Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2882/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* çıxarışı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulan qanunsuz həbsin aradan qaldırılması, mənzilin üzərinə qoyulmuş məhdudiyyətin, qadağaların götürülməsinə dair tələbinin təmin edilməsi və əmlak üzərindən həbsin götürülməsinin "xxxx" ASC və Əmlak Məsələləri üzrə Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2005-ci il tarixində onun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili üzərinə girov qoyulmuş, xx.xx.2015-ci il tarixində isə qeyd olunan əmlaka məhdudiyyət qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmiş, həmin əmlak üzərində sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* çıxarışından görünür ki, çıxarışın verildiyi tarix xx.xx.2015-ci ildir. Beləliklə məlum olur ki, mənzilin çıxarışı olmadan əmlakın üzərinə həbs qoyulmuşdur. Daşınmaz əmlakın təsvirinə, Dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, mənzilin Beynəlxalq Bank tərəfindən xx.xx.2005-ci il tarixdən girovda olması və xx.xx.2015-ci il tarixdən nəzarətə qoyulması bildirilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olaraq hər hansı bir Bank qarşısında kredit borcu və ya heç bir müqavilə, mülki öhdəlikləri yoxdur. Olmayan öhdəliyin icrası ilə bağlı onun qanuni sahibliyində olan əmlakının üzərinə həbsin qoyulması qanunsuz və əsassızdır. "xxxx" ASC qeyd olunan əmlaka dair çıxarış olmadan, xx.xx.2015-ci il tarixində heç bir əsas olmadan əmlak üzərinə nəzarət qoymuşdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Cinayət Prosessual Məcəlləsinin 18-ci maddəsinin müddəalarına zidd olaraq İddiaçı əmlakı üzərinə heç bir məhkəmə qərarı olmadan həbs qoymuşdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilən 20 avqust 2021-ci il tarixli 5042 nömrəli sorğuya əsasən, mənzillə bağlı girovun əsası olan ipoteka müqaviləsinin surətinin təqdim edilməsini xahiş etmişdir. Lakin Dövlət Reyestri Xidmətindən heç bir cavab gəlməmişdir. Beynəlxalq Bankın kreditorlarının borclarının alınması istiqamətində aparılan istintaq-təhqiqat işlərinin nəticəsində xx.xx.2015-ci il tarixdə, İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakı üzərinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2021-ci il tarixdə iddia ələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulan qanunsuz məhdudiyyətin aradan qaldırılmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11053/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11053/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanunsuz məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iş üzrə "xxxx" ASC 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11053/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11053/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 28 saylı mənzil üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/113m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu nəzərə alınmaqla müvəqqəti nəzarət qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilib-edilməmə məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilib-edilməmə məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2929/2930-məhəllə, Sadıqcan küçəsi, bina 1K, korpus 2, giriş 1, 28 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 010A5/274 nömrəli arayışın surətindən görünür ki, RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil Beynəlxalq Bank tərəfindən xx.xx.2005-ci il tarixdən girovdadır və xx.xx.2015-ci il tarixində nəzarət qoyulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********35 nömrəli məktubu ilə göndərilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 1K, 28 saylı mənzilə dair müvafiq sənədlərin surətindən görünür ki: - "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx.xx.2015-ci il tarixli 1 №-li protokolundan çıxarışa əsasən vətəndaş İddiaçı kooperativə üzv qəbul olunmaqla MTK-nin Bakı şəhəri, Xətai rayonu, 2929-2930-cu məhəllədə Sadıqcan küçəsi 1K (2 saylı bina) saylı 17 mərtəbəli yaşayış binasında 1-ci giriş 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 146,0 kv.m (yaşayış sahəsi 82,63 kv.m) olan 3 otaqlı 28 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Ailə tərkibi 1 nəfər. Özü İddiaçı. - "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 17/28 nömrəli maliyyə arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2929-2930-cu məhəllə, Sadıqcan küçəsi, 1K (2 saylı bina) saylı ünvanda 17 mərtəbəli binanın 1-ci girişi 15-ci mərtəbəsində yerləşən 28 saylı ümumi sahəsi 146,0 kv.m (yaşayış sahəsi 82,63 kv.m) olan 3 otaqlı mənzilinin dəyərini tam ödəmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xx.xx.2021-ci il tarixli, 3-11/2823 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 9 nömrəli mənzilə dair "xxxx" ASC tərəfindən ipoteka müqaviləsinin bağlanması barədə məlumat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatında aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 41- 2437/2022 nömrəli məktubunda bildirilmişdir ki, arayışda Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin "xxxx" ASC-nin xeyrinə yüklü olduğu bildirilsə də, lakin üstündən uzun müddət keçməsi səbəbindən Bankın əməliyyat sistemində həmin əmlaka dair bağlanmış ipoteka müqaviləsi aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən 1K saylı evin 28 saylı mənzilinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/113m saylı, xx.xx.2015-ci il tarixli məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********14 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99 m nömrəli məktuba əlavə olaraq təqdim edilən hazırkı siyahı adları qeyd olunan şəxslərə məxsus daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması üçün sizə göndərilir. Azərbaycan Beynəlxalq Bankına girov qoyulmuş əmlakların bankın mülkiyyətinə keçirilməsinə etiraz edilmir. Görülmüş işlərin nəticəsi barədə məlumat verilməsi xahiş edilir. Siyahıda: 114. İddiaçı adı qeyd olunmuşdur. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsilə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən əmlakın üzərindən qadağaların götürülməsini xahiş etmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışına əsasən iddiaçının sözügedən əmlakının üzərinə nəzarət qoyulduğu qeyd edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən əmlakın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. -20.1-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. -20.3-cü maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. -20.4-cü maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 010A5/274 nömrəli arayışa əsasən mübahisə predmeti olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilin Beynəlxalq Bank tərəfindən xx.xx.2005-ci il tarixində girovda olduğu qeyd edilsə də məhkəmə araşdırması ilə həmin mənzillə bağlı ipoteka müqaviləsi aşkar olunmamış və ya mənzil üzərində "xxxx" ASC-nin, eləcə də "xxxx" QSC BOKT-nın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair müqavilənin cavabdehə təqdim edilmədiyi və ipoteka əsasında cavabdeh tərəfindən bankın xeyrinə yüklülük barədə qeydlərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmədiyi müəyyən olunmuşdur. İşdən müəyyən olunur ki, mübahisəli mənzilinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/113m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu ilə məhdudiyyət qoyulmuşdur. Adıçəkilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/113 m nömrəli, xx.xx.2015-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış (daxil olma tarixi xx.xx.2021-ci il) məktubla Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə adlarına olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması nəzərdə tutulmuş şəxslərin adlı siyahısı təqdim edilmiş, həmin siyahıda iddiaçının da adı qeyd edilmişdir. Məhkəmə icraatı gedişində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğular göndərilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/113 m nömrəli, xx.xx.2015-ci il tarixli məktubunun göndərilməsinə əsas olmuş hallar, nəzarətin hüquqi əsasları barədə məlumat təqdim edilməsi tələb olunsa da sorğular ünvanladığı qurum tərəfindən cavablandırılmamışdır. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: -249.2.1.məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; -249.2.2.məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2— 177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/113m nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən cavabdeh tərəfindən həmin əmlak üzərinə məhdudiyyət qoyulmuşdur. Halbuki, qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın təqdim edilmiş məktub əsasında iddiaçının mülkiyyətində olan mənzil üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, 2929/2930-məhəllə, Sadıqcan küçəsi, bina 1K, korpus 2, giriş 1, 28 saylı mənzilin üzərinə qoyulan məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. RX seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, 2929/2930-məhəllə, Sadıqcan küçəsi, bina 1K, korpus 2, giriş 1, 28 saylı mənzilin üzərinə qoyulan məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2882/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2882/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver