Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2870/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 2007-ci ilin dekabr ayından 2013-cü ilin sentyabr ayınadək AR DSX-nin N saylı hərbi hissəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə 1 (bir) ili 1,6 (bir il altı) ay kimi pensiyanın üzərinə yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin yanında Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat üzrə idarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi 2007-ci ilin dekabr ayından 2013-cü ilin sentyabr ayınadək AR DSX-nin N saylı hərbi hissəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə 1 (bir) ili 1,6 (bir il altı) ay kimi nəzərə alınmaqla yenilənmiş məlumat vərəqəsinin verilməsi kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci ilin avqust ayından, 2017-cı ilin aprel ayının 18-nə qədər (Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi-Əks- Kəşfiyyat Xidməti, AR MTN və AR DTX-də) hərbi xidmətdə olmuşdur. İddiaçı 2007-ci ilin dekabr ayından, 2013-cü ilin sentyabr ayınadək AR DSX-nin N saylı hərbi hissəsində xidmət etmişdir. Qeyd olunan hərbi hissədə xidmət edən hərbi qulluqçuların, xidmət illəri 1 (bir) ili 1,6 (bir il altı) ay kimi hesablanmışdır. Lakin nəməlum səbəblərdən ona pensiya hesablanarkən qeyd olunan xidmət illəri 1 (bir) gün, 1 (bir) gün kimi hesablanmış, güzəştli xidmət illəri nəzərə alınmamışdır. Buda iddiaçının pensiya təminatına mənfi təsir etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına əsasən 13 sentyabr 2004-cü il tarixinə qədər dövrü bir gün - üc gün kimi hesablanırdı. “Hərbi Qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə AR 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanuna əsasən 13 sentyabr 2004-cü il tarixdən güzəştli xidməti illəri bir gün iki gün hesablanır. Qeyd olunan güzəştli xidmət illərinin hesablanması keçmiş MTN-nin 27 mart 2004-cü il tarixli əsasnaməsinin 13-cü bəndinə, AR kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında 29 iyun 2004-cü il tarixli 711-11 Q nömrəli Qanunun 20.1 -ci maddəsində, AR hərbi qulluqçuların statusu haqqında 1991 -ci il 25 dekabr tarixli 36 nömrəli Qanunun 9.1-ci məddəsində nəzərdə tutulmuş və AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən mənə də şamil olunmalı idi. Lakin, 2007ci ilin dekabr ayından, 2013-cü ilin sentyabr ayınadək AR DSX-nın N saylı hərbi hissəsində xidmət etməyinə baxmayaraq, iddiaçının pensiya illəri hesablanarkən yuxarıda qeyd etdiyim müddətlər müvafiq qanunlara əsasən güzəştli hesablanmamış, bir gün bir gün kimi hesablanmışdır. Bununla əlaqədar olaraq tərəfimdən, 28 avqust 2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edərək pensiya illərimin yenidən düzgün hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin yanında Sosial Müdafiə Fondunun, Xüsusi şərtlərlə təyinat üzrə idarəsinə göndərilməsi və ona rəsmi cavab verilməsi xahiş olunmuşdur. Lakin bu günədək 28 avqust 2023-cü il tarixli ərizəsinə cavab verilməmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) “pensiyanın yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbi barədə iddia ərizəsi vermişdir. Daxil olmuş iddia ərizəsi ilə bağlı əlavə olunmuş məlumatlar əsasında müvafiq qaydada araşdırma aparılaraq iddia əsassız hesab olunmuşdur. Belə ki, İddiaçı xx.xx.1997-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış və 18 aprel 2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun hərbi xidmət illəri 21 il 06 ay 10 gün və ali təhsil illəri 02 il 05 ay 07 gün olmaqla cəmi xidmət illəri 23 il 11 ay 17 gün hesablanmışdır. İddiaçı həqiqi hərbi xidmət dövrlərində xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin və MTN-in müvafiq struktur bölmələrində xidməti vəzifələrini icra etmişdir. İddiaçının Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının sərhəd dəstələrinin əməliyyat təminatını həyata keçirən qurumlarda fəaliyyət göstərdiyi xx.xx.2007-xx.xx.2013-cü llərdəki xidmət illərinin güzəştli şərtlərlə hesablanmaması barədə iddiası ilə əlaqədar bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununa görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına güzəştlər onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” yarımbəndinin altıncı abzası ilə xidmətin bir ayının ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə hesablanması yalnız sərhəd mühafizəsi orqanlarının zastavalarında və onlara bərabər tutulan bölmələrdə aparılan xidmətə aid edilmişdir. Belə ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanunun 19-cu və 20-ci maddələrinə uyğun olaraq sərhəd zastavası sərhəd dəstəsinin ərazinin müəyyən sahəsində dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən bölməsidir. DTX (MTN)-nin əməliyyat heyəti bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirdiyinə və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetiridiyinə görə, onlara sözügedən güzəştlərin tətbiq edilməsi qanunvericiliklə əsaslı olaraq nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq, iddiada qeyd olunan dövrün güzəştli şərtlərlə hesablanıb uzun müddət xidmətə daxil edilməsi mümkün hesab edilmir. İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “pensiyanın yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
5. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş arayışda bildirilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixədək keçmiş MTN-də xidmətini MTN-in sərhəd dəstəsi üzrə şöbəsində aparmışdır.
6. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş arayışda bildirilmişdir ki, İddiaçı keçmiş MTN-nin müvafiq əmrli ilə 2007-ci ildən 2013-cü ilə qədər aidiyyəti sərhəd dəstəsi üzrə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. Bununla bağlı iddiaçı ehtiyata buraxılarkən onun barəsində hazırlanmış pensiya təyin etmək üçün xidmət illərinin hesabı cədvəlində qeyd olunan müddətlərdə iddiaçının vəzifədə müddətləri, eləcə də bu müddət ərzində xidmət illəri, ayları və günləri, o cümlədən güzəştli illəri qeyd olunmuş və 27 aprel 2017-ci il tarixdən iddiaçı tərəfindən imzalanaraq bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” yarımbəndinin altıncı abzasına əsasən xidmətin bir ayının ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə hesablanması yalnız sərhəd mühafizəsi orqanlarının zastavalarında və onlara bərabər tutulan bölmələrdə aparılan xidmətə aid edilir. DTX (MTN)-nin əməliyyat heyəti isə bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirir və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetirir. Beləliklə, iddiada qeyd olunan dövrün güzəştli şərtlərlə hesablanıb uzun müddət xidmətə daxil edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Həmçinin, əməliyyat sənədlərində olan məlumatların təqdim edilməsi ilə bağlı tələb ilə əlaqədar bildirilmişdir ki, AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nəticələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
12. X1 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
13. İddia tələbinin məzmunundan görünür ki, hazırki iş üzrə iddia tələbi yenilənmiş məlumat vərəqəsinin verilməsidir. 14.“Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Əmək hüququ
1. Vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. Hərbi xidmət keçdikləri dövrdə hərbi qulluqçuların hərbi xidmətdə nəzərdə tutulmayan işlərə və başqa vəzifələrin icrasına cəlb edilməsinə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada yol verilir. 15.“Sərhəd mühafizə orqanları” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələr Sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi, sərhəd hava gəmisi, əməliyyat-axtarış orqanının bölməsi, sərhəd mühafizə orqanlarının sahə müvəkkili Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz. Maddə 20. Sərhəd zastavası Sərhəd zastavası sərhəd dəstəsinin bölməsi olub ərazinin müəyyən sahəsində Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. Sərhəd zastavası ona təhkim edilmiş sahədə, öz səlahiyyətinə daxil olmayan məsələlərdən başqa, sərhəd mühafizə orqanlarını və Dövlət sərhədində Azərbaycan Respublikasının mənafeyini təmsil edir. Sərhəd zastavasının rəisi sərhəd zastavasına təhkim edilmiş sahədə sərhəd mühafizə orqanlarının ali vəzifəli şəxsidir. Sərhəd zastavasına sıra nömrəsi verilir. Maddə 36. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları, dövlət qulluqçuları və digər mülki işçiləri üçün əlavə güzəştlərin və kompensasiyaların müəyyən edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi, müvafiq icra hakimiyyəti orqanının qərarları ilə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları, dövlət qulluqçuları və digər mülki işçiləri üçün onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla bu Qanunla nəzərdə tutulan güzəştlərdən başqa digər güzəştlər və kompensasiyalar müəyyən edilə bilər. 16.“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarı:
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: b) xidmətin bir ayı ayyarım sayılmaqla: ...müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə;... ...sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində);...
17. İddiaçı xx.xx.1997-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış və 18 aprel 2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. (öz imzası ilə təsdiq etmişdir)
18. Ehtiyata buraxılarkən onun hərbi xidmət illəri 21 il 06 ay 10 gün və ali təhsil illəri 02 il 05 ay 07 gün olmaqla cəmi xidmət illəri 23 il 11 ay 17 gün hesablanmışdır. İddiaçı həqiqi hərbi xidmət dövrlərində xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin və MTN-in müvafiq struktur bölmələrində xidməti vəzifələrini icra etmişdir.
19. İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixədək keçmiş MTN-də xidmətini MTN-in sərhəd dəstəsi üzrə şöbəsində aparmışdır.
20. İddiaçı xidmətdən tərxis olunan zaman pensiya üçün xidmət illərinin hesabı ilə (xidmətin bir ayının bir aya bərabər olmaqla məhz sərhəd dəstəsi üzrə şöbədə) razılaşmış, müvafiq hesablamanı imzası ilə təsdiq etmişdir.
21. Məhkəmə hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş normanın təhlilinə əsasən xidmətin güzəştli şərtlərə aid edilməsi məhdudlaşdırılmışdır. Sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində) uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Dövlət Təhlükəsizlik Xidməti (MTN)-nin əməliyyat heyəti bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirdiyinə və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetiridiyinə görə, onlara sözügedən güzəştlərin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
22. Cavabdehin nümayəndəsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xidmətin bir ayının ayyarım sayılmasına dair müəyyən edilmiş vəzifə siyahısı və şərtlərin olmadığını bildirmişdir.
23. Odur ki, İddiaçı yuxarıda qeyd edilmiş güzəştlərin tətbiqi qanunvericiliklə müəyyən edilmiş meyarların pozulmasına və zabitlər arasında hüquq bərabərliyinin pozulmasına səbəb olacağından iddia təmin edilməməlidir.
24. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva