Məhkəmə qərarları › İş №2-1(112)-2869/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2869/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2869/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında qeyd edilən xx.xx.1990-xx.xx.1997-ci il və xx.xx.1997-ci il tarixdən sonrakı dövrlərin əmək stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. xx.xx.1976-cı il tarixində ilk əmək fəaliyyətini Ermənistan SSR-nın Spitak rayon Kursali sovxozunda işçi kimi işə götürülmüş və xx.xx.1988-ci ildə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında başlanmış məlum səbəblərdən vətəni Azərbaycan Respublikasına köçərək (Əmr №85k xx.xx.1988-ci il) işdən azad edilmdir. Azərbaycan Respublikasında gəldikdən sonra xx.xx.1990-cı ildə (Əmr № 182 xx.xx.1990-cı il ) Bakı şəhəri Nərimanov RDİŞ-də gözətçi kimi işə qəbul olunmuş və xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Bakı Kimya-Farmasiya zavodundanda məlhəmlər sexində işə qəbul edilərək xx.xx.1997-ci ildə (Əmr №104-n xx.xx.1997-ci il) işdən azad edilmişdir. xx.xx.1997-ci ildə Azərbaycan Əczaçılar İttifaqı nəzdində fəaliyyət göstərən “Dərman bitkilərin tədarükü və istehsalatı zavodunda sex rəisi vəzifəsinə (Əmr № 28, xx.xx.1997-ci il) işə qəbul edilmiş və xx.xx.2004-cü ildə (Əmr № 04, xx.xx.2004-cü ildə) işdən azad edilmişdir. Hal-hazırda 63 (altmış üç) yaşı var və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər əmək stajı var. Bu səbəbdən cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı rəsmi müraciətlər etsə də, cavabdeh tərəfindən sonuncu olaraq xx.xx.2023-cü il tarixli № 3-17-1/2-R-219185/2023 saylı məktubla imtina edilmişdir. İmtina səbəbləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun təıtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan (işdən çıxma zamanı vurulan möhürdə və yazılan qeydlərdə kiril qrafikalı əlifbadan istifadə olunub) və xx.xx.1997-ci il tarixindən sonrakı (xx.xx.1997-ci il işə daxilolma tarixi və əmri qeyd olunmayıb) dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmaması, eyni zamanda sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2017-ci tarixindən 3 və daha çox uşaq doğulub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılıb. Cavabdeh tərəfindən yuxarıda göstərilən səbəblərə görə onun əmək kitabçasının xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan və xx.xx.1997-ci il tarixindən sonrakı dövrün kiril əlifbası ilə doldurulması və bu səbəbdən əmək stajı kimi təsdiqlənməməsi və bunun əsası kimi ona yaşa görə əmək pensiyasının təyin edilməməsi hesab edir ki, əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşçi olaraq onun funksional vəzifəsi peşə faəliyyəti ilə ilə bağlı vəzifələrinin icrasıdır. Əmək kitabçasının kiril əlifbası ilə qeyd edilməsinin əsas səbəb gətirilməsi və nəticədə həmin dövltin sığorta stajına daxil edilməməsi bir mənalı qaydada absurddur. İşçinin funksional vəzifəsi gündəlik olaraq bir başa peşə fəaliyyəti ilə məşğul olmaqdır, işçinin əmək kitabçasının doldurması və müvafiq qeydlərin aparılması bir başa işə götürənin vəzifəsidir. Xüsusi olaran qeyd edir ki, cavabdehonun əmək kitabçasında olan qeydlərin bir mənalı formada kiril əlifbası ilə qeyd edilməsi onun əmək stajının olmaması kimi qiymətləndirilməməli idi, lakin çox təəssüfki cavabdeh bu kimi qərarı haqlı olaraq vətəndaş narazılığına səbəb olur. Həmçinin qeyd edir ki, xx.xx.1990-xx.xx.1997-ci il və xx.xx.1997-ci il tarixindən sonrakı dövrün tarixlərində olan dövrlərdə onun ilə birlikdə işləyən X4, X2, X5, X3 və X7 onun cavabdehin mübahisə etdiyi dövrlərdə işləməsini sübut edə biləcək. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək xx.xx.1997-ci il tarixdən sonrakı dövrlərin sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-181296/2023 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçı N.Rəhimov tərəfindən təqdim edilmiş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan (işdən çıxma zamanı vurulan möhürdə və yazılan qeydlərdə kiril qrafikalı əlifbadan istifadə olunmuşdur) və xx.xx.1997-ci il tarixdən sonrakı (xx.xx.1997-ci il işə daxilolma tarixi və əmri qeyd olunsa da, işdən azad olma tarixi və əmri qeyd olunmamışdır) dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçının 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilərək ödənilməkdədir. Əvvəlcə məhkəmənin nəzərə çatdırmaq istəyirlər ki, cavabdehin orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-181296/2023 nömrəli imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı mübahisələndirilməyən iş stajı 13 il 01 ay 14 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İddiaçı qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları: 4. Sosial sığorta stajının hesablanması. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən təsdiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır: işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər hansı düzəlişlər edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanaların əksinə iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan (işdən çıxma zamanı vurulan möhürdə və yazılan qeydlərdə kiril qrafikalı əlifbadan istifadə olunmuşdur) və xx.xx.1997-ci il tarixdən sonrakı (xx.xx.1997-ci il işə daxilolma tarixi və əmri qeyd olunsa da, işdən azad olma tarixi və əmri qeyd olunmamışdır) dövrün doldurulma qaydası pozulmuşdur. Həmçinin bildirilmişdir ki, 22 dekabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Dili” haqqında Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası nazirlikləri, idarələri, müəssisələri, təşkilatları blanklarının, möhürlərinin, ştamplarının və ad lövhələrinin mətnləri türk dilində yazılır. Həmçinin nəzərə çatdırılmışdır ki, İddiaçı iddia ərizəsində xx.xx.2004-cü il tarixdə işdən azad edildiyini bildirsə də, əmək kitabçasında bununla bağlı hər hansı bir qeyd yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazıda isə mövcud qaydalara uyğun olmadan hazırlanmış əmək kitabçasındakı qeydlər cavabdeh tərəfindən əsaslı olaraq sosial sığorta stajına daxil edilməyərək əmək pensiyasının təyin olunmaması qanuna uyğun olmuşdur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X6 xx.xx.1960-cı il təvəllüdlüdür.

8. İddiaçının müraciətindən cavabdeh tərəfindən 21 sentyabr 2023-cü il tarixli 3- 17-1/2-R-219185/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubla imtina edilmişdir.

9. İddiaçının adına açılmış əmək kitabçasının notarial qaydada tərcümə və təsiq edilmiş surətinə əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1976xx.xx.1988-ci illər Ermənistan SSR Spitak rayon Kursali sovxozu; xx.xx.1990-xx.xx.1990cı illər Nərimanov RDİŞ; xx.xx.1990- xx.xx.1997-ci illər Bakı Kimya-Farmasiya Zavodu; xx.xx.1997-xx.xx.2004-cü il Azərbaycan Əczaçılar İttifaqı nəzdində fəaliyyət göstərən “Dərman bitkilərinin istehsalı və tədarükü” Zavodu.

10. Cavabdeh tərəfindən məhkəməyə 27 oktyabr 2023-cü il tarixli 3-17-1/2- 252614/2023 nömrəli məktubla inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********205200 nömrəli cavab məktubuna əsasən dövlət reyestrində Bakı Kimya Əczaçılıq Zavodunun xx.xx.1995-ci il tarixdə KOL-1639 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə “Dərman bitkilərinin istehsalı və tədarükü” Zavodu adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli 3-48-4/2-56/2024 nömrəli cavab məktubuna əsasən İddiaçı barəsində olan sorğuya cavab olaraq bildirirlər ki, sorğuda qeyd olunan “Bakı Kimya-Əczaçılıq” Zavodunun və Azərbaycan Əczaçılıq İttifaqı nəzində fəaliyyət göstərən “Dərman bitkilərinin istehsalı və tədarükü” zavodunun arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 3-21-3/2-975/2024 nömrəli məktuba əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 307 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Kimya Əczaçılıq zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2005-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərə çatdırırıq ki, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən Azərbaycan Əczaçılar İttifaqına Dərman bitkilərinin tədarükü və istehsalı zavodu üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2002-ci il tarixli, 001261 nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Məktubda qeyd olunan məsələlərlə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

14. xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-21922/2024 nömrəli xidməti məktuba əsasən müəyyən edilmişdir ki, xidməti məktub əsasında İddiaçı sosial sığorta stajı yenidən hesablanmışdır. Vətəndaşın xx.xx.1976-cı il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri daxil edilməklə sosial sığorta stajı 20 il 3 ay 19 gün təşkil edir. Eyni zamanda, “Azərbaycan Respublikası Nazirlər Kbainetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün doldurulması qaydası pozulduğu üçün (işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq olunub) həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

22. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən ümumi iş stajının 25 ildən az təşkil etməsinə istinad edilməklə imtina edilmişdir.

23. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməyərək mübahisələndirilən dövrlər isə iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlər (işdən çıxma zamanı vurulan möhürdə və yazılan qeydlərdə kiril qrafikalı əlifbadan istifadə olunması əsası ilə), xx.xx.1997-ci il tarixindən sonrakı (xx.xx.1997-ci il işə daxilolma tarixi və əmri qeyd olunsa da, sonrakı dövr üzrə işdən azad olma tarixi və əmri qeyd olunmayıb) dövrlər olmuşdur.

24. Məhkəmə araşdırması dövründə cavabdeh tərəfindən xidməti məktub əsasında ididaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Lakin, xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövr isə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın pozulması (işdən çıxma əmrinin kiril əlifbası ilə yazılmış möhürlə təsdiq olunması) əsası ilə iddiaçının sığorta stajına daxil edilməmişdir.

25. Göründüyü kimi, mübahisənin mahiyyəti hazırda iddiaçının xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan Bakı X1 əmək fəaliyyəti ilə bağlıdır.

26. Məhkəmə cavabdehin “İşdən çıxma əmrinin kiril əlifbası ilə yazılmış möhürlə təsdiq olunması” əsası ilə bağlı aşağıdakıları qeyd edir.

27. İlk öncə Zavodun sözügedən dövrlərdə fəaliyyətinin olması iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla təsdiq olunur və ümumiyyətlə bu məsələ cavabdeh tərəfindən də, mübahisələndirilməmişdir.

28. Əmək kitabçasında olan möhürdəki yazıların kiril qrafikası ilə olması iddiaçının qeyd olunan müəssisədə işləməməsi anlamına gəlmir. Ona görə ki, əmək kitabçasında aparılan qeydlərin ardıcıllığından da onların sonradan aparılmadığı qənaətinə gəlmək olur. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan Zavodda işləmiş, onun əmək kitabçasında olan qeydlər sonradan möhürlə təsdiq olunmuşdur ki, bu da həmin yazıların saxta olmasına dəlalət etmir. Digər tərəfdən əmək kitabçasındakı qeydlərə nəzər yetirdikdə, onların qanunvericiliyin tələblərinə uyğun olaraq doldurulduğu, qeydlərdə hər hansı bir düzəliş, qaralama olmadığı müəyyən edilmişdir. Bu da, həmin qeydlərin mötəbər kimi qiymətləndirilməsi üçün əsasdır.

30. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, işin yuxarıda qeyd edilən halları nəzərə alınmaqla həmin dövrlər iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.

31. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

32. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

35. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

36. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.

37. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006- cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

38. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

40. Beləliklə hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı son olaraq məhkəmə araşdırması dövründə 20 il 3 ay 10 gün təşkil etmiş, cavabdeh tərəfindən sonuncu mübahisələndirilmiş sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə (xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olmaqla) 6 il 11 ay 20 gün təşkil etməklə, ümumilikdə iddiaçının 27 il 3 ay əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən sonrakı (xx.xx.2004-cü il tarixədək) əmək fəaliyyəti dövrləri onun sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar