Məhkəmə qərarları › İş №2-1(112)-2874/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2874/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2874/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması barədə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı artıq ödənilmiş 556,93 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək mərhum atası X2 xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh atasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 1516,16 (bir min beş yüz on altı manat, on altı qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X3 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1516,16 manat məbləğindən çıxılmış, qalan 916,16 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəfimizdən Cavabdeh yaranmış 916,16 manat borcu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 916,16 manat dövlət borcu Mərkəzi Filialın hesabına ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində Cavabdeh mərhum atasının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən xx.xx.2020-ci il tarixinədək əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 556,93 (beş yüz əlli altı manat doxsan üç qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni, əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya vəsaitini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər.

3. Cavabdeh tərəfindən atasının xx.xx.2020-ci il tarixdə vəfatı ilə əalqədar iddiaçıya dəfn müavinətinin alınması ilə bağlı müraciət edilmişdir.

4. İş materiallarında olan Səbail Bələdiyyəsinin arayışına əsasən cavabdehə atası X1 dəfn xərci ödənilmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Əmək pensiyasının dayandırılması haqqında qərara əsasən X1 pensiyası xx.xx.2020-ci il tarixdə dayandırılmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Bankı xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və nümayəndəsinə verilir. Belə məlumatlar digər şəxslərə yalnız “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada verilir. "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Həmin Qanunun 41.2-ci və 41.2.12-ci maddələrim əsasən müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar məhkəmələrə məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilir. Odur ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq bank sirri təşkil edən məlumatların əldə edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarının təqdim edilməsi xahiş edilir.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasında Azərbaycan Beynəlxalq Bankı tərəfindən qərardad icra edilərək xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, X1 adına olan 6762-6111-0472-3019 saylı plastik kart vasitəsilə xx.xx.2020-ci il tarixdə "xxxx" ASCyə məxsus 283 saylı bankomat vasitəsilə aparılmış 1000 (bir min) və 265 (iki yüz altmış beş) manat məbləğində nağdlaşdırma əməliyyatlarının görüntüləri disk şəklində məhkəməyə təqdim edilir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

13. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Hazırkı iş üzrə iddiaçının tələbi artıq alınmış pensiya məbləğinin qaytarılmasıdır.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

18. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.

19. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qərarı ilə cavabdehin atasına əmək pensiyası təyin edilmiş və cavabdehin atası pensiyanı hər ay mütəmadi olaraq almış, xx.xx.2020-ci il tarixdə cavabdehin atası vəfat etmiş, iddiaçı bu barədə məlumatlı olmamış, nəticədə xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə Cavabdeh mərhum atasının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən xx.xx.2020-ci il tarixinədək əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 556,93 manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır.

20. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsi əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını tənzimləyir. Həmin maddənin tələbinə görə təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə sonrakı ayın 1-dən dayandırılır.

21. Məhkəmə qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Cavabdehin onun atasının vəfatından sonra pensiya ödənişinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Pensiya ödənişi iddiaçı tərəfindən cavabdehin atasına ödənilirdi. Cavabdehin atasının vəfatından sonra pensiya ödənişi həyata keçirilə bilməzdi. Qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Cavabdeh isə atasının vəfatı barədə məlumatlandırmaq əvəzinə, atasının vəfatından sonra da pensiyanı almaqda davam etmişdir.

23. Belə ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən X1 adına olan 6762-6111-0472-3019 saylı plastik kart vasitəsilə xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-yə məxsus 283 saylı bankomat vasitəsilə aparılmış 1000 (bir min) və 265 (iki yüz altmış beş) manat məbləğində nağdlaşdırma əməliyyatlarının görüntüləri disk şəklində təqdim edilmişdir. Həmin məlumat daşıyıcına baxış keçirilərkən sübut olunur ki, nağdlaşdırma əməliyyatlarının məhz cavabdeh tərəfindən aparılmışdır. Bu səbəbdən də iddia təmin edilməli, artıq ödənilmiş 556,93 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Artıq ödənilmiş 556,93 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyi Cavabdeh həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar