Məhkəmə qərarları › İş №2-1(112)-2881/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2881/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2881/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixlərədəki iş stajının ümumi iş stajına daxil edilərək ona 13 fevral 2020-ci ildən, yəni 64,5 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun "DOST" Xidmətinə müraciətinə cavab olaraq, cavabdeh 06 noyabr 2020-ci il tarixli məktubla müraciətindən imtina edərək əmək kitabçasında qeyd edilən 01 yanvar 1992-ci tarixdən 01 yanvar 2006-cı il tarixədək işlədiyi 2702 saylı X6, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti və "xxxx" ASC-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsi səbəbindən həmin illərin iş stajının düzgünlüyünü araşdırılmasının mümkün olmamasını, Qanuna müvafiq olaraq həmin illərin onun ümumi iş stajına daxil edilməməsini, təqdim etdiyi sənədlərdən 01 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajının 19 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən az olmasını göstərmişdir. Hesab etmişdir ki, cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətindən imtina etmişdir. O, 13 avqust 1955-ci ildə anadan olmuşdur. 04 fevral 1974-cü ildən Elektroməişəttexnikaları zavoduna ştampçı vəzifəsinə işə düzəlmiş, 15 avqust 1974-cü ildə işdən azad olunmuş, 12 may 1975-ci ildə hərbi xidmətə getmiş, 20 may 1977-ci ildə hərbi xidmətdən tərxis olunmuş, 18 iyul 1977-ci ildə 2702 saylı Avtodəstəyə işə düzəlmiş, 29 aprel 1980-cı ildə işdən azad olmuş, 01 iyul 1980-cı ildə Bakı elektrik maşınqayırma zavoduna işə düzəlmiş 01 sentyabr 1980-cı ildə həmin işdən azad olunmuş, 02 dekabr 1980-cı ildə Azneft İB-nə sürücü kimi işə düzəlmiş, 03 avqust 1981-ci ildə işdən azad olunmuş, 11 avqust 1981-ci ildə 2702 saylı Avtodəstəyə sürücü vəzifəsinə işə düzəlmiş, 13 aprel 1988-ci ildə işdən azad olunmuş, 03 may 1988-ci ildə Avtobus avtomobil dəstəsinə sürücü vəzifəsinə işə düzəlmiş, 16 noyabr 1988-ci ildə işdən azad olunmuş, 17 noyabr 1988-ci ildə 2702 saylı Avtodəstəyə işə düzəlmiş və bundan sonra həmin yerdə 24 oktyabr 2008-ci ilə qədər işləmişdir. Yəni onun iş stajı 01 yanvar 2006-cı ilə qədər 30 il 5 ay 8 gün və 24 oktyabr 2008-ci ilə qədər isə 33 il 3 ay 15 gün təşkil etmişdir. İşin hallarından da görünür ki, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərkən cavabdeh o hala istinad etmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə, eləcə də əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Onun 64,5 yaşının tamam olduğu vaxt o, qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Onun 25 ildən çox sosial sığorta stajına malik olmağı isə ona məxsus əmək kitabçasındakı qeydlərlə təsdiq olunur. Ona məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, o, 04.02.1974-cü il tarixdən 24 oktyabr 2008-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina edərkən 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək olan dövrün ümumi iş stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Beləliklə hazırkı iş üzrə mübahisəli məsələ 1992-2006-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də onun həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş sənədlərin arxivə təhvil verilməməsi səbəbindən həmin illərin düzgünlüyünü araşdırmaq mümkün olmaması məsələsinə münasibətdə isə bildirmişdir ki, bu hal onun təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı öz iddia ərizəsində 04.02.1974-cü il tarxidən 15.08.1974-cü il tarixədək Elektroməişət texnikaları zavodunda ştampçı, 18.07.1977-ci il tarixdən 29.04.1980-ci il tarixədək 2702 saylı X5, 01.07.1980-ci il tarixdən 01.09.1980-ci il tarixədək Bakı Elektrik Maşınqayırma zavodunda, 02.12.1980-ci il tarixdən 03.08.1981 -ci il tarixədək Azneft İB-də sürücü, 11.08.1981-ci il tarixdən 13.04.1988-ci il tarixədək 2702 saylı İcarə Avtomobil dəstədə sürücü, 03.05.1988-ci il tarixdən 16.11.1988-ci il tarixədək Avtobus avtomobil dəstədə sürücü, 17.11.1988-ci il tarixdən 24.10.2008-ci il tarixədək 2702 saylı İcarə Avtomobil dəstədə işlədiyini, 12.04.1975-ci il tarixdən 14 may 1977-ci il tarixədək hərbi xidmətdə olduğunu, 1971-1975ci illərdə təhsil aldığını və sosial sığorta stajının 24.10.2008-ci il tarixədək 33 il 3 ay 15 gün təşkil etdiyini bildirmişdir. 22 sentyabr 2020-ci il tarixdə Filiala yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmiş və 06.11.2020-ci il tarixli cavab məktubu ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan və 25 il sosial sığorta stajı tamam olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, əmək kitabçasında qeyd edilən 01.01.1992-ci il tarixdən 01.01.2006cı il tarixədək 2702 saylı X5 işlədiyi dövrün arxiv sənədləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən həmin illərin iş stajının mötəbərliyini yoxlamaq mümkün olmamış və bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi məqsədə müvafiq hesab edilməmişdir. Bundan başqa işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə 14.01.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 1992-2006-cı illərdə 2702 saylı X4, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti "xxxx" X9 Cəmiyyətinin dövlət qeydiyyatından keçibkeçməməsi, təskilati-hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə ətraflı məlumatların təqdim edilməsinə dair sorğu göndərilmiş və həmin sorğuya 29.01.2021-ci il tarixli **********98 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, 2702 saylı X6, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyətinə və "xxxx" ASC barədə heç bir dövlət müəssisə, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə dövlət əmlakının registrində qeydiyyata alınmamışdır. Bununla yanaşı 14 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 2702 saylı X5, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti "xxxx" X9 Cəmiyyətində işləyib-işləməməsi, işlədiyi təqdirdə şəxsin işə daxil olma və isdən azad olunma əmrləri, sözügedən dövrlər üzrə əmək haqqı cədvəlləri və digər məlumatların təqdim edilməsinə dair sorğu göndərilmiş və 29.01.2021-ci il tarixli, 4/118 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan müəssisənin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə ücün təhvil verilməmişdir. Yuxanda qeyd olunanlardan da göründüyü kimi İddiaçı əmək kitabçasında əks olunmuş 2702 saylı X5 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 12.05.1975-cü ildən 14.05.1977-ci ilə qədər (3 il 0 ay 3 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Bakı Energetika Texnikumu tərəfindən verilmiş C 669608 №-li, 05.04.1975-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1971-ci ildə Bakı Energetika Texnikumuna daxil olmuş və 1975-ci ildə həmin texnikumu məişətdə işlədilən elektrik cihazları ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 03 mart 1975-ci il tarixli qərarı ilə ona texnik-elektrik ixtisası verilmişdir. - İddiaçıya məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 04.02.1974-cü ildən 15.08.1974-cü ilə qədər Bakı Elektrik Məişət Cihazları Zavodu mexaniki sexə 1-ci dərəcəli ştamplayıcı (06 ay 12 gün), 20.05.1975-cü ildən 20.05.1977-ci ilə qədər Sovet ordusunda xidmət, 18.07.1977-ci ildən 29.04.1980-cı ilə qədər Bakı AVTO 2 saylı Avtomobil dəstəsində sürücü (2 il 09 ay 12 gün), 01.07.1980-cı ildən 01.09.1980-cı ilə qədər AzSSR STMN Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə (2 ay 1 gün), 20.09.1980-cı ildən 22.09.1980-cı ilə qədər 8 saylı sexdə operatorun şagirdi (2 gün), 02.12.1980-ci ildən 03.08.1981-ci ilə qədər “Azneft” birliyinin Suraxanı texnoloji nəqliyyat idarəsində sürücü (8 ay 2 gün), 11.08.1981-ci ildən 13.04.1988-ci il tarixədək Bakı NPTO 2702 saylı Avtomobil dəstəsində sürücü (6 il 8 ay 3 gün), 03.05.1988-ci ildən 16.11.1988-ci il tarixədək AZSSR ANN PUOO “RAF” mikroavtobusların Zığ avtomobil dəstəsində sürücü (6 ay 14 gün), 17.11.1988-ci ildən 24.10.2008-ci il tarixədək 2702 saylı Avtomobil dəstəsidə (Avto-Qarant ASC-də) sürücü (19 il 11 ay 8 gün) vəzifələrində vəzifələrində işləmişdir. - Həmin əmək kitabçasındakı qeydlərdən həmçinin görünür ki, “Bakı Yük Avtonəqliyyat” X2 30.09.1994-cü il tarixli, 38 saylı əmrinə və Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin 18.09.1994-cü il tarixli, 763 saylı sərəncamına əsasən 2702 saylı Avtomobil Dəstəsi 2702 saylı X6 adlandırılıb. Bakı yük avtonəqliyyat istehsalat birliyinin 09.04.97-ci il tarixli, 20 saylı əmrinə əsasən 01.01.97-ci il tarixdən 2702 saylı X6 2702 saylı Avtomobil Dəstəsi adlandırılıb (əmr 38, 10.04.97). Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 20.04.98-ci il tarixli, 660 saylı sərəncamına əsasən 2702 saylı Avtomobil Səhmdar Cəmiyyətinə çevrildiyindən onun adı "xxxx" X9 Cəmiyyəti adlandırılmışdır (əmr № 01K, 31.07.98). - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 1-3-118/3088-21 №-li, 05.05.2021-ci il tarixli məktubdan görünür ki, 2702 saylı X6, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti və "xxxx" X9 Cəmiyyətinin arxiv sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********898100 №-li, 26.04.2021-ci il tarixli məktubundan görünür ki, 03.04.2009-cu ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:2Ü********) "Azəravtonəqliyyat” Dövlət Konserni 2702 saylı avtomobil dəstəsinin hüquqi varisidir. - Həmin məktuba əlavə olunmuş "xxxx" ASC-nın yeni redaksiyada nizamnaməsindən və qeydiyyat sənədlərindən görünür ki, cəmiyyət keçmiş dövlət müəssisəsi olan “Azəravtonəqliyyat” Dövlət Konserni 2702 saylı avtomobil dəstəsinin hüquqi varisidir və 25.03.1999-cu ildən qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmə ünvanladığı **********815600 №-li, 28.04.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) 27.04.2021-ci il tarixə olan məlumatlarına əsasən qeydiyyata alındığı tarixdən bu günədək fəaliyyəti dayandırılmamışdır və hal-hazırda fəaliyyəti aktivdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış **********5 №-li, 06.11.2020-ci il tarixli məktubdan görünür ki, əmək kitabçasında qeyd edilən 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi 2702 saylı X6, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti, "xxxx" X10 Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsi səbəbindən həmin illərin iş stajının düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Qanuna müvafiq olaraq həmin illər onun ümumi iş stajına daxil edilməmişdir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 19 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (19 il 5 ay) sığorta kapitalı 14424,20 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 64 il 6 ay yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının əmək kitabçasında qeyd edilən 01.01.1992-ci il tarixdən 01.01.2006cı il tarixədək işlədiyi 2702 saylı X6, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti, "xxxx" X10 Cəmiyyətinin arxiv sənədlərinin mövcud olmaması, həmin illərin iş stajının düzgünlüyünü araşdırmaq mümkün olmadığlından həmin illərin onun ümumi iş stajına daxil edilməməsi, 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 19 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən az olması, eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd edilən 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi 2702 saylı X6, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti, "xxxx" X10 Cəmiyyətinin arxiv sənədlərinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsi səbəbindən həmin illərin iş stajının düzgünlüyünü araşdırmaq mümkün olmaması barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, işlədiyi müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hərbi xidmət müddəti, eləcə də 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixinədək işlədiyi müddət nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 33 il 05 ay 26 gün ümumi iş stajı mövcuddur. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 64 yaş 6 ayı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixlərədəki iş stajının ümumi iş stajına daxil edilərək ona 64 yaş 6 ayı tamam olduğu vaxtdan, yəni 13 fevral 2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixlərədəki iş stajının ümumi iş stajına daxil edilərək ona 64 yaş 6 ayı tamam olduğu vaxtdan, yəni 13 fevral 2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar