Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2886/2020 31.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı informasiya sorğusuna əsaslandırılmış cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 2020-ci ilin yanvar ayında göndərilən iki sorğuya konkret və əsaslandırılmış cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 09 fevral 2020-ci ilə təyin olunan parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürən namizəddir. 2020-ci ilin yanvar ayında cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına iki sorğu göndərmişdir. Sorğunun ikisi də qeyd edilən dairədən olan millət vəkili Hüseynbala Mirələmovla bağlı olub. Birinci sorğuda bildirib ki, Yeni Azərbaycan Partiyasının Xətai rayon Şöbəsinin sədri 2005-ci, 2010-cu, 2015-ci parlament seçkilərində seçilmiş millət vəkili Hüseynbala Mirələmov haqqında 29 dekabr 2019-cu ildə mətbuatda məlumat yayılıb. Məlumatda qeyd edilib ki, millət vəkili Hüseynbala Mirələmov 16 ildir Panamada ofşor şirkət idarə edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakı suala yazılı surətdə ən qısa müddətdə cavab verilməsini xahiş etmişdir: Hüseynbala Mirələmov 2005-ci, 2010-cu, 2015-ci illərdə namizəd olanda MSK-ya gəlirləri və mülkləri barədə məlumat veribmi?. İkinci sorğuda isə bildirib ki, 09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində YAP-ın namizədi Hüseynbala Mirələmov haqqında 29 dekabr 2019-cu ildə mətbuatda məlumat yayılmışdır. Həmin məlumatda qeyd edilib ki, millət vəkili Hüseynbala Mirələmov 16 ildir Panama ofşor şirkət idarə edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakı suala yazılı surətdə ən qısa müddətdə cavab verilməsini xahiş etmişdir: Hüseynbala Mirələmov 33 saylı Xətai birinci Seçki Dairəsinə namizədliyi üçün müraciət edəndə gəlirləri və mülkləri haqqında məlumatda Panamada ofşor zonada 16 ildir şirkət idarəetməsi haqqında məlumat veribmi?. X1 13 yanvar 2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki: “Sizin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərdiyiniz iki informasya sorğusuna cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-ci, 54.6cı, 143-cü və 146.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı namizədlər bildiriş və digər sənədləri birmandatlı seçki dairəsi üzrə müvafiq dairə seçki komissiyalarına təqdim edirlər”. Cavabdehə iki sorğu göndərilib və hər ikisində konkret suallar qoyulub, lakin cavabdehin 13 yanvar 2020-ci il tarixli cavabında heç bir konkret cavab verilməyib. Bu səbəbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək, iddiaya uyğun izahat verdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddiaya birinci instansiya qismində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılmalı olduğundan, məhkəmənin icraatında olan 2-1(112)-2886/2020 saylı iş aidiyyəti üzrə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, iş materiallarından və iddiaçının izahatından, müəyyən edilir ki, iddiaçının informasiya sorğusunun məzmunu onunla eyni seçki dairəsindən (33 saylı Xətai birinci seçki dairəsi) namizədliyini irəli sürmüş Hüseynbala Mirələmovun 2005, 2010, 2015-ci illərdə namizədliyinin qeydə alınması zamanı seçki sənədlərinin Mərkəzi Seçki Komitəsinə təqdim edilib-edilməməsi ilə bağlıdır. İddiaçının həmin informasiya sorğusunu əldə etmək barədə iddia tələbi irəli sürməkdə hüquqi marağı isə onun 09 fevral 2020-ci ilə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə əlaqədardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin XVİİİ fəslinin (Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat) 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Qanunvericiliyin normalarından göründüyü kimi, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddialara birinci instansiya məhkəməsi qismində apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsası iddiaçının seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə əlaqədar olduğundan, qanunvericiliyin tələblərinə əsasən həmin iddialara birinci instansiya məhkəməsi qismində apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılmalı olub, hazırki mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından məhkəmənin icraatında olan hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 8.2 və 8.5-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 2020-ci ilin yanvar ayında göndərilən iki sorğuya konkret və əsaslandırılmış cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması tələbinə dair 2-1(112)-2886/2020 saylı iş aidiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2886/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2886/2020
31.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver