Məhkəmə qərarları › İş №2-1(112)-2873/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2873/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2873/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17-1/2-Z-204463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərmişdir ki Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (19 il 5 ay 7 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə 2 il 3 ay)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21062,49 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ.Tərəflərin əsaslandırılması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı məktubda ümumi iş stajının hesablanması zamanı hansı illəri götürülmədiyi və səbəbləri haqqında yazılı məlumat verməyi tələb etsə də, xx.xx.2024-cü il tarixdə ərizəsinə izah verilmədən xx.xx.2024-cü il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir. İ imtina tamamilə əsassızdır. Belə ki, H3 № ******* hərbi biletinə əsasən xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək orduda xidmət etmiş və zərgərlik fəaliyyəti ilə bağlı zərərli əmək stajı 15 il 02 ay 09 gündür (xx.xx.1985-xx.xx.2000-ci il) və bu barədə arayış verilmişdir. Bundan sonra "xxxx" Firmasında xəzinədar vəzifəsində 05 il 05 ay 26 gün (xx.xx.2000-xx.xx.2005-ci il) gün, "xxxx" MMC-də müxtəlif vəzifələrdə 02 il 03 ay (xx.xx.2009-xx.xx.2012-ci il) və xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də logistika üzrə mütəxəssis vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yarandığı günədək yəni, xx.xx.2024-cü il tarixə ümumi iş stajı 25 il 16 gün təşkil edir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2024cü il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İddiaçıya aid H3 №4693100 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı şəhər İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti göstərilməsi İdarəsi Dəqiq mexanizmlərin təmiri zavodunun 1 nömrəli emalatxanasına quraşdırıcı zərgər köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə quraşdırıcı zərgərə 3-cü dərəcə verilmiş, xx.xx.1986-cı il tarixdə 1 nömrəli zərgərlik emalatxanasının adı dəyişdirilərək zərgərlik sexi adlandırılmış, xx.xx.1986-cı il tarixdə quraşdırıcı zərgərə 4cü dərəcə verilmiş, xx.xx.2000-ci ildə işdən azad olunmuşdur. xx.xx.2000-ci il tarixdə "xxxx" firmasında xəzinədar vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə tarixdə "xxxx" MMC-də nəzarətçi vəzifəsindən direktor vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-də direktor vəzifəsindən direktor müavini vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə logistika üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 22 il 8 ay 6 gün ümumi iş stajı olmuşdur. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid staja gəldikdə, məhkəmə qeyd edir ki, 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdə olan iddiaçının sığortaolunan hesabından çıxarışdan görünür ki, onun xx.xx.2009-xx.xx.2012-ci illərdə "xxxx" MMC-də 2 il 3 ay və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə isə "xxxx" MMC-də 1 ay 11 gün sığorta stajı vardır. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə cəmi 25 il 17 gün ümumi iş stajı mövcud olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan müddətdən artıqdır. İşdən görünür ki, cavabdeh iddiaçının stajının 25 ildən az olduğunu iddia etmiş (19 il 5 ay 7 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə 2 il 3 ay), bu zaman onun xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə "xxxx" firmasında xəzinədar işlədiyi dövrü stajına daxil etməmiş, lakin bununla bağlı hər hansı bir əsaslandırma aparmamışdır. Məhkəmə tərəfindən həmin dövrün araşdırılması ilə bağlı müvafiq soğru verilmiş, "xxxx" MMC xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, İddiaçı xx.xx.2000-ci il (Əmr № 24 - xx.xx.2000 il) tarixindən xx.xx.2005-ci il (Əmr № 45 - xx.xx.2005 il) tarixədək həqiqətən "xxxx" firmasında xəzinədar vəzifəsində işləmişdir. Göründüyü kimi, əmək kitabçasından əlavə, işəgötürənin arayışı da iddiaçının 2000- 2005-ci il tarixlərindəki əmək fəaliyyətini təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəzinədar vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa, cavabdeh əmək kitabçasında qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 2000- 2005-ci illərə aid sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən, əksinə iddaçının 2000-2005-ci illərdə həmin müəssisə tərəfindən təsdiq edildiyindən iddiaçının ümumi stajı xx.xx.2024-cü il tarixə 25 ildən artıq olmuş və o, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ikinci tələbi də ödəmişdir. İİİ tələb üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Metal emalı” adlanan XİV bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda da 11.9. Qaynar üsulla metalın üzlənməsi bölməsində zərgər və bədii məmulatları qaralayanlar vəzifəsində işləyənlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ təsbit edilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 40 nömrəli arayışından görünür ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1985-ci il tarixdən 60/k N-li xx.xx.1985-ci il tarixli əmrlə “Dəqiq Mexanizmlər Təmiri” zavoduna zərgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdən zavodun yenidən qurulması ilə əlaqədar xx.xx.1989-cu il tarixli 22/k N-li əmrlə 4-cü dərəcəli quraşdırıcı zərgər ixtisası ilə "xxxx" müəssisəsinə köçürülmüşdür. 1997-ci ildən “Zərgər" müəssisəsi "xxxx" ASC-yə çevrilmişdir. xx.xx.2000ci il tarixdən "xxxx" ASC-nin ləğvi ilə əlaqədar 02/k xx.xx.2000-ci il tarixli əmrlə işdən azad edilmişdir. İddiaçı bu müəssisələr üzrə zərgər fəaliyyəti ilə bağlı zərərli əmək stajı 15 il 02 ay 09 gündür. "xxxx" ASC “Dəqiq Mexanizmlər Təmiri” zavodunun və "xxxx" müəssisəsinin hüquqi varisidir. xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərir. Zərgər peşəsində işləmiş İddiaçı quraşdırma işlərini yerinə yetirərkən “zərgər və bədii məmulatları qaralamaqla” məşğul olmuşdur. Orqanizmə zərərli təsir edən kristal və maye halda olan kimyəvi turşulardan uzun müddət istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun 320 saylı qərarı ilə təsdiq olunmuş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısında “Metal emalı” adlanan 14-cü bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. 2№-li Siyahı Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarı ilə yenidən təsdiqlənmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2№li Siyahıda nəzərdə tutulmuş həmin sahənin peşə və vəzifələrinə uyğundur. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 15 nömrəli məktubundan görünür ki, ƏMXN-nin "xxxx" müəssisəsində zərgər peşəsində işləmiş İddiaçı təqdim etdiyi əmək kitabçası əsasında əmək şəraiti zərərli olan zərgər peşəsindəki stajına görə güzəştli şərtlə pensiya təyinatı üçün ona arayış verilmişdir. "xxxx" ASC "Zərgər” müəssisəsinin hüquqi varisi olduğuna görə həmin işçiyə arayış təqdim edilmişdir. ƏMXN-nin tabeliyində olmuş "Zərgər” müəssisəsi xx.xx.2000-ci il tarixdən özəlləşdirilməsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırmış və ləğv olunmuşdur. Bu səbəbdən həmin müəssisənin həm kadr, həm də mühasibatlıqla bağlı arxiv sənədləri saxlanılmamışdır. İddiaçı işlədiyi zərgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun 320 saylı qərarı ilə təsdiq olunmuş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısında "Metal emalı“ adlanan 14-cü bölmədə "Qaynar üsulla metalın üzlənməsi“ 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. Qeyd etdiyimiz 2№-li Siyahı Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarı ilə yenidən təsdiqlənmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2№-li Siyahıda nəzərdə tutulmuş həmin sahənin peşə və vəzifələrinə uyğundur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun xx.xx.2024-cü il tarixə 15 il 02 ay 09 gün güzəştli iş stajının olmasını bildirmiş, cavabdeh isə bu halı mübahisələndirməmişdir. Belə olan halda aydın olur ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan üçüncü şərti də ödəmişdir. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar