Məhkəmə qərarları › İş №2-1(112)-2892/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2892/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2892/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidməti nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə (hazırki 1 saylı Xidmət nümayəndəliyinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, iddiaçının x xxxxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1983-cü ilə qədər cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 7 saylı cəzaçəkmə müəssisəsində x xxxxxxxx 1979-cu il tarixdən işlədiyi dövrün əmək stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin xx.xx.2016-cı il tarixindən hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinin üzərinə qoyulmasını xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul olunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Qaradağ rayon Şöbəsinə rəsmi müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciətinə əmək kitabçasını və Ədliyyə Nazirliyi Penitensiar Xidməti 7 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən əmək stajı haqqında arayışı əlavə etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış məktuba əsasən stajın əmək kitabçada 11 il 01 gün olduğunu bildirirərək və 7 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən verilmiş əmək stajı haqqında arayış məhkəmə qaydasında təsdiq edildikdən sonra iddiaçıya əmək pensiyası təyin ediləcəkdir. Əmək pensiyası alınması üçün 12 il əmək stajı olmalıdır. Halbuki, iddiaçının əmək stajı 20 ilə yaxındır. Belə ki, iddiaçı 1974-cü ilin may ayından 1978-ci ilin iyun ayına kimi Ədliyyə Nazirliyi P.X-nın 2 saylı cəzaçəkmə müəssisəsində işəmuzd əməklə məşğul olmuş, iddiaçının əməyə yaxşı münasibəti olduğu üçün, onu Qazaxstan Respublikasının Canataş şəhərində yerləşən xüsusi müəssisəyə keçirilərək və orada SNPE deyilən idarədə 7 ay işəmuzd əməklə məşğul olunmuşdur. Həmçinin, 1979-cu ildən 7 saylı cəzaçəkmə müəssisəsində işəmuzd əməklə məşğul olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmətinin nümayəndəsi N.Hüseynzadə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək son olaraq bildirmişdir ki, iş üzrə iddiaçının cəzasını çəkdiyi 7 saylı cəzaçəkmə müəssisənin müdriyyəti məhkuma pensiya təyin edilməsi üçün təqdimatı və əmək stajına daxil edilən dövrlər barədə arayışları Fondun müvafiq şöbəsinə təqdim etməmişdir. Belə olduğu halda lazımi sənədlər şöbə tərəfindən araşdırılmadığı üçün iddiaçının əmək kitabçası əsas götürülmüş, mübahisəli dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün isə pensiya təyin edilməsindən imtina edilmişdir. Bundan əlavə etirazdan qeyd olunmuşdur ki, şəxsin cəzaçəkmə müəssisəsində işlədiyi illərin iş stajına daxil edilməsi üçün ilk öncə həmin illər məhkəmə qərarı ilə tanınmalıdır. Yalnız bu fakt tanındıqdan sonra şəxsə mübahisəli illərin staja daxil edilərək pensiyanın təyin edilməsi məsələsinə inzibati qaydada baxıla bilər. Odur ki, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AZE ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1952-ci il təvəllüdlüdür, ünvan 2i ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli, **********9 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək pensiyalarının təyin edilməsi üçün əmək kitabçası təqdim edilməli, iddiaçı tərəfindən əmək kitabçası təqdim edildikdən sonra əmək pensiyası hüquqununa baxılacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün 12 ildən az olmayaraq əmək stajı tələb olunur.Təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçının 11 il 01 gün əmək stajı vardır. 7 saylı cəzaçəkmə müəssisəsində xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü ilə qədər işəmuzd işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün məhkəmə qaydasında təsdiq olunmalıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 7 saylı cəzaçəkmə müəssisəsinin xx xxxxxx 2020-ci il tarixli, 63 saylı arayışından görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı xx xxxxx 1979-cu il tarixdə 1 saylı İstintaq Təcridxanasından 7 saylı cəzaçəkmə müəssisəsinə daxil olmuş xx xxxxxx 1983-cü il tarixdə cəzadan azad edilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək müəssisədə işəmuzd əməklə məşğul olunmuşdur. İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - xx.xx.1969-cu il tarixdə Əli bayramlı DRES Tİ-də 3-cü dərəcəli malyar vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1969-cu il tarixdə -cü dərəcəli malyar vəzifəsinə keçirilmiş və xx.xx.1969-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1970-ci il tarixdə 28 №-li peşə məktəbinə istehsal təlimi üzrə usta vəzifəsinə qəbul olunmuş və xx.xx.1971-ci il tarixdə həbsinə görə işdən azad edilmiş; xx.xx.1971-ci il tarixdə SU Alibayramlı QRES-ə fəhlə vəzifəsinə qəbul olunmuş, xx xxxxxxxx 1971-ci il tarixdə 2-ci dərəcəli malyar vəzifəsinə keçirilmiş, xx.xx.1972-ci il tarixdə 3-cü dərəcəli malyar vəzifəsinə keçirilmiş və xx.xx.1973-cü il tarixdə işdən azad edilmiş; xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixədək Pambıqçılıq Sovxozunda işləmiş; xx.xx.1987-ci il tarixdə Əli Bayramlı mexanikatəmir zavoduna 2-ci dərəcəli daşıyıcı vəzifəsinə qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə mühafizəçi vəzifəsinə keçirilmiş və xx.xx.1990-ci il tarixində işdən azad olunmuşdur. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 8 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 17/23-163 saylı cavab məktubuna əlavə olunmuş arayışdan görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı xx xxxxx 1979-cu il tarixdə 1 saylı İstintaq Təcridxanasından 7 saylı cəzaçəkmə müəssisəsinə daxil olmuş xx xxxxxx 1983-cü il tarixdə cəzadan azad edilmişdir. İddiaçı xx xxxxxxxx 1979-cu il tarixdən müəssisədə işəmuzd əməklə məşğul olunmuşdur. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1952-ci ildir, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona 7 saylı cəzaçəkmə müəssisəsində xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək işəmuzd işlədiyin dövrün əmək kitabçasında qeyd olunmadığından, əmək stajının 12 ili tamamlanmasına (11 il 01 ay) görə müraciətindən imtina edilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək ümumiyyətlə cəzaçəkmə müəssisəsində işləyibişləməməsi araşdırılmalı, əmək kitabçasında həmin dövr qeyd olunmadığı üçün aidiyyəti üzrə arayış alınmalıdır. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh etiraz ərizəsində, həmçinin, cavabdeh orqanını təmsil edən nümayəndə məhkəmə iclaslarında iştirak edərkən, iddianın mümkün sayılmamalı olduğunu bildirir. Bu halı isə onunla əsaslandırır ki, iddiaçı tərəfindən ilk öncə cəzaçəkmə müəssisəsində işləməsi faktı məhkəmə qaydasında təsdiqlənməli və yalnız əmək satjı təsdiq olunduqdan sonra ona əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Həmçinin, cavabdeh iddiaçı tərəfindən müraciət edilən zamanı zəruri sənədlərin təqdim olunmaması səbəbi ilə iddianın mümkün sayılmamasını xahiş edir. Məhkəmə cavabdehin mülahizələrinə münasibətdə bildirir ki, İddiaçı tərəfindən əmək stajının təsdiq edilməsi ilə bağlı Qaradağ rayon məhkəməsinə ərizə ilə müraciət olunmuş və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-3394/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizənin icraata qəbulundan imtina olunması qərara alınmış və aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməsinə müraciət etməsi izah olunmuşdur. Məhkəmə qeyd edir ki, vətəndaşın işlədiyi dövrü əmək kitabçasında olmadığı təqdirdə, həmin əmək stajının yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən aidiyyəti üzrə müəssisədən işləməsini təsdiq edən sənədlər (əmr, arayış və s.) alınması halı araşdırılmalı və pensiya təyin olunarkən, həmin illərin sosial sığorta stajına əlavə olunub-olunmaması müəyyənləşdirilməlidir. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən, 7 saylı cəzaşəkmə müəssisəsində işəmuzd işlədiyin dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı araşdırmanın aparılması hazırki məhkəmənin səlahiyyətindədir. Sənədlərin təqdim edilməməsi ilə bağlı isə Məhkəmə qeyd edir ki, bu hal İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən əsaslara aid edilmir. Belə ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılarkən, onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əmək stajının 12 il tamamlanması bildirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmiş və onlar arasında artıq inzibati mübahisə yaranmışdır. Odur ki, iddia mümkün iddiadır. İddianın mahiyyəti: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək olan redaksiyasına görə, 62 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 1952-ci il 25 dekabr tarixdə doğulduğu nəzərə alındıqda, onun 62 yaşının tamam olduğu (xx.xx.2014) vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtləri ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərt isə iddiaçının azı 12 il sığorta stajına malik olmasıdır. Cavabdeh sözügedən dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən iki hala istinad edir – 1) iddiaçının ümumilikdə 11 il 01 ay stajının olması; 2) iddiaçının 7 saylı cəzaçəkmə müəssisəsində işəmuzd işlədiyin dövrün əmək kitabçasında göstərilməməsi Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin çəza çəkdiyi dövrdə cəzaçəkmə müəssisələrində işəmuzd qaydada işlədiyi dövrlərin əmək stajına daxil edilməsi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi uçun sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında Təlimatın və Əmək pensiyaları haqqında Qanunun normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 90.4-cü maddəsinə əsasən, əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məlumatları həmin şəxslərin bu Məcəllənin 71.1-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürür və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi uçun sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında Təlimatın1.2-ci və 1.3-cü bəndlərinə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər dövlət məcburi sığortalanmasına cəlb olunurlar, qadın məhkumlar isə bundan əlavə ümumi əsaslarla hamiləliyə və doğuşa görə müavinətlə təmin olunurlar. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi əsaslarla yaşa, əlilliyə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda pensiya təminatı hüququna malikdirlər. Həmin Təlimatın 2.5-ci bəndinə görə, dövlət pensiyası təyin edilərkən, tələb olunan sənədlərlə birlikdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisənin yerləşdiyi ərazidəki Mərkəzə məhkuma pensiya təyin edilməsi üçün təqdimatı, onun şəxsiyyətini təsdiq edən sənədin əslini, cəzaçəkmə müəssisəsində saxlanılması haqqında (1-ci əlavə) və cəza çəkdiyi dövrdə onun əmək stajına daxil edilmiş vaxt haqqında arayışları təqdim etməlidir. Əgər məhkumu şəxsi işində lazımi sənədlər olmazsa, cəzaçəkmə müəssisəsinin müdiriyyəti qabaqcadan bu sənədlərin əldə edilməsi üçün tədbirlər görür. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktın tələbindən görünür ki, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya təyin olunarkən, onun cəzaçəkmə müəssisisəndə işlədiyi işəmuzd illəri əmək stajına daxil edilməlidir. Həmin illərin daxil edilməsi isə müvafiq olaraq pensiya təyin edilməsi üçün təqdimatı, cəza çəkdiyi dövrdə onun əmək stajına daxil edilmiş vaxt haqqında arayışı və şəxsiyyətini təsdiq edən sənədin əslini aidiyyəti üzrə inzibati orqana göndərməlidir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cəza çəkdiyi dövrdə işəmuzd illərini əmək stajına əlavə edilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək işəmuzd işlədiyin dövrün əmək kitabçasında göstərilməməsinə münasibətdə isə bildirir ki, yaranmış bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır. İddiaçının məhkum olunan dövrdə işəmuzd işləyib-işləməməsini isə müvafiq olaraq cəzəçəkmə müəssisəsinin arayışı əsasında müyyən edilməlidir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən ilkin olaraq təqdim olunmuş arayışda iddiaçının xx.xx.1979-cu il tarixdən müəssisədə işəmuzd əməklə məşğul olunması göstərilmişdir ki, həmin arayış əsasında iddiaçının işlədiyi dövrün müəyyən edilməsi mümkün olmamışdır (natamam məlumat əsasında). Məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq 7 saylı cəzaçəkmə müəssisəsinə sorğu göndərildikdən sonra isə iddiaçının xx xxxxx 1979-cu il tarixdə 1 saylı İstintaq Təcridxanasından 7 saylı cəzaçəkmə müəssisəsinə daxil olması, xx xxxxxx 1983-cü il tarixdə cəzadan azad edilməsi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək müəssisədə işəmuzd əməklə məşğul olunması məlum olmuşdur. Beləliklə, iddiaçının məhkum olunan zaman cəzaçəkmə müəssisəsində işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1979-1982-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə cəzaçəkmə müəssisəsində işlədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 7 saylı cəzaçəkmə müəssisəsinin xx xxxxxx 2020-ci il tarixli, 63 saylı arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1979-1982-ci illərdə cəzaçəkmə müəssisəsində məhkum olunduğu zaman işəmuzd işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları cəzaçəkmə müəssisəsinin arayışı əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 7 saylı cəzaçəkmə müəssisəsinin xx xxxxxx 2020-ci il tarixli, 63 saylı arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının cəzaçəkmə müəssisəsində işəmuzd fəaliyyəti əmək kitabçasında göstərilməsə də, onun 1979-1982-ci illərdə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 7 saylı cəzaçəkmə müəssisəsində iddiaçıya məxsus sənədlərə istinadla arayış formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 7 saylı cəzaçəkmə müəssisəsinin xx xxxxxx 2020-ci il tarixli, 63 saylı arayışı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. İddiaçı tələbində həmçinin, ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə əmək kitabçası ilə birlikdə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2016-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, x xxxxxxxx 1979-cu il tarixdən x xxxxxx 1982-ci ilə qədər cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə iddiaçıya pensiya hüququ yarandığı xx xxxxxx 2014cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2019) geriyə 3 il üzrə yəni, xx.xx.2016-cı il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçının x xxxxxxxx 1979-cu il tarixdən x xxxxxx 1982-cü ilə qədər cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə iddiaçıya pensiya hüququ yarandığı xx xxxxxx 2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2019) geriyə 3 il üzrə yəni, xx.xx.2016-cı il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar