Məhkəmə qərarları › İş №2-1(112)-2887/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2887/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2887/2020 02.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38, mənzil 224; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosu, vəkil) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı cavabdehin **********8 saylı, 14 avqust 2019-cu il tarixli imtina məktubunun əsassız hesab edilməsi, təyin olunmuş güzəştli əmək pensiyasının 2014-cü il tarixindən 2017-ci il tarixinədək yaranmış pul fərqinin hesablanılaraq qanunamüvafıq qaydada birdəfəlik şəkildə ödənilməsi və 2006-cı il tarixinədək ümumi 20 illik stajın 13 ildən çox hissəsini zərərli işlərdə işlədiyi nəzərə alaraq iddiaçıya güzəştli əmək pensiyasının əmək haqqının 85% hissəsi miqdarında təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Daha sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxxxx 1962-ci il tarixində Sabirabad rayonunda anadan olmuşdur. 07 dekabr 1982-ci il tarixindən 07 dekabr 1983-cü ilə qədər “PMK” idarəsində sürücü vəzifəsində, 16 may 1984-cü il tarixindən 30 dekabr 1984-cü ilədək “Neftqaz çıxarma idarəsində”, 02 yanvar 1985-ci il tarixindən 19 noyabr 1986-cı ilədək “Xüsusi Təmir Tikinti” idarəsində, 16 avqust 1986-cı il tarixindən 01 iyul 1988-ci ilədək Neftqaz çıxarma idarəsində kommunal kontorunda dülgər vəzifəsində, 01 yanvar 1990-cı il tarixindən 28 fevral 1993-cü ilədək kalxozda, 25 mart 1993-cü il tarixindən indiyədək iş fəaliyyəti mövcuddur. O, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq yaşı tamam olduğundan və ümumi iş stajı və güzəştli şərtlərlə iş stajı qanunvericilikdə nəzərdə tutulmuş qaydada kifayət etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2017-ci il tarixində əmək kitabçası və zəruri digər sənədləri təqdim etməklə müvafiq olaraq DSMF-nun Sabunçu rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona həmin ildən etibarən güzəşli şərtlərə görə əmək pensiyası təyin edilərək 348 manat məbləğində pensiya verilməsi müəyyən edildi. Lakin sonradan ona məlum oldu ki, ona təyin edilmiş pensiyanın məbləği daha yüksək məbləğdə təyin edilməli idi. Bunun üçün də 14 avqust 2019- cu il tarixində yenidən cavabdehə müraciət edərək təyin olunmuş güzəştli əmək pensiyasının 2014-cü il tarixindən 2017-ci il tarixinədək yaranmış pul fərqinin hesablanılaraq qanunamüvafıq qaydada birdəfəlik şəkildə ödənilməsi və 2006-cı il tarixinədək ümumi 20 illik stajın 13 ildən çox hissəsini zərərli işlərdə işlədiyi nəzərə alaraq güzəştli əmək pensiyasının əmək haqqının 85% hissəsi miqdarında təyin edilməsini xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya görə, xx.xx.2017-ci ildə ona təyin edilmiş güzəştli əmək pensiyasının 2014-cü il tarixindən 2017-ci il tarixinədək yaranmış pul fərqinin hesablanmalı, bundan başqa güzəştli əmək pensiyasının hesablanması zamanı əmək haqqının 85% əsas götürülməklə yenidən hesablanmalıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx xxxxx 1962-ci il təvəllüdlüdür; iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 1) iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən əlilliyə görə əmək pensiyasının növü dəyişdirilərək iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də iddiaçının pensiyasının yenidən hesablanması xx.xx.2017-ci il tarixdən aparılmışdır. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. ƏPQ-nin 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. 2) iddiaçıya pensiya təyin edərkən, başqa sözlə, iddiaçının pensiya hüququ yaranarkən “Vətəndaşların pensiya təminatı haqqında" qanunu deyil, ƏPQ qüvvədə olmuşdur. ƏPQ-nin 9.8-ci maddəsi (“9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək sta olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) İddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tətbiq edilməli olmasını nəzərdə tutmur. Həmin maddə yalnız 2 şərtə/sığorta hadisəsinə münasibətdə tələblərin “Vətəndaşların pensiya təminatı haqqında” qanunu əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar yaş və sta şərtləridir/sığorta hadisələridir. İddiaçıya pensiya təyin edilərkən həmin sığorta hadisələrinə aid tələblərin (52 yaş və 20 il ümumi, 10 il güzəştli staj) diqqətə alındığı mübahisəsizdir. İddiaçı isə, qüvvədən düşmüş Qanuna istinad edərək xx.xx.2017-ci ildə pensiya təyin edərkən onun orta aylıq əmək haqqısının əsas alınmalı olduğunu iddia edir. Halbuki ƏPQ-nin 9.8-ci maddəsi heç də bütün məsələlərdə, o cümlədən iddia edilən məsələdə əvvəlki qanunun tətbiq edilməli olması kimi bir müddəanı ehtiva etmir. Əks halda, ƏPQ-nin qəbuluna böyük ölçüdə ehtiyac olmazdı. ƏPQ-də pensiyaların, orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması barədə norma 1 yanvar 2010-cu ilədək qüvvədə olmuşdur. Lakin ƏPQ-yə edilmiş müvafiq dəyişikliklə həmin norma çıxarılmışdır. İddiaçının pensiya hüququ xx.xx.2017-ci ildə, yəni müvafiq normanın ƏPQ-dən çıxarılmasından sonra yaranmışdır. Ona görə də, pensiya təyin edilərkən orta aylıq əmək haqqı əsas götürülməmişdir. İddiaçıya pensiya məbləği hesablanarkən, haqlı olaraq, ƏPQ-nin qüvvədə olan müddəaları rəhbər tutulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarında pensiya işinin surətindən görünür ki, iddiaçıya xx.xx.1988-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı ərizə təqdim edərək əlilliyə görə təyin edilmiş pensiyanın digər pensiya növünə, yəni yaşa görə pensiya növünə keçirilməsini xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınaraq ona əlilliyə görə təyin edilmiş pensiya güzəştli şərtlərlə yaşa görə əmək pensiya növünə keçirilmiş və xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya ömürlük təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı təyin olunmuş güzəştli əmək pensiyasının 2014-cü il tarixindən 2017-ci il tarixinədək yaranmış pul fərqinin hesablanılaraq qanunamüvafıq qaydada birdəfəlik şəkildə ödənilməsi və 2006-cı il tarixinədək ümumi 20 illik stajın 13 ildən çox hissəsini zərərli işlərdə işlədiyi nəzərə alaraq iddiaçıya güzəştli əmək pensiyasının əmək haqqının 85% hissəsi miqdarında təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində baxılmışdır. Bildiririk ki, ərizənizdə qeyd edilənləri nəzərə alaraq tərəfimizdən pensiya işiniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə sorğu verilmiş, cavab olaraq pensiya işiniz İdarəyə göndərilmişdir. Pensiya işinizə aid sənədlər araşdırılarkən məlum olmuşdur ki, sizə 01 may 2017-ci il tarixində adıçəkilən şöbə tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli ərizənizə əsasən əlilliyə görə əmək pensiyanızın növü dəyişdirilərək yuxarıda qeyd olunan siyahı üzrə sizə xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildiririk ki, cari aydan pensiyanız 358,92 manat məbləğində olmaqla İdarə tərəfindən müvafiq kart hesabınıza köçürülür.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Həmin Qaydalarda göstərilmiş Misal 51. Şəxs İİİ dərəcə əlilliyə görə 90,5 manat (60,5 manat baza hissəsi + 30 manat sığorta hissəsi) məbləğində əmək pensiyası alır. 01 iyul 2017-ci il tarixdən pensiyanın şərti çevrilməsi aparılmaqla 90,5 manat sığorta hissəsi kimi ödənilir. 20 iyul 2017-ci il tarixdə pensiya yaşının tamam olması ilə əlaqədar pensiyasının növünün əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə dəyişdirilməsi barədə müraciət etmişdir. Bu zaman onun pensiyası Qanuna 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə uyğun olaraq hesablanacaq və yaşa görə pensiya növbəti ayın 1-dən ödəniləcəkdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya xx.xx.1988-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi, xx.xx.2017-ci il tarixdə iddiaçının ərizə təqdim edərək əlilliyə görə təyin edilmiş pensiyanın digər pensiya növünə, yəni yaşa görə pensiya növünə keçirilməsini xahiş etməsi, iddiaçının ərizəsi nəzərə alınaraq ona əlilliyə görə təyin edilmiş pensiya güzəştli şərtlərlə yaşa görə əmək pensiya növünə keçirilməsi və xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ömürlük təyin edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin **********8 saylı, 14 avqust 2019-cu il tarixli imtina məktubunun əsassız hesab edilməsi, təyin olunmuş güzəştli əmək pensiyasının 2014-cü il tarixindən 2017-ci il tarixinədək yaranmış pul fərqinin hesablanılaraq qanunamüvafıq qaydada birdəfəlik şəkildə ödənilməsi və 2006-cı il tarixinədək ümumi 20 illik stajın 13 ildən çox hissəsini zərərli işlərdə işlədiyi nəzərə alaraq iddiaçıya güzəştli əmək pensiyasının əmək haqqının 85% hissəsi miqdarında təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar