Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2863/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə elektron sistem üzərindən xitam verilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı hüquq məsləhətxanası ilə iddiaçı arasında olan əmək müqaviləsinə elektron sistem üzərindən xitam verilməsinə (ləğv edilməsinə) dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildən 1 saylı Hüquq məsləhətxanasından öz ərizəsinə əsasən işdən azad edilmişdir. 1 saylı Hüquq məsləhətxanasının fəaliyyəti dayandırılıb, buna baxmayaraq bu gunə qədər elektron sistemində onun əsas iş yeri kimi 1 saylı Hüquq məsləhətxanası göstərilir. Bu da ona iş yerində bir sıra problemlər yaradır. Bu barədə Azərbaycan Respublikası Vəkillər Kolleqiyasma rəsmi müraciət etmişdir. Onların səhlənkarlığı nəticəsində iddiaçının hüquqları pozulur, daha sonra bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciətləri olub və sonuncu dəfə DOST mərkəzinə etdiyi müraciət heç bir nəticə vermədiyi üçün və onlardan aldığı rəsmi cavaba əsasən müraciətinin məntiqi sonluğa çatması üçün məhkəmə tərəfindən verilən qərardan aslı olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı 1 saylı Hüquq məsləhətxanası ilə qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərarın qəbul edilməsi və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlərin aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsin”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, stansiya Əmircan PÇ-4 Ailəvi yataqxana ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 35174 nömrəli əmək ktabçasının surətindən görünür ki, X2 xx.xx.2012-xx.xx.2019-cu il tarixədək Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasında katibə-xəzinadar və operator vəzifələrində işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Vəkillər X1 xx.xx.2025-ci il tarixli, 02 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanası hüquqi şəxs olaraq ləğv edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Vəkillər X1 xx.xx.2024-cü il tarixli, 1560 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanası hazırda fəaliyyət göstərmir. Vətəndaş İddiaçı 1 saylı Hüquq Məsləhətxanasında əmək fəaliyyəti ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətində məlumat olmadığından sorğuya bu hissədə münasibət bidlirilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-X-27346/2024 nömrəli məktubda bildirilmişdir ki, iddiaçının 1 saylı hüquq məsləhətxanasında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı müraciətinə baxılmışdır. Eyni zamanda 1 saylı hüquq məsləhətxanasının ünvanına (AZ1005, ünvan 3li xx.xx.2024cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktub poçt xidmətinə məxsus F-20 formasında “belə şirkət yoxdur” qeyd edilərək geri qaytarıldığından müraciətinizin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə 1 saylı hüquq məsləhətxanasının işəgötürəni arasında xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin' elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi ilə bağlı əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia tələbi düzgün cavabdehə qarşı yönəlmiş və iddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi və xüüsusi mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyət üzrə əsaslıdır. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, hazırkı mübahisə iddiaçının Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasında operator vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilərək əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci bəndinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. -6.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi əmək müqaviləsinin bağlanılması, əmək müqaviləsində dəyişiklik edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işçi ilə əmək müqaviləsi bağlamış işəgötürənin səlahiyyətinə aiddir. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasında katibə-xəzinadar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə operator-kompyuterçi vəzifəsinə keçirilmişdir. Bununla bağlı əmək müqaviləsi bildirişi işəgötürən, yəni Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri Sümbülə Əliyeva tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı xahişi ilə o işdən azad edilmişdir. Lakin, işdən azad olunmasına baxmayaraq işəgötürən tərəfindən əmək müqaviləsi bildirişi elektron informasiya sistemində ləğv edilməmişdir. Hazırda Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülməklə barəsində müvafiq hökm çıxarılmış, eyni zamanda, Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanası hüquqi şəxs kimi ləğv edilməsə də onun fəaliyyəti dayandırılmış, qeyd edilən hüquq məsləhətxanasının hüquq varisi isə müəyyən edilməmişdir. Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri tərəfindən iddiaçı barəsində operator-kompüterçi vəzifəsi üzrə əmək müqaviləsinin xitam verilməsinə dair əmək müqaviləsi bildirişi elektron informasiya sistemində ləğv edilmədiyindən, hazırda iddiaçının adına aktiv əmək müqaviləsi bildirişi ƏMAS-da mövcuddur. Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanası hüquqi şəxs kimi ləğv edilməsə də, onun fəaliyyəti dayandırılmış və onun müdiri barəsində hökm çıxarıldığından, işəgötrürən tərəfindən iddiaçı barəsində operator-kompüterçi vəzifəsində əmək müqaviləsinin xitam verilməsinə dair bildirişi gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq elektron sistemə daxil edilməsi mümkün deyil. Cavabdeh inzibati orqan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricində olduğunu, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri olmaqla bunun üçün işəgötürənə müraciət edilməli olduğunu əsas gətirərək müraciətin təminindən imtina edir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.3-2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək, bununla bağlı işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparmaq Xidmətin vəzifəsidir. 13 may 2022-ci il tarixli Qanunla Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1ci hissəsinə edilmiş dəyişikliyə əsasən: 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1.fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2.fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3.fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4.Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. Göründüyü kimi qanunvericiliyə edilmiş yeni dəyişikliklə yalnız işəgötürəni fiziki şəxs olan işçinin müraciəti əsasında yalnız həmin maddədə sadalanmış hallarda Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və belə bir xitamın elektron sistemə daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə işəgötürən fiziki şəxs deyil, hüquqi şəxsdir və həmin hüquqi şəxsin fəaliyyəti dayandırılaraq, işəgötürən kimi elektron imzaya sahib müdiri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə hökm çıxarılmışdır. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. -44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. -48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. -59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. -61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Sadalanan normalardan göründüyü kimi hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğv edildikdə xitam verilir, bununla da hüquqi şəxsin mövcudluğuna, fəaliyyətinə də xitam verilməklə ləğv barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Hazırkı halda hüquqi şəxsin fəaliyyəti dayandırılaraq, onun müdiri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə hökm çıxarıldığından, hüquqi şəxslə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə bildirişin elektron sistemə daxil edilməsini həyata keçirəcək səlahiyyətli subyektin mövcud olmadığını, eləcə də fəaliyyət göstərməyən və hüquq varisi olmayan məsləhətxanaya qarşı mülki məhkəmə icraatında iddianın qaldırılmasının mümkün olmadığını və bu halda şəxs barəsində əmək müqaviləsi bildirişi elektron sistemdə aktiv statusunda qalması onun digər hüquq və vəzifələrinin həyata keçirilməsini məhdudlaşdırdığını nəzərə alaraq məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 74.1-1.1-ci maddəsində qeyd edilmiş hal işəgötürən hüquqi şəxsin fəaliyyəti dayandırıldığı hala analogiya üzrə tətbiq olunmalı və bu zaman işəgötürənlə bağlanmış əmək müqaviləsinin hüquqi şəxsin ləğv edilməsi əsası ilə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən xitam verilmiş hesab edilməsi məsələsinə baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Beləliklə, hazırkı halda cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında fəaliyyəti dayandırılmış hüquqi şəxslə bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edərək bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparmaqdan imtina etməklə iddiaçının hüquq və qanunla qorunan mənafeyini pozmuşdur. Odur ki, iddia əsaslı olmaqla təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü İddiaçı 1 saylı Hüquq məsləhətxanası ilə qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərarın qəbul edilməsi və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlərin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2863/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2863/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver