Məhkəmə qərarları › İş №2-1(112)-2866/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2866/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2866/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ofislə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiaçının Respublika Veteran Təşkilatı kimi rəhbəri olduğu Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyinin ofislə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək qanunvericiliyin tələbləri izah edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qismində İddiaçı (Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyinin sədri) göstərilsə də, iddia ərizəsinin tələb hissəsində iddiaçı rəhbəri olduğu Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyinin ofislə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Göründüyü kimi, iddiaçı qismində Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyi göstərilməli olduğu halda, həmin Birliyin sədri İddiaçı göstərilmişdir. Həlbuki, İddiaçı Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyinin səlahiyyətli nümayəndəsi qismində çıxış edə bilərdi. Belə ki, İPM-in 25-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: 25.0.1. fiziki və ya hüquqi şəxslər; 25.0.2. dövlət orqanları və ya bələdiyyələr. İPM-in 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyi hazırkı tələblə əvvəlcə cavabdeh orqana müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçının müraciətinə cavab olaraq ona ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, münasib hesab olunan hər hansı boş və istifadəsiz qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən müəyyən edildiyi halda balanssaxlayıcının razılığı ilə icarə müqaviləsinin bağlanılması məsələsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən baxıla bilər. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyinin müraciətinin təmin edilməsindən imtina edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyinin müraciətinin təmin edilməsindən imtina edilməsi, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, məhkəmə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının (Azərbaycan Respublikası “Şəhid ailələri, Əlilləri və X1” İctimai Birliyin) müraciətinin təmin edilməsindən imtina edilməsi, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar