Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2884/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı Rəhmət oğlunun, iddiaçının nümayəndəsi və vəkili Sadıqova Zibeydə Söhbət qızının, cavabdehin nümayəndəsi Abdullayev Mahmud Zeynalabdın oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməklə “bakalavr diplomunun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Rəhmət oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Baki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X6 tərəfindən verilən xx xxxxx 2018-ci il tarixli, BD 007326 nömrəli bakalavr diplomunun tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X5 xx xxxxx 2018-ci il tarixdə Biznes Texnologiyaları fakültəsi, Biznes İdarəçiliyi ixtisası üzrə bitirib və BD 007326 nömrəli diplomu alıb. xx.xx.2019-cu il tarixdə həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət edib. Həmin İdarənin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının tələbi rədd edilərək bildirilib ki, X3 normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yetirməyi qeyrimümkündür. Bu səbəblə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmağı mümkün deyil. Hesab edir ki, İdarənin tamamilə əsassız olaraq onun diplomunun tanınmağından imtina edib. İddiaçı bildirir ki, o, qiyabi təhsil alsa da, bütün imtahanlarda şəxsən iştirak edib və bütün fənlər üzrə kreditini tamamlayaraq məzun olub, diplom alıb. Bunu iş üzrə sənədlərə əlavə edilmiş ölkəyə giriş-çıxış tarixlərinin əks olunduğu pasport məlumatları da təsdiq edir. Bu diplomun tanınması ona peşə və gələcək təhsil fəaliyyəti ilə əlaqədar lazımdır. Hal-hazırda cavabdeh iddiaçının aldığı təhsili tanımayaraq onun nəticədə, Avropa İnsan hüquqları Konvensiyasının 8-ci maddəsi ilə də təminat altına alınan Şəxsi həyata müdaxilənin yolverilməzliyi hüququnu pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə ilkin cavabdeh Təhsil Nazirliyinə göndərilmiş, nazirlikdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Təhsil Nazirliyindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Hazırlıq icraatının gedişində Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-2884/2020 nömrəli inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X8 Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. X8 Agentliyinin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazında bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur ( 1-ci il 3 ay 27 gün, 2-ci il - 3 ay 16 gün, 3-cü il - 1 ay 11 gün, 4-cü il - 1 ay, 5-ci il - 3 ay 5 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Qeyd olunanlar və ekspert komissiyasının rəyi əsasında İddiaçı adına X6 tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli BD 007326 nömrəli bakalavr diplomunun tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. Sonda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi hüquqlarını müdafiə etdiyi şəxsin izahatında qeyd etdiyi halları təsdiq etdi və əlavə olaraq bildirdi ki, imtina məktubunda göstərilən hal, yəni təhsil almaq üçün tələb olunan müddətin qarşılığında təhsil müəssisəsinin yerləşdiyi ölkədə qısa müddət ərzində olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə cavab vermir, ona görə ki, imtina məktubunda həmin qaydalarda göstərilmiş imtina üçün əsas olan hallardan hər hansı birinə istinad edilməmişdir. Nümayəndə izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda qeyd edilənlərə uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X6 tərəfindən verilmiş № BD № 007326 saylı, xx.xx.2018-ci il tarixli bakalavr diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Rəhmət oğlu 2018-ci ildə X3 Biznes-mühəndislik dərəcəsini bitirmiş və Biznes idarəetməsi bakalavr dərəcəsi ilə təltif edilmişdir. Diplom X6 tərəfindən xx.xx.2018-cı il tarixdə № **********48386 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. X6 Biznes-mühəndislik fakültəsi tərəfindən İddiaçı verilmiş 76 nömrəli, xx.xx.2016-cı il tarixli arayışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx xxxxxx 2013-cü il tarixli 2959/05 saylı əmrə əsasən X3 Biznes-mühəndislik fakultəsinin rus dilli “Biznesin idarə edilməsi” bakalavr təhsil proqramına qəbul olunmuşdur (təhsilin forması-tam yüklənmə ilə təhsilalma). Ali təhsil müəssisəsini bitirmə tarixi 2017-ci ilin iyul ayıdır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya X6 tərəfindən xx xxxxx 2018ci ildə BD №007326 saylı bakalavr diplomu verilmiş, həmin diplom X3 səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı hazırkı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin səlahiyyətli orqan tərəfindən məsələnin həllindən imtina edilmişdir. İmtina isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığından həmin ölkədə qısa müddətdə olmuşdur və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının xx xxxxx 1997-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 4-cü maddəsinə görə tərəflər hər iki dövlətin təhsil müəssisələri tərəfindən təhsil, ixtisas, elmi dərəcə və adlar barədə 1992-ci ilin yanvarın 1-dən sonra verilmiş sənədlərin tanınması ilə bağlı məsələləri nizama salmaq üçün lazımi işlərin aparılması haqda razılığa gəldilər. Həmin Sazişin 8-ci maddəsinə görə tərəflərdən hər biri öz təhsil müəssisələrinə digər Tərəfin vətəndaşlarının mövcud qəbul qaydaları əsasında müsabiqə yolu ilə və ödənişli əsaslarla qəbul edilməsinə və onların kompensasiya əsasında təhsil almalarına etiraz etmir. Digər tərəfdən Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx xxxxx 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya razılığa gələn bir neçə dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Həmin Qaydaların 1.6-cı bəndinə görə bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5-6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. (bənd 1.5, 1.6, 2.3, 2.8, 2.9). Məhkəmə araşdırması dövründə, həmçinin, İddiaçı 2011-2020-ci illər ərzində Azərbaycan Respublikasının sərhədlərindən giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məhkəməyə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, Rüstəmli Hüseyn Rəhmət oğlu 2011- 2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən təhsil aldığı 2013-2017-ci illərdə təhsil müəssisəsinin yerləşdiyi ölkədə qısa müddət ərzində olmuşdur. İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya düzgün olaraq imtina cavabı verilmişdir. Buna görə də, İddiaçı cavabdeh X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməklə “bakalavr diplomunun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməklə “bakalavr diplomunun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2884/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2884/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver