Məhkəmə qərarları › İş №2-1(112)-2879/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2879/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2879/2021 05.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 (Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu qəsəbə ərazi dariəsi ünvanında İddiaçınun (Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X6 (hüquq məsələləri və məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi-hüquqşünas, ünvan 3 ünvanında qeydiyyatd olan) iştirakıilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, son üç ilin pensiyasının yenidən hesablanaraq birdəfəlik ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2879/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X1 həyat yoldaşı olmuşdur. Həyat yoldaşı Camal Mahmudov 2007-ci ildə vəfat etmişdir. İşlədiyi dövrdə təqaüd almış, hal-hazırda isə onun təqaüdünü alır. Pensiyasının hesablanmasına cavabdeh tərəfindən vaxtında baxılmadığı üçün gecikdirilmişdir. Buna görə də hesablamanın düzgün aparılaraq, pensiyasının son 3 ilinin ona birdəfəlik ödənilməsinə köməlik göstərilməsini xahiş edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-Cİ maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi yazılı izahatını məhkəməyə təqdim edərək bildirdi ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının mərhum həyat yoldaşı X3 bu günə hesablanan təminat xərcliyinin 80 faizi məbləğində, yəni 756,35 manat (təminat xərcliyi) x 80 % = 605,08 manat (pensiya məbləği) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdə 20.17.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərq məbləği həmin tarixdən hesablanaraq, ayların sayına bölünərək almış olduğu 605,08 manat əmək pensiyasının üzərinə 302,73 manat (keçmiş ayların fərq məbləği) hər ay, sonuncu tarix xx.xx.2022-ci il olmaqla ödənilməkdədir. İddiaçıya keçmiş müddətə, yəni xx.xx.2017-ci il tarixdən 6962,84 manat fərq məbləği hesablanmışdır. Yanvar 2021-ci il daxil olmaqla 3935,49 manat fərq məbləği qalmaqdadır. Sonuncu tarix xx.xx.2022-ci il olmaqla hər ay pensiya məbləğinin üzərində 302,73 manat olmaqla ödənilməkdədir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 sentyabr 2020-ci il tarixli, **********4 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, X2 1 fevral 1991-ci il tarixindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Camal Mahmudova əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilmişdir. Mərhum həyat yoldaşı Camal Mahmudovun pensiya ödənişi onun vəfat etməsi ilə əlaqədar 31 avqust 2007-ci il tarixində dayandırılmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında mövcud olan məlumatlara görə mərhum Camal Mahmudova xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində hər ay 85,09 manat olmaqla ümumilikdə 680,72 manat əmək pensiyası ödənilmişdir. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmişdir. Pensiya işinə əlavə edilmiş AZ-İ № 259489 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. Pensiya işinə əlavə edilmiş 18/1145 saylı, xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə ömürlük 209,09 manat əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ailə başçısını itirməyə görə təyin edilmiş pensiyası yenidən hesablanaraq, 605,08 manat məbləğində müəyyən edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ötən dövrlər üzrə alınmamış pensiya məbləği hissə-hissə 302,73 manat aylıq ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin birdəfəlik ödənilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, ona İdarə tərəfindən 1 may 2018-ci il tarixindən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İdarə tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, əmək pensiyanının hesablanması üçün tətbiq olunan müvafiq faiz dərəcəsi düzgün müəyyən edilməmişdir. Bununla əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin 2017-ci il 1 iyul tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq cari ilin aprel ayında əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xəcliyinin (756,35 manat) 80 faizi-605,08 manat müəyyən edilmiş, eyni zamanda 1 may 2018-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 6962,79 manat fərq məbləği cari ilin may ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla (605,08+302,73=907,81 manat) müvafiq kart hesabına köçürülür. Göründüyü kimi qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdə 20.17.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2020-ci il tarixdə ona təyin edilmiş pensiya yenidən hesablanaraq, keçmiş müddətə, yəni xx.xx.2017-ci il tarixdən 6962,84 manat fərq məbləği hesablanmışdır. Sonuncu tarix xx.xx.2022-ci il olmaqla hər ay pensiya məbləğinin üzərində 302,73 manat olmaqla ödənilməkdədir. Lakin iddiaçı ötən dövrlər üzrə yaranmış pensiya fərq məbləğinin ona hissə-hissə deyil, birdəfəlik ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçıya hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün yaranmış pensiya fərqinin ödənilməsində cavabdeh haqlı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar