Məhkəmə qərarları › İş №2-1(112)-2886/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2886/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2886/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında qeyd olunan əmək stajı əsasında əmək pensiyasının yenidən hesablanması və pensiyanın səhv hesablanması nəticəsində yaranan fərqin birdəfəlik ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1955-ci il tarixində anadan olmuş, 1972-ci ildə əmək fəaliyyətinə başlamış, 25 ildən artıq əmək stajı var. Bu səbəbdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və həmin maddəyə Qeydə uyğun olaraq 2020-ci ilin 1 fevral tarixindən yaşa görə əmək pensiyası almaq hüququ əldə etmişdir. Ona həmin müddət üçün müəyyən olunmuş minimal pensiya - 200 (iki yüz) manat pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 21 və 22-ci maddələrinə görə, əmək pensiyası sığorta stajına uyğun təyin olunur. Lakin, ona pensiya təyin olunarkən ondan staj barəsində heç sənəd tələb edilməmişdir, sadəcə minimal pensiya (200 manat) təyin olunmuşdur. Əmək kitabçasına görə pensiya təyinatına kimi, yəni 2020-ci ilin fevralın 1-ə qədər onun iş stajı 36 il təşkil edir. Eyni zamanda, fərdi sahibkarlıqla məşğul olduğu 2006-2015-ci illərdə o, 69 (altmış doqquz) ay ərzində fəaliyyəti olub və həmin aylar üçün sosial ödəmələr etmişdir. Pensiyanın yenidən hesablanması ilə dəfələrlə müraciət etmişdir. Aldığı son cavabda göstərilir ki, xx.xx.2006-cı ilə kimi bəzi müəssisə və idarələrdə çalışmasını müəyyən etmək mümkün olmamışdır. Hesab edir ki, vəziyyətin belə olmasında onun təqsiri yoxdur. İşləməsi barədə onun əmək kitabçasında qeydlər var. Cavabdehin həmin illəri hansı səbəbdən iş stajına daxil etməməsi, xx.xx.2006-cı il tarixədək vətəndaşın iş stajını əmək kitabçasından başqa hansısa sənədin təsdiq etməsi ona məlum deyildir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

4. Sonradan iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, "xxxx" Firmasının və "xxxx" Birgə Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriiyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixdən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyasının minimum məbləğinə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248.16 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli araşdırmasına əsasən “Azərolimpik LTD!’ müştərək firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. X2 xx.xx.2021-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" broker firmasının arxiv sənədləri saxlanılmadığından sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən sözügedən dövrləri iddiaçının sığorta stajına əlavə edilməmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-ci il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 — 22-1,2.3cu maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan 12105,52 manat pensiya kapitalı əsasında xx.xx.2006-cı il tarixədək sığorta stajı 25 il hesablanmaqla onun əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən 204.21 manat müəyyən edilmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.

10. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablaması haqqında” imtina məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq onaxx.xx.2020ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciəti ilə əlaqədar bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 12105,52 manat pensiya kapitalı əsasında xx.xx.2006-cı il tarixinədək sığorta stajı 25 il hesablanmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 204,21 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bu səbəbdən əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyasının minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Əlavə olaraq adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş 01.01 1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək və 0.1,10.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli araşdırmasına əsasən "xxxx" müştərək firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmayıb. X2 xx.xx.2021ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" broker firmasının arxiv sənədləri saxlanılmadığından sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən sözügedən dövrlər sığorta stajına əlavə edilməmişdir. Ötən dövr üzrə yaranmış fərq məbləği fevral ayı üzrə pensiyasının üzərinə əlavə edilməklə ona ödənilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla iddiaçıya məxsus 63 vərəqdən ibarət pensiya işi məhkəməyə təqdim edilmişdir.

12. İddiaçının adına xx.xx.1973-cü il tarixdə açılmış əmək kitabçasının surətinə əsasən iddiaçının "xxxx" Broker Firmasında iş stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, "xxxx" Birgə Müəssisəsində isə iş stajı xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olmuşdur.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli **********51800 nömrəli və xx.xx.2023-cü il tarixli **********104700 nömrəli məktublarla təqdim edilmiş məlumatlara əsasən "xxxx" Firması xx.xx.1997-ci il tarixdə 34261 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamış, "xxxx" Birgə Müəssisəsi isə xx.xx.1995-ci il tarixdə 830 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

20. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

21. Hazırki işin hallarından göründüyü kimi, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, o, "xxxx" Broker Firmasında (xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək) və "xxxx" Birgə Müəssisəsində (xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək) işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir.

22. İddiaçı hazırda xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMCdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir.

23. Beləliklə, məhkəmə mübahisənin predmetini iddiaçının "xxxx" Broker Firmasında (xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək) və "xxxx" Birgə Müəssisəsində (xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək) işlədiyi dövlərin sosial sığorta stajına daxil edilib-edilməməsi təşkil edir.

24. Cavabdehin sözügedən dövrlərlə bağlı dəlili isə ondan ibarətdir ki, "xxxx" Müştərək Firmasının faktik ivə arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamış, "xxxx" broker firmasının isə arxiv sənədləri saxlanılmadığından sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır.

25. Məhkəmə hesab edir ki, cavabdehin dəlilləri qismən əsaslı olmuşdur.

26. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş pensiya işi və aidiyyəti qurumlardan müvafiq sorğular əsasında əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, "xxxx" Birgə Müəssisəsində işləməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının sözügedən Müəssisədə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi barədə aparılmış inzibati icraat çərçivəsində müəssisə ilə bağlı araşdırma səhv istiqamətdə aparılaraq, iddiaçının həmin dövrdə işlədiyi müəssisə kimi "xxxx" Müştərək Müəsissəsi əsas götürülmüş və həmin müəssisə ilə bağlı heç bir araşdırılma aparılması mümkün olmamışdır. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun işlədiyi "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti ilə bağlı inizbati məhkəmə icraatında müvafiq araşdırılma aparılmış, araşdırma nəticəsində "xxxx" Birgə Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 830 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkar edilmişdir.

27. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin iddiaçının "xxxx" Birgə Müəssisəsindəki əmək fəaliyyəti üzrə mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.

28. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. I. Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

31. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən. 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən.

34. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.

35. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

36. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

37. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının "xxxx" Birgə Müəssisəsində (xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək) fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Bu səbəbdən də, iddiaçının tələbi həmin hissədə əsaslı hesab edilməklə həmin dövrə aid iş stajı müvafiq olaraq iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

38. Eyni zamanda, iddiaçının əmək kitabçalarında cavabdeh tərəfindən mübahisələndirilən dövrləri əhatə edən qeydlərində onun işə qəbul edilməsi, vəzifə köçürmələri, işdən azad olunma tarixləri, müvafiq əmrlər, qeydlərin kadrlar üzrə məsul şəxsin imzası, müəssisənin möhürü təsdiqi öz əksini tapmış, qeydlərdə qaralama və anlaşılmaz yazılar mövcud deyil, vərəqlərin tamlığı pozulmamışdır. Başqa sözlə, qeydlərin inandırıcılığı baxımından iddiaçının həmin müəssisələrdə çalışmasını şübhə altına ala biləcək hallar aşkar olunmamışdır. 39.“ İnzibati icraat haqqında” Qanunun 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

40. Məhkəmə eləcə də, iddiaçının digər tələbi olan "xxxx" Firmasında (xx.xx.1992ci il tarixdən xx.xx.1995-ci il tarixədək) olan əmək fəaliyyəti dövrünün iş stajına daxil edilməsi dəlili ilə bağlı qeyd edir ki, iddiaçının tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

41. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında onun "xxxx" Firmasında işləməsi ilə bağlı qeydlərdə uyğunsuzluq vardır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərdə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" Firmasında işlədiyi qeyd edilsə də, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********51800 nömrəli məktubda bildirilmişdir ki, "xxxx" Firması xx.xx.1997-ci il tarixdə 34261 nömrə ilə dövlət qeydiyyatından keçmiş, 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

43. “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 21. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir.

44. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

1. Müəssisə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.

3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxs.

45. Yuxarıda istinad edilən hüquq normalarının tələbinə görə, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Eyni zamanda, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxsdir.

46. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, dövlət qeydiyyatına alınmamış müəssisə tərəfindən işə götürmə hüquqi cəhətdən mümkün deyildir. Yəni, hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmasa o, işə götürən kimi işə işçi qəbul edə bilməz.

47. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının "xxxx" Firmasında olan əmək fəaliyyətinin onun iş stajına daxil edilməsi barədə tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı hesab edilməklə qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Birgə Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar