Məhkəmə qərarları › İş №2-1(112)-2874/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2874/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2874/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 avqust 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078/A ünvanında inşa olunan çox mərtəbəli binanın zirzəmisində yerləşən 20.06 kv.m qeyri yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mərhəb oğlu ünvan 2 ünvanda yaşayır. 15 fevral 2022-ci ildə "Xudafərin MMC ilə iddiaçı arasında 20.06 kv.metr qeyri yaşayış sahəsinin (qaraj) alqı satqısına dair müqavilə bağlanıb. Həmin qeyri yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çox mərtəbəli binanın zirzəmisində yerləşir. Qeyri yaşayış sahəsi (qaraj) İddiaçıya təhvil verildiyi andan o, həmin qarajdan istifadə edir. İddiaçı qeyri yaşayış sahəsini (qaraj) özəlləşdirmək və həmin sahəyə dair çıxarış almaq üçün cavabdehə müraciət edib. Cavabdeh 13 avqust 2024-cü il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edib. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2024-cü il tarixdə, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazı İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi sözügedən amlaka dair "xxxx" Məhdud Masuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müqavilə əsasında "xxxx" Azərbaycan Respublikası Qanununun 8-ci maddesində qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrinda qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzənndə mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məlumat üçün bildiririk ki, Nerimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 8(005)-318/2019 saylı qarardadı ilə "xxxx" MMC-nin adına ünvan 7 unvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası İnabati Prosessual Macəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qabul edilməsindən imtina olunması, yaxud inzibati orqanın harakati və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu asaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "Daşınmaz əmlakın dövlət reyestn haqqında" Azərbaycan Respublikası qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz amlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindan verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azarbaycan Respublikasının İnzibati Prosessual Macallasinin 35.1 va 48.2-ci maddesini rahbar tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çoxmərtəbəli binanın zirzəmisində yerləşən 20.00 kv.m qeyri-yaşayış sahəsi(qaraj) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş icraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci maddəsinə əsasən müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi təşkil edir. Müqavilənin 2.1-ci maddəsinə görə icraçı C korpusu, ümumi sahəsi 20.06 kv.m, olan qeyriyaşayış sahəsini müqavilənin 2.1-ci maddəsində göstərilmiş şərtlərlə alıcıya təhvil verir. Müqavilənin 3-cü maddəsinə müqavilənin İİ bəndinə göstərilən mənzilin və qeyri-yaşayış sahəsinin hər kv.m-nin dəyəri 1246 AZN həcmində qiymətləndirilməklə 25.000 AZN təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********41 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında C korpusu, ümumi 20.06 kv.m olan qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********90 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, 3078A məhəllə yerləşən ünvana dair Milli Qeydiyyat Sistemində məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6510/2025 nömrəli məktubu ilə təqdim edilən xx.xx.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən yerli müayinə aktında göstərilmişdir ki, daşınmaz əmlakın hüquq müəyyənedici sənəd üzrə sahəsi 20.06 kv.m, faktiki sahəsi 20.0 kv.m-dir. Daşınmaz əmlakın yerləşmə mövqeyi nümayəndənin əlində olan layihəyə uyğundur. Qaraj həyətyanı (meydança sahəsinin) altında zirzəmidə yerləşir, layihədə əksini tapmışdır. Tikilinin təsnifatı qarajdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********18 nömrəli məktubunda göstərilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hemin MMC ila notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsinin təqdim edilmesi maqsədəmüvafiqdir. "xxxx" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, or-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Müvafiq hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılcaqdır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında yerləşən yeni yaşayış binasında C korpusu, ümumi sahəsi 20.06 kv.m olan qeyri-yaşayış(qaraj) sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan sözügedən qeyri-yaşayış sahəsinin istismarına icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərildiyindən, qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeydiyyatının aparıla biləcəyi əsas gətirilməklə tələbin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli qeyri-yaşayış sahəsi(qaraj) üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. "xxxx" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. "xxxx" Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyriyaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilməmiş, lakin onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda məhkəmə təcrübəsi onların bu niyyətinə üstünlük verir, yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılır, baxmayaraq ki, qanunverici açıq şəkildə Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 178.8-ci və "xxxx" Qanunun 8.0.6-cı maddələrində yalnız MTK üzvlərinin belə bir hüquqa malik ola biləcəklərini ifadə etmişdir. İşin hallarına məhz bu mövqedən hüquqi qiymət verildikdə məlum olur ki, mübahisəli qeyri-yaşayış sahəsinə(qaraja) dair ilkin hüquqmüəyyənedici sənəd "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə olmuş, müqaviləyə əsasən sözügedən qeyri yaşayış sahəsini(qarajı) İddiaçı almışdır. Məhkəmə qeyd edir ki, qeyri-yaşayış sahəsinə dair ilkin müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Mübahisəli qeyri-yaşayış sahəsinin (qaraj) tikintisinin sifarişi üzrə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlanmış, qeyri yaşayış sahəsi(qarajın) dəyəri ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da qeyri-yaşayış sahəsini əldə edənin kooperativ üzvü kimi hərəkət etdiyinə, qeyri-yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyinə dəlalət edir ki, qeyd olunan hal da istinad edilən məhkəmə təcrübəsini şərtləndirir. Belə olan halda "xxxx" Qanunun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim olunmamasının məsuliyyəti hazırkı halda iddiaçıya aid edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə iddiaçının həmin qeyri-yaşayış sahəsi(qaraj) üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan "xxxx" Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi qeyri-yaşayış sahəsinə(qaraja) "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə(qaraja) mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ilə "xxxx" MMC inşa etdiyi qeyri-yaşayış sahəsinin (qarajın) dəyərini almaqla satmışdır. Ona görə də həmin mənzilə dair "xxxx" MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün qeyri-yaşayış sahəsinə(qaraja) mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir. Qeyd edilən dəlilin mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas olmaması ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır (Ali Məhkəmənin 2- 1(102)-3108/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2537/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2482/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı). “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış sahəsinin(qarajın) nömrəsinin göstərilməməsi mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olmur. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədi olan müqavilə yuxarıda da qeyd edildiyi kimi mahiyyət etibarı ilə podrat müqaviləsidir və həmin müqavilədə hələ tikilməkdə olan, tikintisi başa çatmamış qeyri-yaşayış sahəsi olduğundan iddiaçıya veriləcək qarajın nömrəsinin göstərilməməsi mümkündür. Buna baxmayaraq müqavilədə iddia olunan qarajın yerləşdiyi korpus, sahəsi qeyd edilmişdir. Bundan əlavə cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinədə iddia olunan qeyri-yaşayış sahəsi(qarajda) ölçmə işləri aparılmış, sahənin texniki göstəriciləri müəyyən edilmiş, qeyri-yaşayış sahəsi(qarajın) sərhəddinin şərti olduğu, yerləşmə mövqeyinin layihəyə uyğun olduğu, həyətyanı meydança sahəsinin altında yerləşdiyi, mənzilin ümumi sahəsinin hüquqmüəyyənedici sənədlər üzrə 20.06 kv.m, faktiki olaraq 20.0 kv.m olduğu qeyd edilmişdir. Başqa sözlə, iddiaçıya aid qarajı fərdiləşdirməyə imkan verən yerləşməsi və texniki vəziyyəti ilə bağlı məlumatlar qeydiyyatı aparan cavabdeh inzibati orqana məlumdur və həmin mənzillə bağlı hər hansı şəxsin mübahisəsi yoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.2-ci bəndinə görə Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə əsasən çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyriyaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Çoxmənzilli binaların hər bir mənzilinin, tərkibindəki qeyri-yaşayış sahələrinin və qeyriyaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin, qeyri-yaşayış sahəsinin və ya qeyri-yaşayış obyektinin tərkib hissəsinin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. Beləliklə, sadalanan normalardan da müəyyən olunur ki, çoxmənzilli binanın həyətyanı sahəsində, zirzəmisində yerləşən qaraj üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən qeydiyyatı aparan orqan həm də qarajın fərdiləşdirməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət yeni ünvan nömrəsi verməli və həmin ünvan üzrə qeydiyyat aparmalıdır. Odur ki, hazırkı halda müqavilədə qarajın nömrəsinin qeyd edilməməsi qeydiyyat hərəkətlərinin aparılması üçün əhəmiyyətli maneə hesab olunmadığından cavabdeh orqanın qeyd edilən imtinası da formal mülahizə kimi qiymətləndirilir. Bundan əlavə, cavabdehin iddiaya etirazında qeyd etdiyi digər bir dəlilə- Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan 7 ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına gəlincə məhkəmə qeyd edir ki, həbsin qoyulması ilə bağlı sözügedən məhkəmə aktı mübahisə predmeti olan qaraja və ya qarajın olduğu çoxmərtəbəli binaya həbsin qoyulması ilə əlaqədar deyil, binanın yerləşdiyi torpaq sahəsi ilə bağlı olduğundan bu hal binanın zirzəmisindəyerləşən, tərkib hissəsi olan qeyri-yaşayış sahəsinə(qaraja) mülkiyyət hüuqunun qeydiyyata alınmasına mane təşkil edə bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyriyaşayış sahəsi (qarajın) yerləşdiyi bina Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. "xxxx" Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə(qaraja) dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çoxmərtəbəli binanın zirzəmisində yerləşən 20.00 kv.m qeyri-yaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çoxmərtəbəli binanın zirzəmisində yerləşən 20.00 kv.m qeyri-yaşayış sahəsi (qaraj) üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar