Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2872/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələbinə dair iddiası üzrə inzibati işə 20 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X3 xx.xx.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək müvafiq məbləğdə ödənişlər edilmişdir. X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.2020-ci il tarixdə iddiaçıya müraciət edərək, mərhum əri X2 xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin ona ödənilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən X2 dəfn xərci əlaqədar əmək əmək pensiyası yenidən hesablanmış və X2 ölümündən sonra kart hesabına köçürülmüş pensiya məbləğindən 600 manat dəfn xərci çıxılmışdır. İddiaçı cavabdehə 15 dekabr 2020-ci il tarixdə məktubla bildirmişdir ki, ““Əmək pensiyaları haqqında 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənilən X4 16 may 2020-ci il tarixində vəfat etmiş, lakin vaxtında Mərkəzi Filiala məlumat verilmədiyindən onun müvafiq kart hesabına xx.xx.2020ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cari ilin may (16 gün üçün) iyun və iyul ayları üzrə ümumilikdə 2701,64 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinizə əsasən yuxarıda qeyd olunan Qanunun 42.2-ci maddəsinə uyğun olaraq sizə ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 2701,64 manat məbləğindən çıxılmış, qalan 2101,64 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmışdır. Qeyd olunanlara əsasən artıq ödənilmiş 2101,64 manat borc məbləğinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılmasını xahiş edirik. Əks halda tərəfimizdən məhkəmədə iddia qaldırılacaqdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 1547,46 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 2701,64 (iki min yeddi yüz bir manat altmış dörd qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X8 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 2701,64 manat məbləğindən çıxılmış, qalan 2101,64 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Cavabdeh yaranmış 2101,64 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2020-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 2101,64 manat dövlət borcu Mərkəzi Filialın hesabına ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1 -ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində Cavabdeh mərhum həyat yoldaşının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən xx.xx.2020-ci il tarixinədək əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 1547,46 (bir min beş yüz qırx yeddi manat qırx altı qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə icasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icasında cavabdeh izahatında kartda vəsitin köçürüldüyün və istifadə edildiyini bildirdi. Əlavə olaraq izahatında bildirdi ki, həmin məbləği ancaq hissə-hissə qaytara bilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırki iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Bu cür yanaşma “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10 № li qərarında ifadə edilmiş hüquqi mövqedən irəli gəlir. Həmin qərarın 10-cu bəndində qeyd edilmişdir ki, ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Baxılan işdə də, inzibati orqan olan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində təsbit edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndəririlməyən hallarına görə cavabdehin əri X3 xx.xx.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək müvafiq məbləğdə ödənişlər edilmişdir. Pensiya məbləği aylıq 1073, 73 manat təşkil etmişdir. X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Onun ölümü barədə cavabdeh tərəfindən iddiaçıya vaxtında məlumat verilmədiyindən, may ayı üçün (16 gün), iyun və iyul ayları üzrə tam şəkildə artıq pensiya ödənilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıya müraciət edərək, mərhum ərinin xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin ona ödənilməsini xahiş etmişdir. İddiçı isə artıq ödənilmiş 2701,64 manat pensiya məbləğindən 600 manat dəfn xərcini çıxmışdır. Hazırda iddiaçı cavabdehdən artıq ödənilmiş 1547,16 manat pulu tələb edir. Məhkəmə qeyd edir ki, dispozitivlik prinsipi və məhkəmə baxışının hədləri baxımından məhkəmə irəli sürülmüş tələb əsasında (1547,16 manat pulun tututması) işə baxır və məhkəmə tələbdən kənara çıxmağa haqlı deylldir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ... 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin ərinə əmək pensiyası təyin edilmiş, cavabdehin əri hər ay mütəmadi olaraq əmək pensiyası almış, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, cavabdeh ərinin ölüm haqqında şəhadətnamənini iddiaçıya təqdim etməmiş, nəticədə iddiaçı bu barədə məlumatlı olmamış, cavabdehə məxsus kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə (2701,64 manat) köçürülmüşdür. İddiaçı yalnız xx.xx.2020-ci il tarixdə cavabdehin ərinin vəfatı ilə bağlı dəfn xərcinin ödənilməsi ilə bağlı müraciətindən sonra bu barədə məlumatlı olmuşdur. Məhkəmə iclasında cavabdeh də öz izahatında ərinin vəfat etməsinə baxmayaraq ona məxsus pensiya kartına ödəniş edildiyini və həmin ödənişin tərəflərindən qəbul edildiyini etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh artıq ödənilmiş 1547,46 manat dövlət vəsaitinin geri ödənilməsini təmin etmədiyindən iddiaçı həmin vəsaitin iddiaçının hesabına ödənilməsini tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Artıq ödənilmiş 1547,46 manat vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi Cavabdeh həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2872/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2872/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver