Məhkəmə qərarları › İş №2-1(112)-2886/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2886/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2886/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli əmək stajı olması nəzərə alınaraq pensiya hüququnun yarandığı xx.xx.2015-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İlk dəfə 1976-cıı il tarixdə əmək faəliyyətinə başlamış, 17 avqust 2023cü ilə kimi işləmişdir. 1976-cı il tarixdə əmək faəliyyətinə başladıqdan sonra 1977-ci ildə hərbi xidmətə yollanmışdır. 1979-cu ilin may ayında hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini bərpa etmişdir. 1980-ci ilin yanvar ayından 17 avqust 2023-cü ilə kimi SOCAR-da işləmişdir. İşlədiyi müddət ərzində heç bir vəzifə səhlənkarlığına yol verməmiş, verilən tapşırıqların öhdəsindən layiqincə gələrək rəhbərliyin və kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Bugünə kimi ümumilikdə 48 ilə yaxın əmək stajı var. 35 ildən yuxarı zərərli sexlərdə işləmişdir. İşlədiyi müddət ərzində 66787,58 manat pensiya kapitalı var. Qeyd edir ki, ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Bu səbəbdən də, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iş materiallarına İddiaçı tərəfindən təqdim edilmiş SOCAR tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında onun “Xəzərqazmaneftqazsənaye” X1 X3 İdarəsində və Xüsusiləşdirilmiş Texniki Vasitələrlə Dəniz kəşfiyyatı qazma idarəsində takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin arayışda iddiaçının işlədiyi takelajçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarında nəzərdə tutulmadığına görə ona işlədiyi sahə üzrə güzəştli arayışın təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaradan vəzifə sırasında dəqiq uyğunluq olmalıdır. Çünki, qeyd edilən siyahıda istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pnesiyası təyin edilməsinə əsas verən istehsalat, peşə, vəzifə və göstərici arasında dəqiq uyğunluq təşkil edilməlidir, yəni bunlar arasında müvafiq oxşarlığın olması hüququn yarandığı mənasına gəlmir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı 2.07.1958-ci il təvəllüdlüdür.

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-X-220439/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisəsinin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələblərinə baxımından mümkün hesab edilmir.

9. İddiaçının adına ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası açılmışdır.

10. SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-15/2-X-51-1/2023-151 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarlarının əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (10.1. Qazma: a) fəhlələr) bəndində takelajçı peşəsi qeyd olunmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması bardə arayışın verilməsi mümkün deyil.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 01 noyabr 2023-cü il tarixli 3-171/2-256805/2023 nömrəli məktubla iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən SOCAR “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli 14-2-15/2-34/2024 nömrəli 17 yanvar 2024-cü il tarixli məktubla İddiaçı işlədiyi takelajçı peşəsinin funksiyaları üzrə vəzifə standartlarını təqdim etmişlər.

13. Məhkəmənin sorğusuna əsasən SOCAR “Kompleks qazma işləri” tresti tərəfindən xx.xx.2024-cü il tarixli 14-2-15/2-33-2024 İddiaçı iş stajı haqqında arxiv arayışı təqdim edilmişdir. Arxiv arayışında göstərilmişdir ki, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Primorsk” X3 İdarəsində Sənqəçal sahəsində yükləyəci peşəsində işləmişdir. xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildən xx.xx.2003-cü ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X3 İdarəsində İstehsalat Xidmət Bazasında 4-cü dərəcəli takelajçı peşəsində işləmiş, xx.xx.2003-cü ildən xx.xx.2012-ci ilədək “Bayıl Limanı” X3 idarəsində İstehsalat Xidmət Bazasına 5-ci dərəcəli takelajçı peşəsində işləmiş, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2012ci ildən xx.xx.2013-cü ilədək “Sahil” Qazma İşləri İdarəsində boru alət sahəsində 5-ci dərəcəli takelajçı peşəsinə qəbul edilib, xx.xx.2013-cü ildə işdən azad edilmiş, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək “Qazmaservis və Logistika” İdarəsində Buruq avadanlıq sexinə 5-ci dərəcəli takelajçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə işdən azad edilmişdir. Ümumi iş stajı 26 il 09 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 11000000 X.Neftin qazılması və hasilatın (dənizin neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı və 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı neftçilərindən başqa), kömürün və şistin emalı təsdiq edilmiş qərarda, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neft sahəsinə aid olan hissəsində vətəndaşın işlədiyi peşələrə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edə bilmirlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

21. İddiaçının hazırki tələbinin hüquqi əsasını ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

23. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

24. Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.

25. Cavabdehin imtinasının və etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi takelajçı peşəsi Azərbaycan Respublikası Nazilər Kabinetinin “Güzəştli şərtlərlə yaşa gprə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarında nəzərdə tutulmamışdır.

26. Cavabdehin imtinasının və etirazının dəlilləri məhkəmə tərəfindən iddiaçının işlədiyi İdarəyə aidiyyəti üzrə sorğular göndərilərək ətraflı araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 25 ildən çox olsa da, xüsusi iş stajı isə 12 il 6 aydan azdır.

27. Belə ki, iddiaçının işlədiyi İdarə tərəfindən verilmiş arayışdan müəyyən edilmişdir ki, onun xx.xx.2017-ci il tarixədək SOCAR-ın aidiyyəti İdarələrində işlədiyi peşə və vəzifələr üzrə iş stajı ümumilikdə 26 il 09 ay 05 gün təşkil etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 11000000 X.Neftin qazılması və hasilatın (dənizin neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı və 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı neftçilərindən başqa), kömürün və şistin emalı təsdiq edilmiş qərarda, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neft sahəsinə aid olan hissəsində işlədiyi peşələrə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edilə bilmir.

28. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar