Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2891/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X2 3-cü şəxs 7 saylı şəhər poliklinikasının nümayəndəsi X12 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 və Reabilitasiya Xidmətinə qarşı 7 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 və Reabilitasiya Xidmətinə qarşı 7 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, iddia ərizə ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsi müəyyən edilməsindən imtinanın qanunsuz hesab edilməsi və xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla ona ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 ildən artıqdır ki, ağır formalı şəkərli diabet, hipertoniya, ürək-damar, qara-ciyər və sair xəstəliklərdən əziyyət çəksə də, məcburən işləyərək ailəsini, uşaqlarını saxlayırdı. Lakin 2018-ci ilin dekabr ayında infarkt keçirib. Səhhəti kəskin pisləşdiyindən ağır vəziyyətdə xəstəxanaya aparılmış və “Zəfəran” hospitalında onun üzərində açıq ürək əməliyyatı keçirilmişdir. Ürəyini qidalandıran 4 damarda koronar şuntlama əməliyyatı icra olunmuşdur. Həmin vaxtdan mütəmadi olaraq ambulator və stasionar müalicələr alsa da sağlamlığı bərpa olunmur. Əməliyyatdan sonra ağır ürək çatışmazlığı ilə yanaşı, şəkərli diabet xəstəliyi daha da kəskinləşib, yüksək dozalı insulin qəbul edir, eyni zamanda qaraciyər, öd xəstəlikləri də ağırlaşma baş verib. Açıq ürək əməliyyatı olandan 6 ay sonra qeydiyyatda olduğu 7 saylı Bakı şəhər poliklinikasından ona əlillik dərəcəsi təyin olunması üçün sənədləri Əmək və X9 Nazirliyinin yanında Dövlət Sosial Ekspertiza Xidmətinə göndərilmişdir. Lakin qeyd olunan xidmət tərəfindən xx xxxxxx 2019-cu il tarixdə əlillik təyin olunmasından imtina olunmuş və səbəb olaraq göstərilmişdir ki, əlavə müalicəyə ehtiyacı var, ixtisaslaşmış müalicəsi davam etsin. Xəstəliyinin kəskinləşməsi səbəbindən bu ilin oktyabr ayında yenidən, artıq 3-cü dəfə Elmi-Tədqiqat kardiologiya institutuna yerləşdirilmiş, müalicə olunmuşdur. Xəstəxanada xəstəliyinin ağır formada inkişafının davam etməsi bir daha təsdiq olunmuşdur. Elmi Tədqiqat kardiologiya institutundan verilmiş Ambulator kitabçadan çıxarışda əsas xəstəlik - ÜİX-infarktdan sonrakı kardioskleroz, Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət; Əsas xəstəliyin ağırlaşması - xroniki ürək çatışmazlığı İİİ (üç) Funksional sinif (FS), tez-tez təkrarlanan kəskin sol mədəcik çatışmazlığı; Yanakı xəstəliklər - Arterial hipertoniya xəstəliyi İİİ (üç), çox yüksək risk qrupu, beyin damarlarının arterosklerozu, şəkərli diabet 2-ci tip, diabetik polineyropatiya diaqnozu qoyulmuşdur. Qeyd olunan Ambulator kitabçadan Çıxarışı və digər Tibbi sənədləri yaşadığı əraziyə xidmət edən 07 saylı şəhər poliklinikasına təqdim etmiş və poliklinika ona əlillik dərəcəsi təyin olunması üçün yenidən Azərbaycan Respublikası ƏƏSMN-nin MEİS-nin X14 və X6 (TSERAS) göndəriş daxil etmişdir. Lakin cavabdeh növbəti dəfə ona əlillik dərəcəsi təyin etməkdən imtina etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli imtina məktubunda qeyd olunur ki, Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi xəstənin TSEK-ə göndərişində müayinələrin nəticələri diaqnozda öz əksini tapmır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur və onun hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0170003AADJJ saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0170003AADJJ saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, ÜİX Qeyri-stabil stenokardiya” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx4 əməliyyatından sonrakı vəziyyət. Durğunluq ürək çatmamazlığı, ÜÇ-İİİ dərəcə İV f/s.” xəstəlikləri qeyd edilmişdir. Yanaşı xəstəliklər kimi "[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ mərhələ çox yüksək risk insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli. Hipotireozun digər formaları, Hipotireoz, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), Tor qişanın qeyri proliferativ diabetik angiopatiyası, Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineyropatiya, Xroniki beyin qan dövranı pozğunluğu” xəstəlikləri qeyd edilmişdir. Göndəriş səthi yazılıb, əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, köməkçi diaqnostik müayinələrlə obyektiv müayinənin nəticələri bir birini tamamlamır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və ətraflı müayinənin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0170003AADMY saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0170003AADMY saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş xəstəliklər əvvəlki göndərişdə olduğu kimi qeyd edilmişdir. Bu göndərişdə də əvvəlkində olduğu kimi, əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, köməkçi diaqnostik müayinələrlə obyektiv müayinənin nəticələri bir birini tamamlamır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “X1 haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında X1 tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş hər iki göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli X1 tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X7 iddianın mahiyyəti üzrə izahat verərək, iş üzrə verilmiş ekspert rəyinin nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X13 etirazda qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən göstərilənlərin nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X16 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 7 saylı şəhər poliklinikası tərəfindən verilmiş göndəriş (TQS 088) tam müfəssəl tərtib edilmiş, məhkəmə mübahisəsi davam etdiyi üçün yeni göndərişin (TQS 088) tərtib olunması mümkün olmamışdır, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti göndərişi elektron informasiya sistemi vasitəsilə qəbul etdiyi üçün, vətəndaşı yerində müayinə edə bilmirlər. Xidmət tərəfindən imtinaya əsas ola biləcək vətəndaşın ürək əməliyyatından əvvəlki xəstəliyi də göndərişdə qeyd edilmişdir və İddiaçı keçirdiyi açıq ürək əməliyyatı ona əlillik dərəcəsinin müəyyən edilməsi üçün əsas verir. Üçüncü şəxsin nümayəndəsi X16 iş üzrə verilmiş ekspert rəyinin nəzərə alınmaqla mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə tərəflərin və 3-cü şəxsin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Füzuli rayon polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Füzuli rayonu, Gecəgözlü kəndində doğulmuş İddiaçı Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatdadır. İş materiallarından görünür ki; 7 №li şəhər poliklinikası tərəfindən xx xxxx 2019-cu il tarixli 0170003AADJJ saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, ÜİX Qeyri-stabil stenokardiya” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx4 əməliyyatından sonrakı vəziyyət. Durğunluq ürək çatmamazlığı, ÜÇ-İİİ dərəcə İV f/s.” xəstəlikləri qeyd edilmişdir.Yanaşı xəstəliklər kimi "[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ mərhələ çox yüksək risk insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli. Hipotireozun digər formaları, Hipotireoz, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), Tor qişanın qeyri proliferativ diabetik angiopatiyası, Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineyropatiya, Xroniki beyin qan dövranı pozğunluğu” xəstəlikləri qeyd edilmişdir. Həmin arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: əlavə ixtisaslaşmış müalicə davam etsin. Diaqnoz: 120.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, ÜİX qeyri-stabil stenokardiya. 7 №li şəhər poliklinikası tərəfindən xx xxxxxx 2019-cu il tarixli 0170003AADMY saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstənin TSEK-ə göndərişində aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapmır. Hazırda iddiaçı ona əlillik dərəcəsinin təyin olunmasını istəyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 180/2020 saylı (ekspertizanın başlanma tarixi xx xxxx 2020-ci il, başa çatma tarixi xx xxxx 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müvafiq müayinələrdən keçdikdən sonra ona “ürəyin işemiya xəstəliyi, gərginlik stenokardiyası (g.s. İİİ), AF 40 %, hipertoniya xəstəliyi İİ tip, yüksək risk, şəkərli diabet İİ dərəcə, (insulin tələb edən); AKŞ x 4, QDÇ İİİ faza” diaqnozu müəyyən edilmişdir. İş materiallarında İddiaçı adına 7 №li şəhər poliklinikası tərəfindən xx.xx.2019-cu il tarixli 0170003AADJJ saylı və xx.xx.2019-cu ul tarixli 0170003AADMY saylı göndərişlərdə, №: 88 saylı arayışda qeyd edilən xəstəliklərlə əlaqədar əlillik vəziyyətinin Tibbi X4 tərəfindən qiymətləndirilərək dərəcə verilməsi üçün şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, müalicə tədbirləri və onların səmərəliliyi əsaslandırılmış formada göstərilmişdir. İş materiallarında 7 №li şəhər poliklinikasında İddiaçı adına əlillik vəziyyətinin təyini üçün Tibbi X4 tərəfindən qiymətləndirilməsi üçün doldurulmuş №: 88 saylı arayışlarda qeyd edilən xəstəliklər aparılmış müayinələr əsasında bir daha öz təsdiqini tapmışdır. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilətəsdiq edilmiş“X1 haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqanamüraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada)aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (X1) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “X3 Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X10 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1964-cü ildə Füzuli rayonu, Gecəgözlü kəndində doğulmuş İddiaçıxx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1964-cü ildə Füzuli rayonu, Gecəgözlü kəndində doğulmuş İddiaçı xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2891/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2891/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver