh iddia edir ki, o, ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlildir. Bu isə sadəcə onların fərziyəsidir. İddiaçıya hərbi əlil statusu ilə pensiya təyin olunarkən lazımi sənədləri lazimi orqana təqdim etmiş və bunun əsasında da uzun illər pensiyanı o şəkildə almışdır. Cavabdeh iddiaya xx.xx.2023-cü il tarixli, 3-17-1/2-283186/2023 nömrəli yazılı etiraz təqdim edərək imtina məktubda göstərilənləri təkrarlamış və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan aprel 2007-ci il tarixli 681 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1996-cı ildə xəstəliyə görə hərbi xidmətdən tərxis edilmiş, həmin tarixə cəmi xidmət müddəti 15 il 7 ay 11 gün olmuş, müharibə iştirakçısı kimi 3-cü qrup əlilliyə görə 35 faiz ilə xx.xx.1996-cı ildən əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3- 17-4/2-31864/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2015-ci il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2016-cı ilədək) ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Həmin dövr ərzində İddiaçı dair hərbi xidmət dövrü ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin 1 nömrəli Poliklinikası tərəfindən 4399003AAAE7 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 16 noyabr 1996-cı il tarixində əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Eyni zamanda müvafiq araşdırma zamanı ona xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edildiyi aşkarlanmışdır. Buna görə də, ümumi xəstəlik səbəbindən əlil olması ilə əlaqədar hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ olmadığından ona yuxarıda qeyd olunan dövr üzrə ümumilikdə 15.860,82 manat artıq pul vəsaiti ödənilmişdir. Bundan başqa cari ilin aprel ayından “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təminat xərcliyinin (601,05 manat) 55 faizi-330,58 manat məbləğində hesablanaraq iddiaçıya ödənilməli olan 1.983,48 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 15.860,82 manat pul vəsaitindən ödənilməli olan 1.983,48 manat pul vəsaiti çıxılmış, qalıq 13.877,34 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmiş, əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.” İşdə olan “Pensiya” alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya oktyabr 2021mart 2022-ci illərdə əlilliyə görə pensiya ödənilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıya 1996-cı ildən etibarən əliliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2014-xx.xx.2019-cu il tarixlərdə ona ümumi xəstəlik səbəbindən əlillik təyin edilsə də, o “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə əlilliyə görə əmək pensiyası almış, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası araşdırılarkən oktyabr 2021mart 2022-ci illərdə iddiaçıya təyin edilmiş pensiya ödənişi dayandırılmış, daha sonra pensiyası bərpa olunduqdan sonra cavabdeh iddiaçıya 15.860,82 manat artıq ödəmə olduğunu iddia edərək dayandırılmış müddətdə ödənilməli olan 1.983,48 manat pensiya məbləğini iddiaçıya ödəməkdən imtina etmiş, həmin məbləğin artıqödəmə ilə əvəzləşdirildiyini bildirmişdir. İddiaçı hazırda cavabdehin bu hərəkətini qanunsuz hesab edərək əvəzləşdirilən məbləğin qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya 15.860,82 manat artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona oktyabr 2021-mart 2022-ci illərdə ödənilməli olan pensiya məbləğini tam ödəməmiş, sonradan isə həmin 1.983,48 manat pensiya ödənişini artıq ödənilmiş məbləğin əvəzləşdirilməsinə aid edərək, bu məbləği iddiaçıya ödəməkdən imtina etmişdir. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması, məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin artıq ödənilmiş pensiya məbləğini iddiaçıya ödənilmiş vəsaitlə əvəzləşdirməsi qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəlləni 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ödənilməli olan pensiya məbləğinin əvəzləşdirilməsindən ibarət hərəkəti qanunsuz hesab edilsin və İddiaçı ödənilməli olan pensiya ödənişindən tutulmuş (əvəzləşdirilmiş) 1.983,48 manat məbləğin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar