Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2889/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğunun iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota götürülməsi götürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 13 sentyabr 2011-ci il tarixdə müvafiq hərbi hissədə hərbi xidmətdə olarkən döyüş tapşırığını yerinə yetirən zaman erməni silahlı qüvvələri tərəfindən atılan atəş nəticəsində ağır yaralanmış, 15 gün səhhəti ağır durumda qalmış, sonradan İİ qrup əlil kimi ordudan tərxis edilmişdir. Nəticədə əmək qabiliyyətini itirmişdir (MN MHHK 5 mart 2012-ci il tarixli 757 saylı xəstəlik haqqında şəhadətnamə vermişdir). Maddi vəziyyəti yaşayış sahəsi almağa imkan vermədiyindən və başqa yaşayış yeri olmadığından, hazırda anasının mülkiyyətində olan Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 8 saylı evin 22 saylı mənzilində anası, qardaşı, bacısı və bacısının qızı ilə birlikdə yaşayır. Həmin mənzilin sahəsi 29 kv.m-dir. İddiaçı 29 avqust 2013-cü il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə evlə təmin olunması ilə bağlı müraciət etsə də, ona yerli icra hakimiyyəti orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi ilə bağlı 2013, 2014, 2019 və 2020-ci illərdə cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə müraciətlər etmişdir. Cavabdeh ona ünvanan müraciətlərə cavab olaraq məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənməsi məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müvafiq normativ aktlar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məsələsinə mahiyyəti üzrə baxıla bilər. Cavabdeh inzibati orqan 6 il ərzində bütün məktublarında həmin normativ aktın müəyyən edilməməsini bəhanə gətirərək, onun (iddiaçının) uçota alınmasını təmin etməmişdir. Sonuncu müraciətə cavab məktubunda isə bildirilmişdir ki, onun yaşadığı mənzilin sahəsi 43 kv.m-dir, halbuki sahə 29 kv.m təşkil edir. İddiaçı fəaliyyət qabiliyyətinin böyük bir hissəsini itirmişdir, vaxt ötdükcə ağır xəsarətlərin fəsadları özünü fərqli xəstəliklər şəklində biruzə verir və bu səbəblə də davamlı müalicəyə ehtiyac duyulur. Bütün qeyd olunanlara və qanunvericiliyin müddəalarına görə mənzillə təmin edilməsi üçün tam hüquqlu olmasına baxmayaraq, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti fərqli bəhanələrlə nəinki ona mənzil verməkdən imtina edir, onun adını da qeydə almır. Halbuki, fiziki durumları, maddi və sosial imkanları, ondan (iddiaçıdan) daha yaxşı olan başqa şəxslərə RİH-də uçota alınması, onlara mənzil verilməsinə dair məlumatlar var. Cavabdehin bu günədək iddiaçıya ünvanladığı imtina məktubları Mənzil Məcəlləsinin 51.5, 53.1, 53.2-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin tələblərinə ziddir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.27-ci maddəsinə əsasən normativ hüquqi aktın hüquqi qüvvəsi dedikdə, normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyi, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyü və ya tabeliyini müəyyən edən xarakteristikası başa düşülür. Bu mənada Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinərhtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməməsi Mənzil Məcəlləsinin müddəalarının müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiyyətini aradan qaldırmır. Digər tərəfdən, Mənzil Məcəlləsinin 49.5 və 51.7-ci maddələrindən də görünür ki, qanunverici bu məsələlərin yenidən tənzimlənməsini məqsədəmüvafiq saymış və qüvvədə olan normativ hüquqi aktlara göndəriş etməmişdir. O. cümlədən, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Hazırda iddiaçının yaşadığı mənzil üzrə adambaşına düşən yaşayış sahəsi (5,8 kv.m) qüvvədə olan oxşar hüquq münasibətlərini tənzimləyən Qanunda təşkil olunan minimum normasından (9 kv.m) belə azdır.Göstərilənlərə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49, 51, 52, 53, 58, 61 və 68-ci maddələrinə əsaslanaraq, iddiaçının yaşayış yeri üzrə güzəştli şənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İPM-in 47ci maddəsinə uyğun olaraq, məhkəməyə iddiaya qarşı aşağıdakı məzmunda yazılı münasibət təqdim etmişdir: - İddiaçı iddia tələbi dəqiq olmadığı və əsassız olduğu üçün təmin edilməməli və mümkünsüz sayılmalıdır. Güzəştli şərtlərlə mənzil növbəsinə götürülmə tələbi dəqiq olmadığı üçün iddiaçı iddia tələbini dəqiqləşdirərək, hansı kateqoriya üzrə əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq mülahizəsini dəqiq bildirməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alma bilər. İddia tələbi üzrə iddiaçının Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətləri zamanı, onun öz mülahizəsinə görə bildirdiyi kateqoriya üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma əsası olmamışdır. Belə ki, sözügedən müraciətləri ilə əlaqədar (ərizələrdə hansı əsas üzrə uçota alınma göstərilmədiyi üçün) iddiaçı və anası Mirzəyeva Başxanım Polad qızı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlil kateqoriyası əsası kimi həyata keçirilməsini xahiş etmişlər. Lakin xəstəlik haqqında 5 mart 2012-ci il tarixli 757 nömrəli şəhadətnaməyə və 12 sentyabr 2012-ci il tarixdə verilmiş 187432 nömrəli vəsiqəyə əsasən iddiaçının əlilliyi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirilməsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının birinci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi həyata keçirilir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi (1.5.1.5.) hərbi xidmət dövrü ilə əlaqədar; (1.5.2.1.) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; (1.5.2.3.) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar və digər səbəblərdən birinə əsasən müəyyən edilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əlillik səbəbi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən bu bənddə qeyd olunan hallarda dəyişdirilir. Bu səbəbdən də müraciətləri il əlaqədar iddiaçıya və anasına əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etməsi və ya uçota alınma ilə bağlı faktiki əsas üzrə öz mülahizəsini göstərməsi tövsiyə olunmuşdur. Lakin iddiaçı əlillik səbəbini dəyişdirməmiş, həmçinin uçota alınma ilə bağlı faktiki əsas üzrə öz mülahizəsini göstərməmişdir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma (həmçinin yaşayış sahələri ilə təmin edilmə) məqsədləri üçün uçot norması iddiaçının bildirdiyi kimi yalnız yaşayış sahəsinin otaqlarının sahəsi üzrə deyil yaşayış sahəsinin ümumi sahəsi üzrə müəyyən edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12, 49, 51.4, 53, 56.7, 84.0.4-cü maddələrinə, «Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanının müddəalarına əsaslanaraq, məhkəmədən İddiaçı iddia tələbinin əsassız hesab edilməklə mümkünsüz sayılması xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının müraciət etdiyi 27 dekabr 2019-cu il tarixdən müharibə veteranı kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının müraciət etdiyi 27 dekabr 2019-cu il tarixdən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. AR Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 13 sentyabr 2011-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma almış və sonradan xidmətdən tərxis olunmuşdur. Ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Onun mülkiyyətində ayrıca yaşayış sahəsi və torpaq sahəsi yoxdur. İddiaçı hazırkı cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə müraciət edərək, 2-ci qrup əlil, müharibə veteranı kimi mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin cavabdeh həmin məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsəıdləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma məsələsinə baxıla bilər. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edir. «İnzibati icraat haqqında» AR Qanununun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə görə dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: (53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, (53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 12-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə “iddianın mümkünlüyü” ilə bağlı qeyd edir ki, iddiaçı mənzil növbəsinə, yəni mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində uçota götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyindən, cavabdeh isə məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Göstərilənləri və iddianın mümkünlüyünü istisna edən başqa xüsusatarın olmamasını nəzərə aalaraq, məhkəmə iddianı mümkün sayır. Məhkəmə qeyd edir ki, iddiaçının müraciəti üzrə inzibati icraatda cavabdeh inzibati orqan onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma alması, müharibə veteranı olması və ona 2-ci qrup əlillik verilməsi nəzərə alınmalı idi. Çünki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbləri bu kateqoriyadan olan hərbi qulluqçuların nəinki mənzil növbəsinə götürülməsini, hətta onlara növbədənkənar şəkildə mənzil verilməsini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qaydaların 24-cü bəndinə görə yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aşağıdakı şəxslərə birinci növbədə verilir: “d” İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular arasından İİ qrup əlillərə. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş “dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması”nın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hal-hazıradək müəyyən edilməməsi iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına mane olan hal qismində çıxış edə bilməz. Həmçinin, cavabdeh inzibatri orqan apardığı inzibati icraatda formal xarakterli hallara görə imtina etməməli, həmin halların aradan qaldırılması üçün tədbir görməklə iddiaçının müraciətinə onun arzuladığı hərəkətin edilməsi, qərarın qəbulu nəzərə alınmaqla mahiyyəti üzrə baxmalı idi. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin İddiaçı müraciət etdiyi tarixdən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı müraciət etdiyi 27 dekabr 2019-cu il tarixdən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı müraciət etdiyi 27 dekabr 2019-cu il tarixdən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2889/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2889/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver