Məhkəmə qərarları › İş №2-1(112)-2876/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2876/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2876/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X6 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun ölkə ərazisində tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyası Ali Təhsilin X12 Təhsili olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” tərəfindən 09.02.2018-ci il tarixində verilmiş diplomun tanınması və ekvivalentliyinin müəyyən edərək (nostrifikasiya) şəhadətnamənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2 il ərzində 2016-2018-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti”ndə magistr təhsil pilləsi üzrə təhsil almışdır və dövlət imtahan komissiyasının qərarı ilə “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsi ona verilmişdir. Magistr diplomunu əldə edəndən sonra 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən 30.09.2019-cu il tarixində “Volqoqrad bölgəsinin Təhsil, Elm və Gənclər siyasəti komitəsi” tərəfindən apostillə magistr diplomu təsdiqlənmişdir. Azərbaycan Respublikasına qayıdandan sonra qanunvericiliyə uyğun olaraq magistr diplomumu tanınması və nostrifikasiya məqsədilə 22.11.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət etmişdir. Diplomun nostrifikasiya edilməsi proseduru daxilində onu Bakı şəhəri, Q.Qarayev prospekti 2B ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəvət etmişdilər və video kameraların çəkilişini apararaq onu rus dilindən və təhsil üzrə aldığı fənlərdən sual-cavab etmişlər. O bütün suallara cavab vermiş və rus dilini yüksək səviyyədə bildiyini nümayiş etdirmişdir. Həmin müsabiqədə ona bildirmişlər ki, heç bir problem yoxdur və suallara verdiyi cavabları yüksək qiymətləndirilər. Nostrifikasiya prosedurun nəticəsində qanunsuz və əsassız olaraq cavabdeh 21.04.2020-ci il tarixli, C- 127/04-TKTA nömrəli məktubla cavab verərək elektron xidməti ilə 18.02.2020-ci il tarixində məlumat verilməsi qeyd edilmişdir və həmin elektron məlumatda qeyd olunumuşdur ki, ali təhsil sənədlərin araşdırma zamanı müəyyən edilmişdir ki, “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti”nin tədris normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğuna görə diplomda görsədilən tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olduğuna əsaslanırlar. Cavabdeh onun təhsil aldığı “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti"nin tədris normativ üzrə təhsil yüklüyü ilə bağlı və həmin təhsilin aldığı formaları ilə əlaqədar “İnzibati icraat haqqında” Qanuna əsasən heç bir araşdırma aparmayıblar. Çünki araşdırma aparılsaydı sorğu əsasında təhsil aldığı müəssisədən təhsil müddətlərindən, kurslarda onun tərəfindən təqdim edilmiş məqalələrdən və müvəfəqiyyətlə verdiyi imtahanlardan məlumat əldə edə bilərdilər. Cavabdeh tərəfindən qeyd olunan imtina əsası heç bir sübut və faktla təsdiqlənmir. Əgər o təhsil yüklüyünü Rusiya Federasiyasında olduğu müddət ərzində əhatə edə bilməzdisə necə olub ki, o bütün təhsil müddəti ərzində müxtəlif fənlərdən imtahanlarda iştirak edərək müvəffəqiyyət əldə etmişdir. Bundan əlavə olaraq onun təhsil aldığı müddətə uyğun olaraq xarici pasportunda Rusiya Federasiyasına gediş-gəlişlə bağlı sərhəd xidmətinin möhüləri mövcüdur. Təhsil aldığı müddətdə digər tələbələrdən fərqlənərək elmi məqalələr onun tərəfindən hazırlanmışdır və “Novainfo” elmi jurnal tərəfindən rəsmi saytında yerləşdirilmişdir. Cavabdehin imtinası əsasız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və bu barədə ona 18.02.2020-ci il tarixində şəxsi kabineti vasitəsilə cavab məktubu göndərilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il -1 gün, İİ il - 8 gün, İİİ il - 14 gün). Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifıkasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri- təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun olmadığıı müəyyən edilmişdir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalan”nın 4.1-ci bəndinə əsasən: Bakalavr dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi, 3.2.7.3. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.4. təcrübələrdə iştirak etməsi; 3.2.7.5. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1 məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2 məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (AZE № ********) surətindən görünür ki, İddiaçı Razim qızı xx.xx.1975-ci ildə Lənkəran şəhərində doğulmuşdur. - Rusiya Federasiyası Ali Təhsilin X12 Təhsil Müəssisəsi olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” tərəfindən verilmiş qeydiyyat nömrəsi 12-ВЛ № 107718 ******* olan, 09.02.2018-ci il tarixli magistr diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması əyani, təhsil müddəti 2 il, tədris dili rus dili olmaqla “İnnovasiyalı bank strategiyaları və texnologiyaları” istiqaməti üzrə 38.04.08 Maliyyə və kredit mütəxəssis proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından uğurla keçmiş, dövlət imtiahan komissiyasının qərarı ilə ona magist dərəcəsi verilmişdir. - Qeyd olunan diploma Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 30.09.2019-cu il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. - Cavabdeh təfəndindən iddiaçıya ünvanlanmış 18.02.2020-ci il tarixli elektron məktubdan və 21.04.2020-ci il tarixli C-127/04-TKTA saylı məktubdan görünür ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş ‘Xarici dövlətlərin əii təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - İddiaçı məxsus Azərbaycan Respublikası vətəndaşının C00244134 №-li pasportunun surətindən görünür ki, İddiaçı 2016, 2017, 2018-ci illərdə Rusiya Federasiyasına giriş-çıxışı ilə bağlı qeydlər aparılmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 33/4318 №-li, 18.12.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 09.06.2016-09.06.2016, 08.02.2017-12.02.2017, 04.06.2017-08.06.2017, 10.01.2018-24.01.2018-ci illər ərzində Rusiya Federasiyası istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında giriş çıxış məlumatları qeydə alınmışdır. - MAKA Ekologiya İnstitunun direktoru B.H.Əliyev və MAKA X2 Təşkilatının sədri H.F.Fətdayev tərəfindən imzalanmış xasiyyətnamədən görünür ki, İddiaçı 1993-cü ildə Lənkəran Dövlət Universitetinin “Biologiya” fakultəsinə daxil olmuş və 1997-ci ildə həmin fakultənin bakalavr pilləsini bitirmişdir. 2015-ci ildə”Maliyyə və kredit” ixtisası üzrə Q.V.Pİexanov adına Rusiya İqtisad Universitetinin magistratura piləsinə qəbul olmuş və 2018-ci ildə magistraturanı müvəffəqiyətlə bitirərək “magistr” dərəcəsini almışdır. İddiaçı 2007-ci ildə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutuna kiçik elmi vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda həmin İnstitutun "Aqroekoloji Tədqiqatlar” şöbəsində şöbə rəisinin müavini vəzifəsində çalışır. O, öz ixtisası üzrə ədəbiyyatlarla işləməyi bacarır. İndiyə qədər bir neçə Beynəlxalq Konfranslarda məruzə ilə çıxış etmiş və 30 elmi məqalənin, o cümlədən ikisi Rusiya Fedarasiyasının beynəlxalq statuslu elmi jurnalında dərc olunub. İddiaçı kompyuter proqramlarında sərbəst işləməyi bacarır və İnstututda yerinə yetirılən elmi-tədqiqat işində ən nümunəvi kadrlardan sayılır. 2007- 2017-ci illər ərzində həyata keçirilən illik hesabatların məsul icraçısı olmuşdur. 5 xarici dil bilir. Rus, ingilis, fars dillərini əla, ərəb və türk dillərini isə orta səviyyədə bilir. İddiaçı işlədiyi dövrdə üzərinə düşən tapşırıqların öhdəsindən vaxtında, məsuliyyətli və yaradıcı şəkildə gəlmişdir. O, institutda işlədiyi müddət ərzində özünü çalışqan, bilikli, məsuliyyətli və təşəbbüskar işçi kimi göstərmişdir. İntellektual səviyyəsi və yüksək mədəniyyəti ilə seçilən İddiaçı kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Nizam-intizamlıdır. İşlədiyi müddət ərzində heç bir inzibati cəzası yoxdur. İnstitutun ictimai işlərində yaxından iştirak edən İddiaçı Milli X5 Azərbaycan Partiyasının Ərazi Təşkilat Komitəsində İdarə Heyətinin üzvü, sonralar isə Qadınlar Şurasının sədrinin müavini vəzifəsində çalışmışdır. Hal- hazırda YAP Gənclər Birliyinin üzvüdür. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutu tərəfindən verilmiş 30.06.2016-cı il tarxili, 108/K №-li, 06.02.2017-ci il tarixli, 21/K №-li, 29.06.2018ci il tarixli, 87/K №-li əmrlərdən görünür ki, “Meşə eko sistemlərinin aerokosmik monitorinqi” şöbəsinin aparıcı elmi işçisi İddiaçı Ramiz qızına 04.07.2016-cı il tarixindən 06.08.2016-cı il tarixinə kimi, 08.02.2017-ci il tarixindən 13.03.2017-ci il tarixinə kimi 10.07.2018-ci il tarixindən 14.08.2018-ci il tarixinə kimi əmək məzuniyyətləri verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutu tərəfindən verilmiş 23.05.2016-cı il tarixli, 81/K №-li, 30.05.2017-ci il tarixli, 73/K №-li, 14.12.2017-ci il tarixli, 157/K №-li təhsil məzuniyyəti haqqında əmrlərdən görünür ki, “Meşə eko sistemlərinin aerokosmik monitorinqi” şöbəsinin aparıcı elmi işçisi İddiaçı Ramiz qızına 02.06.2016-cı il tarixindən 10.06.2016-cı il tarixinə kimi, 01.06.2017-ci il tarixindən 01.07.2017-ci il tarixinə kimi, 28.12.2017-ci il tarixindən 01.02.2018-ci il tarixinə kimi ödənişli təhsil məzuniyyəti verilmişdir. - Rusiya Federasiyası Ali Təhsilin X12 Təhsil Müəssisəsi olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” Volqoqrad filialının 17.12.2020-ci il tarixli, 05/3-28 №-li arayışın tərcümə edilmiş surətindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı həqiqətən Q.V.Plexanov adına RİU Volqoqrad filialında 30.04.08 Maliyyə kredit hazırlığı istiqaməti üzrə büdcədənkənar ali təhsil bazasında qiyabi təhsil almışdır. X12 Təhsil Müəssisəsi olan “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” Volqoqrad filialına 25 sentyabr 2015-ci il tarixli ***-**** №-li qəbul olma əmri, 08 fevral 2018-ci il tarixli 396-638 №-li xaric olma əmri. Təhsilini bitirdikdən sonra 38.04.08 Maliyyə kredit istiqaməti üzrə magistr dərəcəsi əldə etməklə 09.02.2018-ci il tarixli, 12 ВЛ qeydiyyat nömrəli ali təhsil haqqında dövlət nümünəli 107718 ******* saylı diplom verilmişdir. - X7 Agentliyi təfəndindən məhkəməyə ünvanlanmış 12.04.2021-ci il tarixli, 00-03- 123/TKTA №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramfna əsasən, ölkəmizdə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir və əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Eyni zamanda, həmin Qərara əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftə olmaqla, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir. Yuxarıda göstərilənlərə əsasən bildirilmişdir ki, “tələb olunan müddət” dedikdə Azərbaycan Respublikasının dövlət təhsil standartlarında nəzərdə tutulmuş tədris müddəti, “qısa müddət” dedikdə isə təhsilalanın müvafiq təhsil formasının (əyani və ya qiyabi) normativi üzrə tədris yükünü yerinə yetirmək məqsədilə tədrisdə kifayət qədər iştirak etməməsi nəzərdə tutulur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli, 919-İQ №-li Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin: - 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Rusiyada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. - 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Rusiya Federasiyası verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. - 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Rusiyada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: - 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. - 8.7.2-ci bəninə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. - 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. - 8.7.6-cı bəndinə əsasən təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın: - 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. - 3.2.4-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı təhsil forması qiyabi, təhsil müddəti 2 il, tədris dili rus dili olmaqla “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti”nin “İnnovasiyalı bank strategiyaları və texnologiyaları” istiqamətində təhsil almış və Maliyyə və kredit mütəxəssis proqramını mənimsəyərək ona magistr dərəcəsi üzrə “Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti” tərəfindən qeydiyyat nömrəsi 12-ВЛ №-li, 09.02.2018-ci il tarixli qeydiyyat nömrəli diplom verilmişdir. İddiaçı təhsil dövründə tədris ili üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş 32 həftədən az müddətdə, yəni 1-ci tədris ilində 1 gün, 2-ci tədris ilində 8 gün, 3-cü tədris ilində 14 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olmuşdur. Göründüyü kimi iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyri-realdır. İddiaçı özü də təhsil aldığı müddətdə Universitetin yerləşdiyi ölkədə ailə vəziyyəti ilə bağlı qısa müddətlər ərzində olduğunu, lakin tədris proqramını yüksək səviyyədə yerinə yetirdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi, onun təhsil müddəti ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bundan əlavə yuxarıda sadalanan normalardan görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar