Məhkəmə qərarları › İş №2-1(112)-2875/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2875/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2875/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndisenergetik, işləmir), cavabdehin nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas,vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı ailə başçısının itirilməsinə görə mərhum X1 aldığı pensiyanın 80% miqdarında 01.07.2013-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı yığılmış borcun birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı ailə başçısının itirilməsinə görə mərhum X1 aldığı pensiyanın 80% miqdarında 01.07.2013-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı yığılmış borcun birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2-1(81)-1352/2019 saylı qərarına əsasən iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ailə başçısının itirilməsinə görə mərhum X1 aldığı pensiyanın 80 faizi miqdarında təyin edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı yığılmış borcun ödənilməsi cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddiası təmin edilmişdir. Qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh qərarı aldıqdan sonra ona mərhum X1 aldığı pensiyanın 80 faizi miqdarında təyin etmişdir. Sadəcə hansı tarixdən təyin edilməsi və hansı tarixdən yığılmış borcun hesablanması məsələsi məhkəmə qətnaməsi ilə müəyyən edilmədən açıq qalmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldığı üçün əlavə qərar çıxarılması və qərar qismən icra edildiyi üçün qərarın izah edilməsi mümkün olmamışdır. Bununla bağlı yenidən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək , ona ailə başçısının itirməyinə görə əmək pensiyasının hüququnun yarandığı gündən, yəni 01.07.2013-cü ildən təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinin icrasında imtina edərək, onun hüququnun 01.07.2017-ci ildən yarandığını bildirmişlər. İddiaçının mərhum həyat yoldaşı X1 24.01.2010-cu il tarixdə ölümündən sonra iddiaçıya onun mərhum ərinin aldığı pensiyasının 35 faizi miqdarında, yəni 359 manat ailə başçısının itirilməsi görə əmək pensiyası təyin edilmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək, ona ailə başçısının itirilməsinə görə mərhum ərinin aldığı pensiyanın 80 faiz miqdarında təyin edilməsi və yığılmış borcun ödənilməsini xahiş edib. Ailə başçısını itirməyə görə vəfat etmiş şəxsin aldığı pensiyanın 80 faizi miqdarında təyin edilməməsi və yığılmış borcun ödənilməməsi qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdiş Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İ 397722 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X5 24 yanvar 2010-cu ildə ölmüşdür. AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 02 sentyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubuna əsasən, iddiaçının 30.07.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli 2-1(102)-2958/2019 nömrəli Qərarına əsasən əmək pensiyası yenidən hesablanaraq 1 dekabr 2019-cu il tarixindən etibarən mərhum həyat yoldaşı təminat xərcliyinin (1230,20 manat) 80 faizi 984,16 manat məbləğində əmək pensiyası müəyyən edilmiş, eyni zamanda keçmiş müddət üçün (01.07.2017-30.11.2019) hesablanmış 13442,72 manat fərq məbləği 29 dekabr 2019-cu il tarixindən etibarən hissə-hissə əmək pensiyası üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinə edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq, 01 iyul 2017-ci il tarixindən etibarən hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Sözügedən dəyişiklik 01.07.2017-ci il tarixindən qüvvədə olduğundan əmək pensiyası mərhum K.A.Kərimovun təminat xərcliyinin 80 faizi miqdarında pensiya hüququnun yarandığı 01.08.2013-cü il tarixindən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. X4 aid olan 000553 nömrəli pensiya uçot vərəqinə əsasən, ona 05.04.2003-cü ildən pensiya təyin olunmuşdur. İddiaçı aid olan pensiya işində olan 30.07.2013-cü il tarixli qərarına əsasən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2 -ci maddəsinə müvafiq olaraq 01.08.2013-cü il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilib və ödənilir. 1433 nömrəli 24 noyabr 2017-ci il tarixli Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi” nə əsasən hərbi (xüsusi) rütbəsi ədliyyə polkovnik- leytinantı X5 05.04.2003-cü ildə xidmət müddətinə görə ehtiyata buraxılmış, onun təminat xərcliyi : vəzifə maaşına görə 410,00 manat, rütbə maaşına görə 134,00 manat xidmət illərinə görə əlavə 30 faiz 175,50 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, usta məharət dərəcsi 35 faiz 143,50 manat, rejimə görə əlavə 10 faiz 41,00 manat, cəmi 968 manat pul təminatı hesablanmışdır. 25 dekabr 2019-cu il tarixli Əmək pensiyasının yenidən hesablanması haqqında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qərarına əsasən, Ədliyyə Nazirliyinin məlumat vərəqi əsasında 01.08.2013-cü ildə təyin olunmuş ailə başçısının itirilməyə görə pensiya AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2019-cu il tarixli 2-1(102)-2958/2019 saylı qərarı əsasında yenidən hesablanmış, 01.07.2017-ci ildən 01.03.2018-ci ilədək 774,40 mansat, 01.03.2018-ci ildən 01.09. 2019 –ci ilədək 820,56 manat, 01.09.2019-cu ildən ömürlük 984,16 manat məbləği təyin edilmiş və ödənilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçının əri X5 ədliyyə orqanlarında xidmət etmiş, ona 2003-cü ildə 52 yaşından pensiya təyin edilmiş, 24 yanvar 2010-cu ildə vəfat etmiş, iddiaçıya 01.08.2013-cü il tarixdən ailə başçısının itirməyə görə mərhum X1 təminat xərcliyinin 35 faizi miqdarında pensiyaya əlavə hesablanmış, sonradan məhkəmənin qərarı əsasında təminat xərcliyinin 80 % məbləğində əlavə 2017-ci ilin iyulun 01-dən hesablanmışdır. İddiaçi 30 iyul 2020-ci il tarixdə cavabdehə müraciət edərək ailə başçısının itirməyə görə əmək pensiyasına təminat xərcliyinin 80%-i miqdarında əlavənin 01.07.2013-cü ildən təyin edilərək ödənilməsini tələb etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3 ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur, 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); Həmin Qanunun 20.17-ci maddəsində göstərilmişdir ki, bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. İşin faktiki hallarına əsasən iddiaçıya ailə başçısının itirməyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən 2013-сü ildə təyin edilmişdir. İddiaçı hərbi qulluqçular sırasından olmuş pensiyaçı mərhum əri X1 aldığı pensiyasının 80 % miqdarında əmək pensiyasını 01.07.2017-ci ildən almağa başlamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilməsi ilə bağlı dəyişiklik 01.07.2017-ci ildən qüvvəyə minmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1.ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, iddiaçının ona təyin edilmiş ailə başçısının itirməyə görə əmək pensiyasının 2013-cü ildən yenidən hesablanaraq ödənilməsi tələbi yuxarıda qeyd edilən qanun normalarının tələblərinə uyğun deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1.-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2. –ci maddəsinə əsasən Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı ailə başçısının itirilməsinə görə mərhum X1 aldığı pensiyanın 80% miqdarında 01.07.2013-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı yığılmış borcun birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı ailə başçısının itirilməsinə görə mərhum X1 aldığı pensiyanın 80% miqdarında 01.07.2013-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı yığılmış borcun birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində (Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən) Bаkı Аpеllyаsiyа Məhkəməsinin İnzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar