Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2889/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçıya 24 iyul 2015-ci il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, anadan gəlmə lal-kar olduğu üçün əlillik statusunda olan şəxsdir, əlillik ona 22 noyabr 1997-ci il tarixdə verilmişdir. Anasının vəfatından sonra ailə başçısını itirməyə görə pensiya təyinatı ilə əlaqədar müraciət etmiş, müraciətin təminindən imtina edilmişdir. İmtina onunla əsaslandırılır ki, ona əlillik 18 yaşından sonra təyin edilmişdir. Halbuki, o, uşaqlıqdan əlildir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılır ki, iddiaçıya ilkin əlillik təyinatı 22 oktyabr 1997-ci il tarixdə,yəni 18 yaşından sonra aparılmışdır. Ailə başçını itirməyə görə pensiya 18 yaşına çatanadək iddiaçının sağlamlıq imkanının məhdudluğu müəyyən edilmədiyindən təyin edilməsi mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilir ki, iddiaçıya ilkin əlillik təyinatı 22 oktyabr 1997-ci il tarixdə,yəni 18 yaşından sonra aparılmışdır. Ailə başçını itirməyə görə pensiya 18 yaşına çatanadək iddiaçının sağlamlıq imkanının məhdudluğu müəyyən edilmədiyindən təyin edilməsi mümkün olmamışdır. Agentliyin məktubunda və əlillik altsistemində olan məlumatlarda qeyd edilir ki, iddiaçıya 22 oktyaybr 1997-ci il tarixdən ilkin əlillik təyinatı aparılmışdır. Xəstəliyin beynəlxalq təsnifatı anadangəlmə anomaliya, göz,qulaq,üz və boyun nadangəlmə anomaliyaları ilə əlaqədardır, diaqnozun mətni anadangəlmə lal-karlıq, meyar hər iki qulağın karlığı ilə əlaqədardır. Müraciət vərəqəsi və ərizədən görünür ki, iddiaçı pensiya təyinatı ilə əlaqədar ilkin olaraq 23 iyul 2024-cü il tarixdə müraciət etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X1 24 iyul 2015-ci il tarixdə tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Qanunun: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:[59] 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;[60] 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;[61] 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1- 1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçının əlillik təyinatına əsas olmuş xəstəliyinin 18 yaşı tamam olmamış iddiaçıda mövcud olubolmaması ilə əlaqədardır. Belə ki, cavabdeh ailə başçısını itirməyə görə pensiya təyinatından imtinanı onunla əsaslandırır ki, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs ailə başçısının itirilməsinə görə aidiyyəti növ pensiya təyinatı hüququna malikdir. İddiaçıya isə əlillik 18 yaşından sonra təyin edilmişdir. İddiaçı isə, onda əlillik təyinatına əsas olmuş xəstəliyin 18 yaşı olmamış qazanılmasına istinadla müraciətin təmin olunmasını iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının əlillik təyinatına əsas olan xəstəliyin yaranma zamanı onun 18 yaşı olmamış olduğundan iddia tələbi qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin faktiki hallarından görünür ki, cavabdehin istinad etdiyi faktiki şərt üzrə sübut qismində təkcə əlillik altsistemindən əlillik təyinatına dair məlumatın əks olunduğu çıxarışdır. Halbuki, cavabdeh iddiaçı tərəfindən təqdim edilməsi mümkün olan sübutları nəzərə almamış, məhkəmə tərəfindən toplanılması mümkün olan bütün sübutlar və işin digər halları isə müraciətin təminindən imtinanın qanunsuz və əsassız olmasına dəlalət etmişdir. Qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır. əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya əlillik təyinatına dair altsistemdə olan məlumatlara əsasən 18 yaşından sonra əlillik təyinatı aparılsa da, əlillik təyinatına əsas olmuş xəstəlik anadangəlmə anomaliya, göz,qulaq,üz və boyun anadangəlmə anomaliyaları,, diaqnozun mətni anadangəlmə lal-karlıq, meyar hər iki qulağın karlığı ilə əlaqədardır. Xəstəliyin adından da görünür ki, adıçəkilən xəstəlik anadangəlmədir, yəni təyinatın aparılmasının tarixindən asılı olmayaraq, əlillik təyinatına əsas olan xəstəliyin məhz 18 yaşa çatanadək olması müəyyən edilməkdədir. Qeyd olunur ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2925/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardan (★★★) görünür ki, formalaşmış məhkəmə təcrübəsi də göstərilən istiqamət üzrədir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya 24 iyul 2015-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyinatı aparılmalıdır. Ödənilməmiş pensiya ödənişlərin ödənilməsi hissəsində isə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Ali Məhkəmənin İnzibati Kollegiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki:
102. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birinin pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişdir.
103. Yeni tənzimləmənin legitim məqsədlərə xidmət etdiyi, həmçinin onunla bağlıdır ki, söhbət pensiya təminatı sahəsindən getdiyi üçün bu sistemin tərkibində olmaqla ödəniş alan şəxslərin sayı olduqca çoxdur və onlara ödənilən vəsaitlər büdcə xərclərində xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi pensiyaçıların və müavinət alanların sayı ilə yanaşı, onlara ödənilən vəsaitlərin həcmi də ilbəil əhəmiyyətli dərəcədə artır (bax – 56-60-cı bəndlər). Bu hal həmin sahədə səmərəli idarəçiliyin qurulmasını və proqnozlaşdırıla bilən vəziyyətin yaradılmasını tələb edir. Bunun üçün isə keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin hansısa bir müddətlə məhdudlaşdırılması legitim məqsədlərə xidmət edən ağlabatan və əsaslandırılmış tədbirlərdən biri kimi çıxış edir və sözsüz ki, pensiya sistemində maliyyə vəsaitlərinə müəyyən qədər qənaət edilməsi ilə nəticələnəcəkdir.
107. Kollegiya qeyd edir ki, müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilibedilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.
109. Nəhayət kollegiya onu da qeyd edir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il Qərarında qeyd edilir ki: Müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Qeyd olunmalıdır ki, Qanunun müddəalarından, eləcə də, Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutlar məhkəməyə və ya inzibati orqana təqdim edilmirsə, pensiya təyinatının aparılmalı olduğu tarix və ödənişin həmin tarixdən edilməli olmasına dair fərqli qayda tətbiq edilir. İşin faktiki hallarından da görünür ki, iddiaçıya pensiya təyinatı 24 iyul 2015-ci il tarixdən aparılmalı olsa da, ödəniş həmin tarixdən yox, yuxarıda göstərilən normaların tələblərinə əsasən müraciət edilən tarixdən əvvəlki 3 il üçün müəyyən edilir. Bu zaman hər hansı müraciət etmənin gecikməsinə dair üzrlü səbəb göstərilməmişdir. Bu səbəbdən də, iddia qismən təmin edilməli, ödənilməmiş pensiyanın ödənilməsi iddiaçının müraciət etdiyi 23 iyul 2024-cü il tarixdən əvvəlki üç ildən, yəni 23 iyul 2021-ci il tarixdən hesablanmaqla ödənilməlidir. Odur ki, iddia qismən təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin olunsun. İddiaçı 24 iyul 2015-ci il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin isə 23 iyul 2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov