Məhkəmə qərarları › İş №2-1(112)-2872/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2872/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2872/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “təmir işlərinin aparılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xudu Məmmədov küçəsi, ev 21 ünvanında yerləşən həyətdə təmir işləri aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildən ünvan 1 ünvanında yaşayır. 1980-1990-cı illərdə onların həyəti hər il təmir olunurdu, hətta qarajların arxasında meydança tikilmişdir. 2005-ci ildə Bagesin binasını qanunsuz olaraq satdılar və həmin il uşaq meydançasını təmir etdilər. 2005-ci ildən sonra heç bir təmir işləri görülmədi. Kimə yazsalar da, kimə müraciət etsələr də cavab eyni olmuşdur: “Rayonda təmir işləri aparılır, nə vaxt növbə onların həyətinə çatsa, onda təmirə başlayacaqlar”. İddiaçı 20 ərizə yazdıqdan 1 il 4 ay keçdikdən sonra onların blokunun qarşısına asfalt çəkilmişdir. Ancaq yolu təmir etməkdən imtina etmişlər. Binanın həyətində keçmiş Bages binasında “Hamam Saray” adlı obyekt tikmiş, meydançada bak qoymuşlar. Hələlik yalnız kafe işləyir, sauna bağlıdır. Sauna açılan kimi iddiaçı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbini bu cəhətdən yoxlayan məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9-cu bəndində yerli icra hakimiyyəti başçısının şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində aşağıdakı səlahiyyətləri müəyyən edilmişdir: 4.2.9. müvafiq ərazidə sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək. 4.9.3. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir; 4.9.9. yaratdığı müvafiq komissiyanın rəyinə əsasən, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən etmək; 4.9.10. çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək; 4.9.14. yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək. Sadalanan normalardan müəyyən olunur ki, mövcud qanunvericilik çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması, yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarının və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlanmasını və həyata keçirməsini yerli icra hakimiyyətinin səlahiyyətinə aid etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.2.13-cü yarımbəndində 2019-2023-cü illər ərzində yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata kçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici müvafiq təmir işlərinin sakinlərin istəyinə uyğun olaraq deyil, təsdiq edilmiş proqrama uyğun ayrılmış büdcə vəsaiti çərçivəsində həyata keçirilməsini təsbit etmiş, sonuncu təsdiq edilmiş Dövlət proqramına əsasən abadlıqquruculuq işlərində ilk öncə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, iddiaçı yaşadığı mənzil yerləşən binanın, yəni Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 21 saylı evin həyətinin təmir edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh: - H-192 nömrəli, 16.07.2018-ci il tarixli cavab məktubunda X.Məmmədov küçəsi 21 saylı binanın məhəllədaxili ərazisində sakinlərin istirahəti üçün “Abad Həyət” salındığını, söhbətgahlar və oturacaqların quraşdırıldığını, binanın ətrafında xidməti ərazi üzrə 82 saylı MKİS tərəfindən sanitar təmizlik işlərinin aparıldığını; - H-5/7-124 nömrəli, 15.09.2021-ci il tarixli cavab məktubunda rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda sakinlərin istirahəti üçün nümunəvi həyətlərin salındığını, o cümlədən, Xudu Məmmədov küçəsi 21 saylı binanın təmir olunması, həyətində abadlıq işlərinin aparılması və asfalt örtüyünün vurulmasının mərhələli şəkildə Tədbirlər planında nəzərdə tutulduğunu; - H-5/6-109 nömrəli, 17.09.2021-ci il tarixli cavab məktubunda isə rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda sakinlərin istirahəti üçün nümunəvi həyətlərin salındığını, iddiaçının yaşadığı binanın ətrafında “Abad Həyət” salınmasının (oturacaqların, söhbətgahların, uşaq-əyləncə elementlərinin və işıqlandırma sisteminin quraşdırılması, asfalt örtüyünün vurulmasının) mərhələli şəkildə “Tədbirlər planı”nda nəzərdə tutulduğunu, həyətdəki ağacların budanması üçün Bakı şəhər X1 müraciət olunduğunu; -H-5/8-109/2 nömrəli, 04.10.2021-ci il tarixli cavab məktubunda rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun bir sıra ünvanlarında və bir çox yaşayış binalarının məhəllədaxili ərazilərində “Abad Həyət” layihəsi çərcivəsində yaşıllıq zolaqlarının salınması, sakinlərin istirahəti üçün söhbətgahların quraşdırılması, oturacaqların qoyulmasını, uşaq əyləncə elementlərinin və işıqlanma sisteminin qurulması işlərinin davam etdirildiyini, hal-hazırda rayon ərazisində yerləşən bəzi ünvanlarda və məhəllədaxili ərazilərdə aparılan işlərin yaxın vaxtlarda başa çatdırılması və təmiryenidənqurma işlərinin başqa ünvanlarda davam etdirilməsinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı”na uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, müvafiq sahədə istinad olunan səlahiyyətlərin həyata keçirilməsi inzibati orqana ayrılmış vəsaitə uyğun olaraq, müvafiq proqram əsasında komissiyanın rəyinə əsasən həyata keçirildiyindən yalnız çoxmənzilli binanın bir sakinin, yəni iddiaçının istəyinə uyğun təmir işlərinin aparılması iddiaçının hüquqları və dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşması baxımından mütənasib sayıla bilməz. Digər tərəfdən, iddiaçı iddia ərizəsində təmir işlərinin aparılma zərurətini binanın həyətində müxtəlif tikililərin quraşdırılması, habelə narkotik vasitədən istifadə edən şəxslərin həmin həyətə toplaşması ilə əsaslandırmışdır. Lakin iddiaçının çatmaq istədiyi bu məqsədə nail olması hazırkı iddia ilə mümkünsüzdür. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Hazırkı halda İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar