Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2869/2023 10.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçıların cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxs Cavabdeh cəlb olunmaqla) “uşağın doğum akt qeydində dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü övladları X2 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamədə dəyişkilik edilməsi, uşağın doğum haqqında şəhadətnaməsində “İbrahimov” soyadının əvəzinə “Hacıyev” soyadı yazılması, “Sarı oğlu” ata adının əvəzinə “Azər oğlu” ata adının yazılması, ata qrafasında “X6” əvəzinə “İddiaçı1” yazılması, ana qrafasında “X11” əvəzinə “İddiaçı2” yazılması, doğlduğu yer “Tovuz” əvəzinə “Bakı şəhəri” yazılması və övladları X4 adına “Doğum haqqında ilkin şəhadətnamə”verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ər-arvaddırlar, könüllü olaraq 1 saylı Körpələr evindən xx.xx.2017-ci il təvəllüdlü X12 2018-ci il tarixdə övladlığa götürmüşlər. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən övladları X2 adına xx.xx.2018-ci il tarixli, AZ-İ № 013578 nömrəli “Övladlığa götürmə haqqında şəhadətnamə” verilmişdir. Artıq neçə ildir ki, onlar ata-ana olaraq övladları X3 fasiləsiz, etirazsız və mübahisəsiz böyüdür, ata-ana qayğısı göstərir, onun müayinə və müalicəsi, sağlamlığı, tərbiyəsi ilə məşğul olur, gündəlik bütün tələbatlarını yüksək səviyyədə ödəyirlər. 2021-ci ildə övladlarına şəxsiyyət vəsiqəsinin alınması üçün 1 saylı ASAN xidmət mərkəzinə müraciət edən zaman əməkdaş tərəfindən uşağın doğum haqqında şəhadətnaməsində bioloji valideynlərinin adlarının dəyişdirilməməsi əsas gətirilərək “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”ndə uşağın valideynləri qrafasında iddiaçıların deyil, bioloji valideynlərinin adlarının qeyd olunacağı bildirilmişdir. İddiaçılar bu halla qəti şəkildə razı deyil, hesab edirlər ki, bu hal gələcəkdə uşaqlarının hüquqlarının məktəbdə, müxtəlif dövlət orqanlarında həyata keçirilməsi zamanı bir valideyn kimi onlara əsassız süni maneələr, əngəllər yarada bilər, uşağı övladlığa götürmələrinin sirri yayıla bilər, bununla da övladlarının psixologiyasına mənfi təsir göstərə bilər. Həmçinin, xarici ölkələrə səyahət zamanı sərhədi keçən zaman onlara süni manələr yaradıla bilər. Odur ki, iddiaçılar qeyd olunan məsələ ilə əlaqədar əvvəlcə Azərbaycan Respublikası Ədliyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə, daha sonra ərizə ilə Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə ilə müraciət etmiş, lakin Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası 23 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə iddiaçıların övladlarının soyadının, ata və ana adının, doğulduğu yerin dəyişdirilməsi barədə müraciətinə Cavabdeh nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasında baxılaraq imtina edilmişdir. İddiaçılar hesab edir ki, imtina əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh əsl cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi ilə əvəz etmiş və tələbin həcmini azaldaraq xx.xx.2017-ci il təvəllüldü övladları X2 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi, doğum haqqında şəhadətnaməsində “İbrahimov” soyadının əvəzinə “Hacıyev” soyadı yazılması, “Sarı oğlu” ata adının əvəzinə “Azər oğlu” ata adının yazılması, ata qrafasında “X6” əvəzinə “İddiaçı1” yazılması, ana qrafasında “X11” əvəzinə “İddiaçı2” yazılması və övladları X4 adına doğum haqqında ilkin şəhadətnamə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadları ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh əsl cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsi ilə əvəz, Cavabdeh isə iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdikləri sonuncu ərizədə xx.xx.2017-ci il təvəllüdlü övladları X2 adına tərtib edilmiş doğum haqqında akt qeydində dəyişkilik edilməsi, uşağın doğum haqqında akt qeydində “İbrahimov” soyadının əvəzinə “Hacıyev” soyadının yazılması, “Sarı oğlu” ata adının əvəzinə “Azər oğlu” ata adının yazılması, ata qrafasında “X7” əvəzinə “İddiaçı1” yazılması, ana qrafasında “X11” əvəzinə “İddiaçı2” yazılması və övladları X8 doğum haqqında yeni şəhadətnamə verilməsi öhdəliyinin Nəsimi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmiş, lakin iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddianın mahiyyətinə münasibət bildirmədən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirkar etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum akt qeydində dəyişiklik edilərək yeni şəhadətnamənin verilməsi ilə bağlıdır. İddiaçılar müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra müvafiq qaydada iddia qaldırmışlar. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçılarnın mövcud tələbləri ilə bağlı müraciətlərinə baxılmış və AR Nazirlər Kabinetinin 4.4-cü bəndinə, AR Ailə Məcəlləsinin 53.3-cü, 125-ci, 127-ci maddələrinə istinad edilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıların müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının övladının soyadının, ata adının, doğulduğu yerin dəyişdirilməsi ilə bağlı müraciətinə baxılmış və AR Ailə Məcəlləsinin 54.1ci maddəsinə istinad edilərək azyşaının soyadının başqa soyada, həmçinin ata və ana adının dəyişdirilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. -Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ № 747602 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 09 dekabr 2009-cu il tarixdə, 45 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. -Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(006)-4092/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X9 ərizəçilər İddiaçı1, İddiaçı2 övladlığına verilməsi, X9 doğum haqqında akt qeydləri kitabında dəyişikliklər edılərək adının «Məhəmməd» kimi qeyd olunması, doğum haqqında akt qeydləri kitabında digər məlumatların isə dəyişiklik edilmədən saxlanılması, ərizənin digər hissədə təmin edilməməsi müəyyən edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, ərizəçilər X13 və İddiaçı2 ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladlığa götürmək istədikləri xx.xx.2017-ci il təvəllüdlü uşağın Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.20218-ci il tarixli 60 nömrəli, AZE №054444 saylı doğum haqqında ilkin akt qeydində dəyişiklik edilərək onun doğum haqqında şəhadətnaməsində adının “Məhəmməd”, digər məlumatların olduğu kimi saxlanılaraq bu barədə doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. -Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ № 013578 saylı övladlığa götürmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Tovuz rayonunda doğulmuş X1 Azər Nasrullah oğlu və İddiaçı2 tərəfindən övladlığa götürülmüş, ona “Məhəmməd” adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 13 sentyabr 2018-ci il tarixdə, 17 nömrə ilə qeyd edilmişdir. -Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İV №152314 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2017-ci Tovuz rayonunda doğulmuşdur. Atası- X6, anası- X5r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 60 nömrəli qeyd aparılmışdır. Məhkəmənin sorğusu ilə Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Tovuz rayonunda doğulmuş X2 doğum akt qeydi məhkəməyə təqdim edilmişdir. Həmin akt qeydindən görünür ki, uşağın ata haqqında məlumat bölməsində X6 (xx.xx.1985-ci il təvəllüdlü), ana haqqında məlumat bölməsində X11 (xx.xx.1990-cı il təvəllüdlü) qeyd olunmuşdur. Doğum haqqında akt qeydinə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci ildə verilmiş 17 saylı övladlığa götürmə haqqında akt qeydinə əsasən dəyişiklik edildiyi barədə məlumat yazılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X14 hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 övladlığına verilmiş, qeyd olunan müvafiq məhkəmə qərarına əsasən X9 doğum haqqında akt qeydləri kitabında dəyişikliklər edilərək adı «Məhəmməd» kimi qeyd olunmuş və qeyd olunan akt qeydinə əsasən doğum haqqında şəhadətnamə verilmişdir. Övladlığa götürmə haqqında ərizəyə baxılarkən iddiaçıların Nəsimi Rayon Məhkəməsinə təqdim etdikləri tələbin dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınaraq uşağın doğum haqqında ilkin akt qeydində və doğum haqqında şəhadətnaməsində digər məlumatları dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar övladlığa götürülmə barədə sirrin qorunması və övladlarının onların soyadlarını (həmçinin ata və ana adını) daşıması istəyi ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçıların müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçılar hazırkı iddia ilə cavabdehin imtinasının mübahisələndirir. Məhkəmə gəldiyi qənaəti əsaslandırmaq üçün aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -32-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. -60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi əsaslarından biri də vətəndaşların qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirməsidir. Müddəaların 5-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə məhdudlaşdırmışdır. Həmçinin qeyd edilməlidir ki, Ailə Məcəlləsinin: -53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -53.4-cü maddəsinə görə valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. -54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. -54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 4.1-ci bəndinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir, 4.2-ci bəndinə görə isə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Hazırkı işin hallarından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Məhəmmədin hazırkı iddiaçılar tərəfindən övladlığa götürməsi prosesi başa çatmış və bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Uşağın doğum akt qeydində dəyişikliklər edilməsi ilə bağlı iddiaçılar arasında mübahisə yoxdur. Həmçinin, toplanmış sübutlarla doğum akt qeydində dəyişiklik edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsinin uşağın mənafeyinə zidd olması ilə bağlı hər hansı hal müəyyən olunmamış, cavabdeh və üçüncü şəxs tərəfindən də bununla bağlı hər hansı tutarlı dəlil təqdim edilməmişdir. Əksinə, məhkəmənin fikrincə, doğum akt qeydində iddiaçıların arzuladığı dəyişikliyin edilməməsi gələcəkdə övladlığa götürmə sirrinin pozulması ilə nəticələnə, uşağın sağlam psixoloji ailə mühitində inkişafına neqativ təsir göstərə bilər. Halbuki, Ailə Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıların arzuladığı məqsədə nail olması üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna, və iddiaçıların qanunla qorunan hüquqlarını pozan hal kimi qiymətləndirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaəti gəlir ki, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 15, 17, 19 və 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçıların xx.xx.2017-ci il təvəllüdlü övladı X2 adına tərtib edilmiş doğum haqqında akt qeydində dəyişikilik edilməsi, uşağın doğum haqqında akt qeydində “İbrahimov” soyadının əvəzinə “Hacıyev” soyadının yazılması, “Sarı oğlu” ata adının əvəzinə “Azər oğlu” ata adının yazılması, ata qrafasında “X7” əvəzinə “İddiaçı1” yazılması, ana qrafasında “X11” əvəzinə “İddiaçı2” yazılması və X8 doğum haqqında yeni şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2869/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2869/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver