Məhkəmə qərarları › İş №2-1(112)-2881/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2881/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2881/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Fatimə Mirələskər qızının iştirakları ilə, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 2017-2020-ci illərdə Rusiya Federasiyası Prezidenti yanında X8 və X3 “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil almış və ona bu barədə 27 oktyabr 2020-ci il tarixli, 107724 ******* nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli elektron məktubla iddiaçının müraciəti təmin edilməmiş və bildirilmişdir ki, ekspertiza zamanı ərizəçinin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş, bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Rusiya Federasiyası Prezidenti yanında X8 və X6 tərəfindən iddiaçıya təqdim olunmuş, 107724 ******* saylı, qeydiyyat nömrəsi 455-149/08 və verilmə tarixi xx.xx.2020-ci il olan bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən qəbul olunmuş 06 sentyabr 2021-ci il tarixli, NA00002589 saylı Qərarın əsassız və qanunsuz hesab edilməklə ləğv edilməsi və Rusiya Federasiyasının Prezidenti yanında "X7 və X6" tərəfindən iddiaçı-İddiaçı adına verilmiş, "hüquqşünaslıq" ixtisası üzrə 27 oktyabr 2020-ci il tarixli, 455-149/08 qeydiyyat nömrəli, 107724 ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ikinci ali təhsilini “Rusiya Federasiyası yanında X7 və X6”nın “hüquqşünaslıq" ixtisası üzrə almış və 2020-ci il tarixində oranı bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə, 107724 ******* saylı, qeydiyyat nömrəsi 455-149/08 və verilmə tarixi xx.xx.2020-ci il olan bakalavr diplomu iddiaçıya təqdim olunmuşdur. Sonradan 26 fevral 2021-ci il tarixində elm və ali məktəb Komitəsi tərəfindən 548381 nömrəli Təhsil müəssəsinin rəhbəri qismində çıxış edən Şamaxov V.A tərəfindən imzalanaraq həmin diplom Apostil olunmuşdur. Ali professional təhsil üzrə X9 təhsil müəssəsi “Rusiya Federasiyası Prezidenti yanında X8 və X6”nın möhür/ştampı ilə tikilərək bakalavr diplomunu 2021-ci il tarixində əldə etmişdir. Tədris dövründə hər dəfə akademiyaya gedərək təhsil almaqla məşğul olmuş və akademiyanın professor və müəllimləri tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmişdir. xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 13 saylı Vəkil Bürosunda istehsalat təcrübəsi (praktika) keçmişdir. İddiaçı rus dilində orta səviyyədə danışmaq, yazmaq və öz fikrini anlatmaq bacarığına malikdir. Odur ki, oxuduğu akademiyada keçirilən bütün fənnlər üzrə təhsil alaraq, bütün sessiya imtahanlarını müvəffəqiyyətlə başa vurmuş və “hüqüqşünaslıq” ixtisası üzrə diploma yiyələnmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtina üçün əsas kimi gətirdiyi hallar maddi hüquq normaları ilə nəzərdə tutulmuş hallardan fərqli olduğundan, bu normalarla nəzərdə tutulmadığından, cavabdeh inzibati orqanın iddiaçının mütəxəssis diplomunun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya etirazında qeyd olunmuşdur ki, iddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Prezidenti yanında X8 və X6 tərəfindən 27 oktyabr 2020-ci il tarixdə verilmiş 107724 ******* nömrəli bakalavr diplomundan görünür ki, iddiaçı 2017-ci il tarixdə Rusiya Federasiyası yanında X8 və X4 daxil olmuş, təhsil forması qiyabi olmuş, 2020-ci ildə həmin akademiyanı bitirmiş, Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi almışdır. Diplom Sankt-Peterburq şəhərində Elm və Ali Məktəb Komitəsi tərəfindən 26 fevral 2021-ci il tarixdə 548381 nömrəsi ilə apostil edilmişdir. Bundan sonra iddiaçı bu diplomun tanınması üçün cavabdehə müraciət etsə də, cavabdehin ekspert komissiyası tərəfindən onun tədris dilini bilmə səviyyəsi qənaətbəxş hesab edilməmiş və ərizəsi təmin olunmamışdır. İşdə olan elektron sistemdən çıxarışdan görünür ki, iddiaçının 2017-2020-ci illərdə təhsil aldığı müddət ərzində İ il-1 ay 12 gün , İİ il-1 ay 27 gün, İİİ il - 28 gün olmuş, cavabdeh bu müddəti məqbul qəbul etməklə sərhədkeçməyə münasibətdə müsbət rəy vermişdir. Bununla bağlı təqdim edilən xx.xx.2021-ci il tarixli Ekspert rəyində qeyd olunmuşdur ki, “iddiaçıya Rusiya Federasiyası Prezidenti yanında X8 və X6 tərəfindən xx.xx.2020-ci il tarixində təqdim olunmuş 107724 ******* nömrəli diplom əlavəsinin 5-ci hissəsinə əsasən müəyyən olunur ki, ərizəçi qiyabi formada təhsil almışdır. Rusiya Federasiyası Prezidenti yanında X8 və X6 tərəfindən xx.xx.2020-ci il tarixində təqdim olunmuş 107724 ******* nömrəli diplom əlavəsinə əsasən onun sözügedən ali təhsil müəssisəsinə 2000-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dövlət Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə təqdim edilmiş ali təhsil haqqında sənəd əsasında qəbul olunduğu və buna görə də təhsil müddətinin 3 il olmaqla 2017/2018, 2018/2019, 2019/2020-ci tədris illərini əhatə etməsi müəyyən edilir. İddiaçı təhsil aldığı ölkədə olması müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: İ il-1 ay 12 gün , İİ il-1 ay 27 gün, İİİ il - 28 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünün yerinə yetirməsi mümkündür və tədris yükünün iddiaçı tərəfindən yerinə yetirilmə müddəti ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil etmir.” İddiaçının əldə etdiyi ixtisasın ekvivalentliyi də müəyyən olunmuş və bununla bağlı xx.xx.2021-ci il tarixli Ekspert rəyində qeyd olunmuşdur ki, Rusiya Federasiyası Prezidenti yanında X8 və X6 tərəfindən xx.xx.2020-ci il tarixində təqdim olunmuş 107724 ******* nömrəli diplom əlavəsində göstərilən tədris planının və proqramının məzmunu, habelə təlimin həcmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na uyğun olaraq 050206 “hüquqşünaslıq” ixtisasının bakalavriat səviyyəsi üzrə tədris olunan təhsil proqramının strukturunda müəyyən edilmiş fənnlərin siyahısı və təlimin həcmi ilə uyğunluq təşkil edir. Lakin cavabdeh iddiaçının rus dilini bilmə səviyyəsini yoxlamış və keçirdiyi müsahibənin nəticəsini mənfi qiymətləndirmişdir. Bununla bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli Ekspert rəyində qeyd olunmuşdur ki, “İddiaçı ona şifahi qaydada cavablandırılması üçün verilən müxtəlif suallara cavab verərkən fikirini qısa şəkildə ifadə etmiş, bir sıra sualları anlamaqda çətinlik çəkməklə yanaşı fikrini sadə və müxtəsər cümlələrlə ifadə etməyə üstünlük vermişdir. Nitqində mövzunun məzmununa təsir edəcək bir sıra səhvlərə yol vermişdir. İddiaçı ona yazılı qaydada cavablandırılması üçün verilən sualın məzmununu tam başa düşməmiş, suala uyğun olmayan istiqamətdə cavab vermişdir. İddiaçının rus dilində lüğət ehtiyatının məhdud olması onun xarici dildə olan nitqi yalnız dinləyib anlaması, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi onun tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş olmamasına, aldığı kvalifikasiyaya dair produktiv deyil, reseptiv nitq səviyyəsinə malik olmasına əyani sübutdur. Qeyd olunanlara əsasən iddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunsuzluq təşkil etməsi müəyyən edilmişdir. Belə ki, bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil etməyi, fəaliyyət və təhsil sahəsi ilə bağlı yeni problemlər aşkar etməyi və onların müxtəlif həll yollarını təhlil etməyi və qiymətləndirməyi, fəaliyyət və təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən az bir xarici dildə şifahi və yazılı şəkildə izah etməyi, həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarmalıdır ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir. İddiaçının tədris dilini bilmə səviyyəsi reseptiv səviyyəyə uyğun gəlir ki, bu da ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir.” Sonuncu ekspret rəyinə uyğun olaraq iddiaçıya yekundə imtina cavabı verilmişdir. Məhkəmə cavabdehin imtinasının qeyd olunan əsasları ilə razılaşır. Belə ki, diploma əlavədən görünür ki, iddiaçı “rus dili”ndə təhsil almışdır. Cavabdeh orqanın ekspert qrupu tərəfindən isə müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı dili bilməsi qənaətbəxş deyil. Bu hal məhkəmə iclasında baxış keçirilmiş iddiaçı ilə aparılan müsahibənin videogörüntüləri ilə öz təsdiqini tapmışdır. Belə ki, diploma əsasən iddiaçı 3 il rus dilində təhsil alsa da, müsahibə zamanı nəinki tədris aldığı ixtisas üzrə hər hansı məsələ barədə fikir bildirə bilməmiş, heç gündəlik məişətdə istifadə olunan sözləri belə ifadə edə bilməmişdir. Belə olan halda, bilmədiyi dil üzrə iddiaçının tədris keçdiyi ali təhsil müəssisəsinin normativində nəzərdə tutulan tədris yükünü mənimsəməsinin qeyrimümkün olması aşikardır. Məhkəmə qeyd edir ki, təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi, ixtisasların ekvivalentliyinin müəyyən edilməsi isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Məhkəmə bildirir ki, bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bakalavriat səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir. Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3 və 2.21-ci bəndləri). Bu baxımdan iddiaçının təhsil aldığı dili bilməməsi onun “hüquqşünaslıq” ixtisası üzrə aldığı təhsilin məzmununa (nəzəri və təcrübi hazırlıq) uyğun gəlməsini istisna edir. Bu səbəbdən məhkəmə cavabdeh orqanın ekspert qrupunun həmin əsaslardan çıxış edərək mənfi rəy verməsi ilə razılaşır. Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın: - 1.1-ci bəndinə əsasən həmin Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. -3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.4-cü bəndə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. - 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-cı bəndə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Beləliklə də müəyyən edilir ki, iddiaçının diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən cavabdeh tərəfindən imtina olunması işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı məhkəməyə təqdim etdiyi vəsatətlərdə onunla aparılan müsahibənin video görüntülərində tutulmaların müşahidə olunduğu, verilən sual və cavabların anlaşılan olmaması, müsahibə zamanı diqqətini yayındıran kənar amillər olduğunu qeyd etmiş, məhkəmə bu halları nəzərə alaraq cavabdeh tərəfindən həmin müsahibənin yenidən təşkil edilməsinin mümkünlüyünü bildirsə də, iddiaçı yenidən onunla müsahibə keçirilməsinə razı olmamışdır. Müsahibənin videogörüntülərinə baxış zamanı iddiaçının cavabına təsir edəcək əsaslı mənfi amillər müşahidə olunmamış, iddiaçı isə yenidən müsahibədən imtina etməklə, bu dəlilini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar