Məhkəmə qərarları › İş №2-1(112)-2879/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2879/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2879/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********221900 saylı 15 avqust 2023-cü il tarixli qərarın ləğv olunması və s barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14819/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. (adi cəlbetmə) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edilir, lakin məhkəmə tərəfə yenidən iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin olduğunu izah edir. Sonradan dəqiqləşmə verilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********221900 saylı 15 avqust 2023-cü il tarixli qərarın ləğv olunması xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə **********221900 №-li qərarı qəbul etmişdir. Həmin qərara əsasən, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. İş üzrə cavabdeh tərəfindən verilmiş qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edillmiş və təqdim ediliş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Çıxarılmış qərarda vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma üzrə X5 X1 yerin təkindən faydalı qazıntıları çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5 gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmiş və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Lakin belə bir hal mövcud olmamışdır. Vergi orqanı gəldiyi nəticədə qanunun tələblərini pozaraq iş üzrə düzgün qiymətləndirmə aparmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69cu maddəsinə əsasən vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Baş idarənin vəzifəsinə aid edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X5 X1 əldə olunmuş məlumata görə yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********258700 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə **********209100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Bundan əlavə bildirilir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd edilməsi zəruri hesab edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Yuxarıda göstərilənləri nəzərə alaraq hesab olunur ki, iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********221900 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticə törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. Hazırkı iş üzrə də qərar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarın elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Belə ki, 2-1(102)-462/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati akt olan cavabdehin 21 yanvar 2021-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir. vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Cünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4- cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bununla yanaşı, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Göründüyü kimi istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Belə ki, müddətin bərpası o zaman mümkündür ki, müddət ötürülmüş sayılsın. Hazırkı halda isə müddət ümumiyyətlə ötürülməmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Riskli əməliyyatların araşdırılması barədə məktubda qeyd olunmuşdur ki, “Fəaliyyətiniz üzrə aparılmış araşdırma zamanı X5 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Qeyd edilən məsələlərlə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 (beş) iş günü ərzində saat 11:00-dan 17:00dək Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin (012) ***-**-** nömrəli əlaqə telefonu ilə əlaqə saxlanılması xahiş olunur. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənizin iştirakı ilə xx.xx.2023 il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməli olduğunuz Sizə bildirilir.” Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********221900 nömrəli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “Vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X5 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir.” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 X3 tərəfindən cavabdehə ünvanlanmış 15 noyabr 2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Agentliyə ünvanlanmış məktuba qoşma şəklində təqdim edilmiş vergi ödəyicilərinin məlumatları araşdırılmışdır. Agentliyin arxiv sənədlərinin araşdırılma zamanı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş vergi ödəyicilərinin aktiv yerin təkindən müvafiq icazə sənədi “Dağ-mədən ayırması” aktının mövcud olmadığı müəyyən edilmiş, məktubda adları qeyd edilmiş hüquqi şəxslər tərəfindən Agentliyə 5 geoloji kəşfiyyat (5 gk) statistik hesabatı təqdim edilməmişdir. Agentlik tərəfindən aktiv “Dağ-mədən ayırması” aktı olmayan fiziki və ya hüquqi şəxslərin 5 gk statistik hesabatı təsdiq edilmir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri 1.1. Bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Məhkəmə diqqətə çatdırır ki, riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. Qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.2-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Həmin bəndə əsasən, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparmasının aşkar edilməsi risk meyarı kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Cavabdeh isə yalnız yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsini qeyd etmiş və əməliyyatları əmtəəsiz kimi qiymətləndirmişdir. Vergi qanunvericiliyinə əsasən, əksi sübuta yetirilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi hüquqpozmalarının mövcudluğunu təsdiqləyən hallar və vergi ödəyicisinin təqsirinin sübut edilməsi yükü vergi orqanlarının üzərinə qoyulmuşdur. Bu halda, konkret sübutlara, hüquqi cəhətdən etibarlı dəlillərə istinad edilməli, yalnız ehtimallara və fərziyyələrə əsaslanmaqla vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi yolverilməz sayılmalıdır. Vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz həyata keçirildiyini təsdiqləyən kifayət qədər əsaslı və mötəbər sübutlar mövcud olmalıdır. Hüquqi dövriyyənin sabitliyi və vergi ödəyicilərinin qanuni gözləntiləri prinsipi nəzərə alınaraq, belə əməliyyatların süni xarakter daşıdığını göstərən konkret faktlar təqdim edilməlidir. Cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi özlüyündə vergi ödəyiciləri arasında baş tutan karyer materialları ilə bağlı əməliyyatın həqiqətən əmtəəsiz baş tutması nəticəsinə gəlməyə əsas verə bilməz. Qeyd olunan hallar, yəni icazənin olmaması və ya onun tələblərinin pozulması, yalnız yerin təkinin istifadəsi və mühafizəsi qaydalarının pozulması ilə bağlı inzibati və ya cinayət məsuliyyəti doğura bilər. Hazırkı iş üzrə müvafiq malların faktiki olaraq təqdim edilib-edilməməsi cavabdeh tərəfindən araşdırılmamışdır. Məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 15 avqust 2023-cü il tarixli, **********221900 nömrəli qərar ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 avqust 2023cü il tarixli, **********221900 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar