Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2863/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 28 sentyabr 1977-ci il tarixli 8161 nömrəli akt qeydi olan doğum haqqında şəhadətnamənin dublikatının verilməsi öhdəliyinin Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuşdur. Atası X5, anası X10 1973-cü ildə 27 yanvar tarixdə ailə qurmuşlar. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən ona doğum haqqında şəhadətnamə verilmişdir. O, 1984-cü ildə Bakı şəhər 263 nömrəli orta məktəbə daxil olmuş, həmin məktəbi 1992-ci ildə 9-cu sinfini bitirmiş və 1992-ci ildən 1994-cü ilədək peşə təhsili üzrə 26 saylı peşə liseyində oxumuşdur. Sonra o, ailə vəziyyəti ilə bağlı işləmiş, şəxsiyyətini təsdiq edən Daxili İşlər Nazirliyinin Forma-9 arayışı verilmişdir. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün sənədlərini ərazi üzrə Pasport şöbəsinə vermiş, bundan sonra həmin sənədlər müəmmalı şəkildə itirilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə və digər sənədləri yoxdur. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün əvvəlcə doğum haqqında şəhadətnaməsi bərpa edilməli, sonra onun şəxsiyyətini təsdiq edən sənəd alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı 16.12.2021-ci il tarixli, 4383-05/13 nömrəli və 17.02.2022-ci il tarixli, 326-05/13 nömrəli məktublarında məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon VVADQ şöbəsinin 08.09.2005ci il tarixli, 905 nömrəli arayışına əsasən İddiaçı doğumu haqqında 28 sentyabr 1977-ci il tarixli 3161 nömrəli akt qeydi saxlanılır. Doğulduğu tarix xx xxxxxxxx 1977-ci il, doğulduğu yer Bakı şəhəri, atası X6, milliyyəti azərbaycanlı, anası X10, milliyyəti azərbaycanlı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin 16.04.2021-ci il tarixli, 103- 2721H nömrəli arayışında qeyd edilmişdir ki, verilir, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ev 94, mənzil 40-da yaşayan İddiaçı ondan ötəri ki, o, həqiqətən 07.04.2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nə etdiyi müraciətində bildirmişdir ki, özünə məxsus olan doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Faktla bağlı tərəfimizdən müvafiq tədbirlər keçirilsə də müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş 10 yanvar 1955-ci il tarixdə verilmiş ИЖ № 220670 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01.01.1955-ci il tarixdə doğulmuş X3 atası X16, anası isə X2r. İş materiallarına əlavə edilmiş A3 seriyalı 246113 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 29.01.1973-cü ildə evlənmişlər, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 29.01.1973-cü ildə 5 nömrə ilə qeyd edilmişdir. Evlənmə qeyd ediləndən sonra kişi Hüseynov familiyasını, arvad isə Hüseynova familiyasını götürmüşlər. İş materiallarına əlavə edilmiş AZE seriyalı 17798459 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.07.1942-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, 06.03.1974-cü il təvəllüdlü X7 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 30 mart 1974-cü il tarixdə verilmiş İİ-ЖГ № 468305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06.03.1974-cü il tarixdə doğulmuş X1 atası X8, anası isə X9r. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin 10.11.2021-ci il tarixli, 3583-05/13 nömrəli məktubu ilə təqdim edilmiş 28.09.1977-ci il tarixli, 3161 nömrəli doğum haqqında akt qeydindən müəyyən edilir ki, İddiaçı - doğulduğu tarix xx.xx.1977-ci il, doğulduğu yer Azərbaycan SSR, Bakı şəhəri, Şaumyan rayonu. -Ata haqqında məlumat: X6, doğum tarixi 01.07.1942-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer Bakı şəhəri, Şaumyan rayonu, Tekstil küçəsi 3-55, işlədiyi yer QAİ, inspektor. -Ana haqqında məlumat: X10, doğum tarixi 01.01.1955-ci il, milliyyəti azərbaycanlı. Evlənmə şəhadətnaməsi 29.01.1973-cü il. -Doğum haqqında şəhadətnamə verilmişdir: Nömrəsi 357008. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin 10.11.2021-ci il tarixli, 3583-05/13 nömrəli məktubunda bildirilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyatinformasiya sisteminə daxil edilmiş məlumatlar əsasında yoxlama əsasında məlum olmuşdur ki, xx.xx.1977-ci il təvəllüdlü vətəndaş İddiaçı “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemi”ndə “ölümü” barəsində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 17.11.2021-ci il tarixli, 018-18362-1221 nömrəli məktubunda bildirilmişdir ki, sorğu edilən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanlandığı 18.09.2021-ci il tarixli, 3262- 05/15 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Belə ki, şəxsiyyət vəsiqəsinin əldə olunması üçün doğum haqqında şəhadətnamənizi təqdim edə bilmədiyinizi, eləcə də şəxsiyyəti təsdiq edən sənədiniz olmadan müvafiq şəhadətnamənin əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq ərizənizin təmin edilməsi mümkün deyil. Hal-hazırda şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq, doğum haqqında təkrar şəhadətnamənin məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməyiniz məsləhət görülür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin sadalanan hallarından görünür ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərini rəhbər tutmaqla iddiaçının şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından müraciətin təminindən imtina etmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: -1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. -9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. -9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. İşin hallarından müəyyən olur ki, iddiaçının 28.09.1977-ci il tarixli, 3161 nömrəli doğumu barədə akt qeydi mövcuddur. Doğum haqqında akt qeydinə əsasən iddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri X6 və X9r. Akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir. Bir dəfə doğum haqqında şəhadətnamə verilmiş, lakin iddiaçı həmin şəhadətnaməni itirdiyini bildirir. Qeyd edilməlidir ki, iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən digər sənədləri – Bakı şəhəri 26 nömrəli orta texniki peşə məktəbində təhsil alması barədə təhsil müəssisəsinin möhürü ilə təsdiq edilmiş arayışı var. Doğum haqqında akt qeydinə əsasən xx.xx.1977-ci il təvəllüdlü eyni adda şəxsin ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda məhkəməyə iddiaçının ailə üzvlərindən doğum aktı qeydində valideynləri qismində göstərilmiş X6 və X4 şəxsiyyəti ilə bağlı sənədlər (şəxsiyyət vəsiqəsi, doğum şəhadətnaməsi, evlənmək haqqında şəhadətnamə), həmçinin eyni valideynlərdən doğulmuş bacısı qismində X1 şəxsiyyəti ilə bağlı sənədlər (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) təqdim edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını da nəzərə almamışdır. Belə ki, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir və yaxud iddiaçını təmsil edən şəxsə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkündür ki, təmsil etmə üçün tələb olunan etibarnamə özü də şəxsiyyət vəsiqəsi əsasında verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2863/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2863/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver