Məhkəmə qərarları › İş №2-1(112)-2875/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2875/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2875/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin 14 avqust 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çox mərtəbəli binanın zirzəmisində yerləşən 18.0 kv. metr sahəsi olan 35 saylı qaraj (qeyri yaşayış sahəsi) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi X2 vasitəsilə) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çox mərtəbəli binanın zirzəmisində (yeraltı avtodayanacaq tikilisində) yerləşən 17.6 kv. metr ölçülü 32 saylı qeyri-yaşayış sahəsi (qaraj) üzərində İddiaçı xüsusi mulkiyyət huququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 noyabr 2022-ci ildə "xxxx" MMC ilə iddiaçı arasında sahəsi 18.0 kv. metr olan 32 saylı qarajın (qaraj) alqı satqısına dair müqavilə bağlanıb. Həmin qeyri - yaşayış sahəsi (qaraj) Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çox mərtəbəli binanın zirzəmisində yerləşir. Qeyri - yaşayış sahəsi (qaraj) iddiaçıya təhvil verildiyi andan o, həmin qarajdan istifadə edir. İddiaçı qeyri - yaşayış sahəsini (qaraj) özəlləşdirmək və həmin sahəyə dair çıxarış almaq üçün cavabdehə müraciət edib. Cavabdeh 14 avqust 2024-cü il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edib. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Belə ki, qeyri - yaşayış sahəsinin alqı-satqısına dair müqavilə hazırda qüvvədədir, hər hansı dövlət orqanı tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sözügedən əmlaka dair "xxxx" MMC tərəfindən verilmiş müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx"MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qarajın sənəd üzrə ölçüsü 18 kv. m göstərilsə də, faktiki 17.6 kv. m təşkil edir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)- 318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 25 №-li müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, 3078 A məhəlləsində yerləşən binanın D korpusu, - 1 mərtəbə, ümumi sahəsi 18 kv. m. olan qeyriyaşayış sahəsi (qarajı) İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilə qiyməti 22 000 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, E/14 №-li maliyyə arayışında qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A məhəlləsində yerləşən yeni yaşayış binasının zirzəmi sahəsində 18,0 kv.metr sahədən ibarət 32 saylı qaraj sahəsinin ümumi dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Borcu yoxdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********64 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, 3078A ünvanında yerləşən qeyri - yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsinin təqdim edilməsi məqsədəmüvafiqdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3- cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılcaqdır”. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-4684/2025 saylı cavab məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çox mərtəbəli binanın zirzəmisində (yeraltı avtodayanacaq tikilisində) yerləşən 32 saylı qarajın sahəsi hüquqmüəyyənedici sənəd üzrə 18,0 kv.metr və faktiki olaraq 17.6 kv.metr təşkil edir. Qarajın yerləşmə mövqeyi lahiyəyə uyğundur və qarajın sərhədləri şərtidir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... - 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. ... Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: ... - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. ... Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. ... Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci -maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlınmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən qeyriyaşayış sahəsinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması müvafiq kassa mədaxil qəbzi ilə yanaşı həmçinin, maliyyə arayışı ilə təsdiq olunur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, tərəfindən verilmiş müqavilə və maliyyə arayışın mötəbərliyi hər hansı şübhə doğurmur. Belə olan halda Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə onu da bildirir ki, cavabdeh əmlakın faktiki ölçüsünün 17,6 kv.m olduğunu bildirmişdir ki, hüquqmüəyyənedici sənəddə məhkəmə hesab edir ki, ölçünün 18,0 kv.m göstərilməsi iş üzrə yekun nəticəyə gəlinməsində hər hansı əhəmiyyət daşımır. Belə ki, mövcud əmlaka çıxarış 17,6 kv.m ölçüdən artıq olmadığı təqdirdə faktiki ölçülər nəzərə alınmaqla verilməlidir ki, həmin halla bağlı mübahisənin olmadığı nəzərə alınmaqla iddia tələbinin göstərilən formada təmini üçün hər hansı maneə mövcud olmadığından, qeyd edilən məsələ qərar qüvvəsini aldıqdan sonra icra mərhələsində həll edilə bilən hal olduğundan, məhkəmə 18,0 kv.m ölçüdən artıq olmadığı halda faktiki ölçünün 17,6 kv.m olmasına münasibətdə əlavə araşdırmağa ehtiyac duymadan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasına dair tələbə hazırkı formada baxılmalı olması qənaətindədir. Bundan əlavə, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, oxşar hüquqmüəyyənedici sənədlər əsasında cavabdehin tərəfindən 6 qeyri-yaşayış sahəsi (qaraj) dövlət qeydiyyatı həyata keçirilmişdir. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci, 69-cu, 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078/A ünvanında inşa olunan çox mərtəbəli binanın zirzəmisində (yeraltı avtodayanacaq tikilisində) yerləşən 17.6 kv. metr ölçülü 32 saylı qeyri-yaşayış sahəsi (qaraj) üzərində İddiaçı xüsusi mulkiyyət huququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar