Məhkəmə qərarları › İş №2-1(112)-2874/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2874/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2874/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyət sənədinin və ya onun dublikatının verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departametinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət sənədinin (order, qərar, sərəncam) və ya onun dublikatının iddiaçıya verilməsinin cavabdehlərin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, İddiaçı “Babaşov Məmməd Səid oğluna məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət sənədinin (order, qərar, sərəncam) və ya onun dublikatının təqdim edilməsi barədə göstəriş verilməsi” barədə ərizəsinə (müraciətinə) cavab verilməsi öhdəliyinin Bakı Şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2-1(112)-2874/2022 saylı 17 fevral 2022-ci il tarixli Qərardada əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Yasamal Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş KT № 412481 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Babaşov Məmməd Sədi oğlu 11 iyun 1993-cü il tarixində ölmüşdür. Bununla əlaqədar, 1039 saylı xx.xx.2012-ci il tarixli vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, Babaşov Məmməd Sədi oğlunun qanun üzrə yeganə vərəsəsi kimi İddiaçı Məmməd qızı tanınmışdır. İddiaçı miras əmlakını faktiki qəbul etməklə, daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarını qeydə aldırmışdır. Lakin sonra məlum olmuşdur ki, mərhum Babaşov Məmməd Sədi oğlunun mülkiyyətində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Musabəyov küçəsi, ev 20 (əvvəlki Axundov küçəsi ev 21) ünvanında yerləşən fərdi yaşayış evinin olması aşkar edilmişdir. Lakin sözügedən əmlaka dair mülkiyyət sənədləri itirildiyindən daşınmaz əmlakı sənədləşdirmək mümkün olmamışdır. Bununla əlaqədar, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət sənədinin (order, qərar, sərəncam) və ya dublikatının iddiaçıya təqdim edilməsi üçün Bakı şəhəri İcra Hakimiyyəti, Dövlət Arxiv İdarəsinin Bakı Mlialına və Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edilmiş, lakin hazırki tarixədək ərizələrə cavab verilməmişdir. Bu səbəbdən də, iddiaçı mövcüd tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə hazırlıq icraatı iclası mərhələsində iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İİ-ЖГ№ 412481 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Babaşov Məmməd Sədi oğlu 11 iyun 1993-cü il tarixində xroniki ürək-damar çatışmazlığı səbəbindən ölmüşdür. xx.xx.2012-ci il tarixli 1039 №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı Babaşov Məmməd Sədi oğlunun qanun üzrə yeganə vərəsəsi kimi tanınmışdır. İddiaçıya sonradan mərhum Babaşov Məmməd Sədi oğlunun mülkiyyətində Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin olduğu məlum olmuş və o həmin əmlaka dair mülkiyyət hüququnun qeydə alınması istəyi ilə əmlaka dair hüquqmüəyyənedici sənədləri toplayaraq müvafiq qeydiyyat orqanına təqdim etmək niyyətində olmuşdur. Qeüyd olunan əmlak üzrə sənədlər itirildiyindən daşınmaz əmlakı sənədləşdirmək mümkün olmamış və bununla əlaqədar, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət sənədinin (order, qərar, sərəncam) və ya dublikatının iddiaçıya təqdim edilməsi üçün Bakı şəhəri İcra Hakimiyyəti, Dövlət Arxiv İdarəsinin Bakı Filialına və Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən iddiaçının sorğusuna Dövlət Arxivinin Bakı filialında sənədlərinin müvafiq icra strukturlarının (İcra Hakimiyyəti və İcraiyyə Komitəsi) qərar və sərəncamlarına uyğun saxlanıldığı, ünvanlara, ad və soyadlara görə Dövlət Arxivinin Bakı filialında hər hansı bir sənədin əldə edilməsinin imkan xaricində olduğu, vətəndaşlara mənzillərə görə verilən orderlərin Dövlət Arxivinin Bakı filialında saxlanıldığı bildirilmişdir. İddiaçının müraciətinə əsasən Qaradağ rayonu Ələt Bələdiyyəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Ələt qəsəbəsi, Musabəyov küçəsi ev 20 ( əvvəlki Axundov küçəsi ev 21 ) ünvanında yerləşən fərdi yaşayış evinin kimin adına olması və həmin fərdi yaşayış evinin qərar və ya orderin mövcudluğu barədə Ələt Bələdiyyəsində hər hansı bir məlumat yoxdur. Binəqədi rayon İcra hakimiyyəti Başçısının müavini tərəfindən iddiaçının vəkilinə ünvanlanan sorğuyua cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: “Məlumat üçün bildiririk ki, “icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Siyahısına əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanma müddəti 5 ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilir. Bildiririk ki, vətəndaş Babaşov Məmməd Sədi oğluna məxsus Qaradağ rayonu, Ələt qəsəbəsi, Musabəyov küçəsi, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə dair order (qərar) barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, İddiaçı “Babaşov Məmməd Səid oğluna məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət sənədinin (order, qərar, sərəncam) və ya onun dublikatının təqdim edilməsi barədə göstəriş verilməsi” barədə ərizəsinə (müraciətinə) cavab verilməsi öhdəliyinin Bakı Şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə tərəfindən iddia ərizəsində qeyd olunan dəlillərin araşdırılması məqsədilə müvafiq sorğular verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilən cavab məktubunda bildiririlmişdir ki, İddiaçı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş ərizəsinə əsasən keçmiş Qaradağ rayon ZDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə 1957-ci ilin arxiv sənədlərində atası Babaşov Məmməd Sədi oğluna torpaq sahəsi ayrılması barədə məlumatın olmadığına dair xx.xx.2020-ci il tarixli, BA-01001-2020 saylı, eyni məzmunlu Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Vəkil sorğusuna xx.xx.2021-ci il tarixli, BA-01489-2021 saylı cavab verilmişdir. Digər tərəfdən bildiririlir ki, keçmiş Qaradağ rayon ZDS İK-nin (indiki Qaradağ rayon İH) 1957-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vətəndaş Babaşov Məmməd Sədi oğluna torpaq sahəsi ayrılması barəsində heç bir məlumat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının məhkəməyə ünvanladığı 18 mart 2022-ci il tarixli cavab məktubunda sonuncu tərəfindən iddiaçıya fərdi yaşayış evlərinə dair sənədlərin Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı, arxivdən hər hansı sənədin əldə edilməsi üçün qeyd olunan sənədin dəqiq tarixi, nömrəsi və hansı qurum tərəfindən verildiyinin ərizədə göstərilməli olduğu bildirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərərəfindən iddiaçının nümayəndəsinə verilən sorğuya cavab məktubunda ünvan 3 ünvanında Babaşov Nazim Durasan oğlu (qeydiyyatdadır), X1 (qeydiyyatdadır), Babaşov İbrahim Nazim oğlu (qeydiyyatdadır), Babaşov Rasim Durasan oğlu (qeydiyyatsız), Babaşova İlhamə Ağaismayıl qızı (qeydiyyatdadır), Babaşova Təbarik Rasim qızının (qeydiyyatdadır) yaşadıqları barədə bildirilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir: Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Babaşov Məmməd Səid oğluna məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət sənədlərinin (order, qərar, sərəncam) və ya onun dublikatının təqdim edilməsi barədə göstəriş verilməsi” barədə ərizəsinə (müraciətinə) cavab verilməsi öhdəliyinin Bakı Şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb edir. Qeyd olunan tələblə bağlı iddiaçı inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Siyahısına əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanma müddətinin 5 il olması, siyahıda saxlanma müddətinin “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verildiyi qeyd olunmaqla iddiaçının müracitini haqlı olaraq təmin etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Babaşov Məmməd Sədi oğluna məxsus Qaradağ rayonu, Ələt qəsəbəsi, Musabəyov küçəsi, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədin müvafiq rekvizitlərini özündə əks etdirən əlamət, nömrə, tarix barədə heç bir məlumat əks etdirilməmişdir. Bu əsasla cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı ilkin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatında cavabdeh inzibati orqan tərəfindən iddiaçıya verilən cavabdan qane olmadıqlarından, başqa sözlə qeyd olunan cavab nəticəsində hər hansı qənaətbəxş nəticə əldə etmədiklərini vurğulayaraq İddiaçı “Babaşov Məmməd Səid oğluna məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət sənədinin (order, qərar, sərəncam) və ya onun dublikatının təqdim edilməsi barədə göstəriş verilməsi” barədə ərizəsinə cavab verilməsi öhdəliyinin Bakı Şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət sənədinin (order, qərar, sərəncam) və ya onun dublikatının təqdim edilməsi barədə göstərişin verilməsi kimi araşdırmış və cavabdeh inzibati orqanın imtinasını zəruri edən şərtlərin mövcudluğunun əksini təsdiq edən hər hansı sübut təqdim edə bilmədiyini müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmənin mövqeyinə görə iddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə inzibati icraat zamanı cavabdeh hüquqmüəyyənedici sənədlər barəsində məlumatın (sərəncam, order, rekvizitlər göstərilməklə) təqdim edilməməsi səbəbi ilə məsələnin həllindən imtina edilməsi əsaslı olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (maddə 24.5). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldi: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar