Məhkəmə qərarları › İş №2-1(112)-2884/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2884/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2884/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair arayışın (çıxarışın) verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2714A nömrəli müqvilə üzrə atası X5 adına olan 40A saylı bağın özəlləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini göstərməklə, bağ sahəsinin özəlləşdirilməsi və bağ sahəsinə iddiaçının atasının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddiaçı tərəf növbəti dəfə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə əlavə ərizə təqdim etmiş və ərizəsində cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini göstərməklə Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40A saylı bağ sahəsi ilə bağlı iddiaçının atası X5 adına arayışın (reyestrdən çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Ərizədə bildirilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40A saylı bağ sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh kimi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin cəlb olunmasını və bağ sahəsinin özəlləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hazırda iddia tələbi dəqiqləşdirilir və həmin bağ sahəsi ilə bağlı iddiaçının atası X5 adına arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilir. İddiaçı ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ona tasından miras qalmış Bakı şəhəri, Çöl-Şüvəlan bağ massivində 40A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının atası ilə bağlanmış 25 fevral 1980-ci il tarixli 2714A saylı müqavilə İdarənin arxivində aşkar edilməmiş, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi 39 və 40 saylı bağların ərazisidir, həmçinin bağ sahəsinin nömrəsi bağların bölgü sxeminə dair sxematik xəritədə qeyd edilməmiş, sxematik xəritədə qeyd olunmadığı və arxiv cizgisi olmadığı üçün texniki baxış zamanı bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin bağ sahəsi Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının babası X6 arasında bağlanmış 25 fevral 1980-ci il tarixli 2714A saylı müqavilə əsasında sonuncunun istifadəsinə verilmiş, həmin tarixdən hal-hazıradək iddaçının ailəsinin istifadəsindədir. İddiaçı atasının vərəsidir, hazırda bağ sahəsi onun istifadəsindədir. Bağ sahəsi barədə İdarənin əməkdaşlarının səhlənkarlığı səbəbindən onun arxivində məlumat olmaması, bağ sahəsinin nömrəsinin bağların bölgü sxeminə dair sxematik xəritədə qeyd edilməməsi imtina üçün əsas deyil. Həmçinin, göstərilən bağ sahəsinin 39 və 40 saylı bağların əraazisi olması doğru deyil, həmin bağ sahələri də onun babasının adınadır, onlara ayrılmışdır. 40a saylı bağ sahəsi mövcuddur, bağ sahəsinin yerləşmə yeri müəyyəndir. Cavabdeh imtina üçün qanunla müəyyən olunmuş əsaslara deyil, formal tələblərə əsaslanmışdır. Bununla da, qanunun tələblərini pozaraq qanunsuz şəkildə hüquqların qeydiyyatından imtina etmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40A saylı bağ sahəsi ilə bağlı iddiaçının atası X5 adına arayışın (reyestrdən çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 30 noyabr 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 10 sentyabr 2021-ci il tarixli ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən 25 fevral 1980-ci il tarixli 2714A nömrəli müqavilə barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsi 39 və 40 saylı bağın ərazisidir. Həmçinin, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa, texniki baxış keçirilən zaman bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olmadığından, bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən ərizəsinin icrası İdarə tərəfindən mümkün olmamış, iddiaçıya 24 sentyabr 2021-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş” ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7, 9.1.2, 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamının müddəalarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat»nın 7-ci bəndinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək, (3.0.31) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələri sırasına daxildir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə Bakı Şəhər İK X4 ilə iddiaçının mərhum atası X8 arasında bağlanmış 25 fevral 1980-ci il tarixli 2714a saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40a saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. X8 16 iyul 2012-ci il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəqəlik işində hazırkı iddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. İddiaçı vərəsə kimi vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat orqanına təqdim edilməsi üçün bağ sahəsinə dair atasının adına arayışın (çıxarışın) verilməsi xahişi ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinasını onunıa əsaslandırmışdır ki, 25 fevral 1980ci il tarixli müqavilə İdarənin arxivində aşkar olunmamışdır, bağ sahəsi 39 və 40 saylı bağların ərazisinə düşür, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir, arxiv cizgisi olmadığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı tələbi inzibati orqana müraciətində göstərilənlərdən formal cəhətdən fərqlənərək “əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsi”dir. Bu fərq iddiaçının inzibati orqana müraciəti zamanı məqsədi baxımından arzuladığı sənədin adının düzgün ifadə olunmamasını nəticəsidir ki, bu da formal xəta qismində qiymətləndirilməlidir. Çünki, həmin sənədin son nəticədə notarat qurumuna təqdim edilməsi nəzərdə tutulur və mahiyyətcə “arayış”ı ehtiva edir. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş Bakı Şəhər İK X4 ilə iddiaçının mərhum atası X8 arasında bağlanmış 25 fevral 1980-ci il tarixli 2714a saylı müqavilə Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40a saylı bağ sahəsi sonuncunun qanuni istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum atası X8 həmin bağın qanuni istifadəçisi olmuş və onun altındakı torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Cavabdehin imtinasında qeyd olunan dəlillərə gəldikdə isə, müqavilənin DƏDRX arxivində olmaması iddiaçının iradəsindən asılı deyil və həmin əqdin mötəbərliyini mütləq mənada şübhə altına alan hal deyil. Eləcə də qeyd olunmalıdır ki, elektron kadastr məlumatlarına görə bağ sahəsinin başqa əraziyə düşməsi, nömrəsinin sxematik xəritədə göstərilməməsi də iddiaçının iradəsindən asllı olan hal deyil və bu qəbildən olan uyğunsuzluqların aradan qaldırılması, habelə müvafiq mərzçəkmə işləri çərçivəsində torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Bundan başqa nəzərə alınmalıdır ki, müvafiq sahədə formalaşmış inzibati praktikaya görə əvvəllər hər hansı nömrə ilə işarələnmiş bağ sahəsinin bölünməsi və ya ondan müyyən hissənin ayrılması zamanı bağ nömrəsinə hərflər əlavə olunmaqla yenidən nömrələnmə (məsələn 40a, 40b və s.) prosedurları aparılmışdır. Odur ki, iddiaçının iddia etdiyi 40a saylı bağ sahəsinin nömrəsi 40 saylı bağ sahəsinin ərazisi daxilində yerləşməsi uyğunsuzluq qismində qəbul olunmamalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40a saylı bağ sahəsinin İddiaçı mərhum atası X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40a saylı bağ sahəsinin İddiaçı mərhum atası X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar