Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2879/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvan: Bərdə şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 4, mənzil 151; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 16 saylı Vəkil Bürosu, vəkil), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X3 (Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi, Hüquq və kadrlar sektorunun böyük məsləhətçi-hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ailə başçısını itirməyə görə təminat xərcliyini ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı xx.xx.2017-ci il tarixdən İddiaçı ailə başçısını itirməyə görə mərhum ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və xx.xx.2017-ci il tarixdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hospitalında şöbə rəisi vəzifəsində xidmət edərkən xx.xx.2014-cü il tarixdə xəstəlikdən (ürək çatışmamazlığından) vəfat etmişdir. Əri vəfat edərkən polkovnik hərbi rütbəsində xidmət etmiş, eyni zamanda respublikanın baş rentgenoloqu olmuşdur. Ailə başçısını itirdiyinə görə iddiaçıya əri M.Əsgərovun aldığı cəmi maaşın (vəzifə maaşı 785,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə əlavə 472.00 manat, məharət dərəcəsinə görə 274.75 manat və ərzaq payına görə 64 manat cəmi 1754.75 manat) 35%-i məbləğində 614,17 manat pensiya hesablanmışdır və hazırda həmin məbləği alır. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli 543- VQD saylı Fərmanı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanuna müvafiq dəyişiklik edilmişdir. xx.xx.2017-ci ildən qüvvəyə minmiş həmin dəyişikliyə görə (maddə 20.17.2) hərbi xidməti vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı xəsarət almış və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə va ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçuların sırasından olan pensiyaçıların ailə üzvülərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərclərinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər pensiya təyin edilir. Ərinin təminat xərci 1754,75 manat kimi müəyyən olunmuşdur. Təyin olunmuş pensiya isə 614,17 manatdır. 1754,75 manat təminat xərcinin isə 80% məbləği 1403,8 manatdır. Göründüyü kimi qanunun mənasına görə ailəyə ailə başçısını itirməyə görə ayda 614,17 manat deyil, 1403,8 manat pensiya hesablanmalı və ödənilməlidir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh əsassız olaraq əlavələrin hesablanmasından imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006- cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Məlumat üçün bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Belə ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, qanunun 14.1.1 - vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; 14.1.1.1 - 18 yaşına çatmamış; 14.1.1.2 - 18 yaşma çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşma çatmışdırsa, yaxud İ və ya 11 qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya xx.xx.2014-cii il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlarda nəzərə alınmaqla) 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısını itirməyə görə pensiyasının 80 faizi məbləğində yenidən təyin edilməsidir ki, buda qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanunun qüvvəyə mindiyi tarix xx.xx.2017-ci ildir. İddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və həmçinin Qanunda edilmiş dəyişiklər qüvvəsin aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci və 20.17.2-ci maddələrinə 2017-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş dəyişikliklərlə ailə başçısını itirməyə görə əmək pensiyasının təminat xərcliyinin müvafiq olaraq, 50 və ya 35 faiz nisbətindən 80 faizə artırılması nəzərdə tutulmuşdur. Məlum olduğu kimi qanunda edilən dəyişikliklər, əgər həmin Qanunda başqa hal nəzərdə tutulmursa, qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil edilir. Yalnız iki istisna Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmiş şəxsin hüquq məsuliyyətinin aradan qaldıran və hüquqi vəziyyətini yaxşılaşdıran halları əhatə edir. Bildiyiniz kimi nazirliyin qaldırılan məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyası hüququ yaranmış və (və ya) təyin edilmiş şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyasının müvafiq 35 (50) faizdən 80-ə qaldırılması Konstitusiyada göstərilən hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Çünki, şəxsin müvafiq pensiya almaq hüququ göstərilən tarixdən əvvəl də mövcud olmuş və bu hüququn reallaşdırılmasında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.76-cı maddəsinə əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə— ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ildən qüvvəyə minən dəyişikliyə əsasən hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə, ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda isə həmin məbləğə çatdırılmaqla müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2017-ci il tarixdək qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən isə hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə— ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, hazırkı mübahisə üzrə tətbiq edilməli olan hüquq normasının zamana görə qüvvəsi ilə bağlı ziddiyyətli məqamlar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasənfiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Qanunvericiliyin qeyd edilən normalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu iş üzrə İddiaçı vəziyyətini yaxılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına xx.xx.2017-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsi İddiaçı vəziyyətini yaxılaşdırdığı üçün həmin maddənin tələbləri əsas götürülməklə iddiaçıya mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanununvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 01 iyul 2017-ci il tarixdən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 01 iyul 2017-ci il tarixdən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2879/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2879/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver