Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2893/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş Baş prokuror tərəfindən Konstitusiya və əmək qanunvericiliyinin elementar tələbləri kobud surətdə pozulmaqla sərəncamda saxlanıldığı 60 ayın 25 ayının əmək haqqı alıb, qalan 35 ay ərzində isə ödənilməmiş 114201,25 manat məbləğində qanuni əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək işsiz qaldığından bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20.08.1985-ci il tarixdən 23.07.1993-cü il tarixədək Bakı şəhəri Səbail rayon prokurorluğunun baş müstəntiqi, 23.07.1993-cü il tarixdən 10.12.1993-cü il tarixədək Baş prokurorluğun Cəzaların icrasına nəzarət şöbəsinin prokuroru, 10.12.1993-cü il tarixdən 04.09.2000-ci il tarixədək, yəni şöbə ləğv olunanadək Baş prokurorluğun İqtisad Məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifələrində qüsursuz xidmət edərək, yalnız mükafatlandırıldığı halda, qanunların icra və tətbiqinə nəzarət etməli orqan olan Baş prokurorluğun keçmiş rəhbərinin hüquqi niqlizminin nəticəsi olaraq, 04.09.2000-ci il tarixdən 10.09.2005-ci il tarixədək, yəni 5 il 6 gün müddətində sərəncamda saxlanıldığından, 10.09.2005-ci il tarixdə uzun müddət Mərkəzi Aparatda xidmət etmiş, Prokurorluq orqanlarında 20 il staja və ədliyyə müşaviri rütbəsinə malik olduğu halda, rəyi belə soruşulmadan 5-ci təsnifatdan, stajorlarla birlikdə, sıradan sonuncu olan 9-cu təsnifata, özü də kənd rayonlarından birinə köməkçi təyin edildiyindən, eləcə də 10 il ərzində davam etmiş şəxsi qərəzliyin təqib və təzyiqlər yolu ilə 26.11.2010-cu il tarixdə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, işsiz qaldığından qanuni hüquqları tapdalanmışdır. Keçmiş Baş prokuror şəxsi qərəzlik zəminində ona qarşı kobud surətdə qanuna zidd hərəkətlərə yol verib, sərəncamda saxladığı 5 il 6 gün müddətin, yəni 60 ayın 25 ayının aylıq əmək haqqı alıb, qalan 35 ay ərzində isə Konstitusiyanın 35-ci maddəsinin Vİ hissəsinin, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinin və Əmək Məcəlləsinin 178.1-ci maddəsinin 2-ci hissəsi, 191.2, 194.2, 195-ci maddəsinin “d” bəndi, 196.1, 288-ci maddəsinin “d”, “h” bəndləri və 291.1-ci maddələrin tələblərini pozaraq, aylıq əmək haqqı almaqdan məhrum etdiyinə, eləcə də Qarabağ hadisələrinin istintaqı ilə bağlı Milli və dövlət mənafelərinin xəyanətkar hərəkətlərdən qorunması naminə vətənpərvərlik göstərək, onun qanunsuz hərəkətləri barədə cənab Prezidentə ünvanladığı rəsmi müraciətinə və 21 bənddən ibarət olan təkliflərinə görə, şəxsi qərəzlik zəminində, vəzifəsindən sui-istifadə etməklə, təqib və təzyiqlər göstərmək yolu ilə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən (Mülki Məcəllənin 21.2-ci maddəsi - əldən çıxmış fayda) məhrum edildiyinə görə, qanunla qorunan mənafelərinə zərər vurulmuşdur. Belə ki, Zakir Qaralov Baş prokuror vəzifəsinə təyin olunana qədər 15 il ərzində prokurorluq orqanlarında qüsursuz xidmət edərək, xüsusilə də 100-dən artıq açılmamış qəsdən adam öldürmə cinayətlərinin istintaqını müvəffəqiyyətlə başa çatdırdığına və dövlət büdcəsindən mənimsənilmiş 100 milyon manatadək pul vəsaitinin geri qaytarılmasını, habelə 2 dəfə dövlət başçısının tapşırığının icrasını, özü də onlardan birini Milli Öndərin tapşırığı əsasında hökumət nümayəndə heyətinin tərkibinə rəsmən daxil edilməklə təmin etdiyinə görə, konkret işlər üzrə 8 dəfə rəsmi əmrlərlə təşəkkür, pul mükafatı, fəxri fərman, növbədənkənar və vaxtından əvvəl rütbələr verilməsi kimi mükafatlarla təltif olunmuşdur. Prokurorluq orqanlarında islahatlar aparmaq adı ilə heç bir xidməti olmayan səriştəsiz şəxslərin şəxsi münasibətlər zəmnində yüksək vəzifələrə təyin olunmasına, göstərdiyi xidmətlər nəzərə alınmayaraq, şöbənin ləğv edilməsi adı altında, əslində isə şəxsi qərəzlilik zəmnində sərəncamda saxlanıldığına görə, Z.Qaralov tərəfindən aparılan kadr siyasətindəki ədalətsizliyə etiraz edərək, prokurorluq orqanlarında qalıb - qalmamaq məsələsinin qısa müddət ərzində baxılıb həll edilməsinə dair 11.09.2000-ci il tarixdə raport vermişdir. Raportu əsasında aparılmış yoxlama ilə həmişə vəzifə borcunun öhdəsindən layiqincə gəldiyi, odur ki, tutduğu vəzifələrə uyğun olduğu müəyyən edilsə də, keçmiş Baş prokurorun şəxsi qərəzliliyindən doğan ambisiyaların qurbanına çevrilərək, həmin raportun cəzası olaraq 10.09.2005-ci il tarixədək, yəni 5 il 6 gün müddətində sərəncamda saxlanıldı. Baxmayaraq ki, raportu əsasında həyata keçirilmiş yoxlamanın nəticəsinə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əsasən ştatların ixtisarına görə vəzifədən azad edildikdə, 3 ayadək müddət ərzində yeni təyinat almalı idi. Lakin, keçmiş Baş prokuror tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş qanunun aliliyi prinsipinə məhəl qoyulmadığı üçün, onun hüquqi niqlizimin nəticəsi olaraq uzun müddət sərəncamda saxlanılmaqla, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş oldu. Mövcud əmək qanunvericiliyinin tələblərinə əsasən, işçi ilə əmək münasibətlərinə daxil olan işəgötürən əmək münasibətlərinə xitam verilən anadək öz iradəsindən asılı olaraq işçinin əməyindən hansı formada istifadə edib - etməməsindən asılı olmayaraq, ona vaxtlı - vaxtında aylıq əmək haqqı ödəməyə borcludur, bu işəgötürənin qanun qarşısında borcu və qanunla müəyyən edilmiş öhdəliyidir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, işəgötürən qanunla müəyyən edilmiş hallarda, işçini yalnız 3 ayadək müddət ərzində sərəncamda saxlamaq səlahiyyətinə malikdir. Odur ki, mövcud qanunvericiliyin bu tələbi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 12-ci maddəsinin dispozisiyasında göstərilir ki, “Prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə, 3 ayadək müddətdə sərəncamda ola bilər”. Bu müddət ərzində işçi ilə mövcud olan əmək münasibətlərini həll etmək işəgötürənin qanun qarşısında borcudur. Ona qarşı şəxsi qərəzlik zəmnində öz vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui-istifadə etməklə, qanuna zidd hərəkətlərə yol verməsinin nəticəsi olaraq, qanunla qorunan mənafelərinə zərər vurmuş şəxs, dövlət hakimiyyəti orqanının yüksək vəzifəli şəxsi olmuş keçmiş Baş prokuror olduğundan, Konstitusiya və mövcud qanunvericiliyin tələblərinə əsasən, vurulmuş ziyanın ödənilməsini Baş prokurorluqdan tələb etməlidir və vurulmuş ziyan da Baş prokurorluq tərəfindən ödənilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq, Baş prokurorluq da öz növbəsində həmin tələbi reqres qaydada keçmiş Baş prokuror Zakir Qaralova qarşı yönəltməlidir. Odur ki, vurulmuş zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Baş prokuroruna pretenziya ünvanlamışdır, lakin təəssüflər olsun ki, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, cavab səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilməklə yanaşı, onun məzmununun pretenziya ilə ümumiyyətlə, bağlılığı belə yoxdur. Belə ki, 26 oktyabr 2020-ci il tarixdə, Baş Prokurorluqdan daxil olmuş cavabda pretenziya üzrə irəli sürülmüş hər iki tələbin nəinki mahiyyətinə toxunulmamış, heç onların adları belə çəkilməmişdir. Cavabın məzmunundan isə belə qənaətə gəlinmişdir ki, kadrlar idarəsi işə bərpa olmaq istəyən şəxsə standart rədd cavabı vermişdir. Odur ki, hüquqi dövlət olan Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində təsbit olunmuş vəzifəli şəxslərin qanuna zidd hərəkətləri nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsini tələb etmək hüququna, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinə, habelə 2.3 və 3.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.2, 178.1-ci maddəsinin 2-ci hissəsi, 191.2 və 195-ci maddəsinin “d” bəndinin tələblərinə əsaslanaraq, keçmiş Baş prokuror öz vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui - istifadə etməklə, qanuna zidd hərəkətlərə yol verib, onu sərəncamda saxladığı 5 il 6 gün müddətin, yəni 60 ayın 25 ayını aylıq əmək haqqı alıb, qalan 35 ay ərzində isə Konstitusiya və əmək qanunvericiliyinin elementar tələbləri belə kobud surətdə pozulduğundan, aylıq əmək haqqı almaqdan məhrum edildiyi üçün, qanunla qorunan mənafelərinə vurulmuş 114201,25 manat məbləğində zərərin əvəzinin ödənilməsini Baş Prokurorluqdan tələb edir (07.10.2002-ci ildən 10.09.2005-ci ilədək 35 ayın vəzifə maaşı - 1425 manat, xidmət illərinə görə 45 %-i = 641,25 manat, aylıq əmək haqqı = 1425 manat + 641,25 manat = 2066,25 manat, + rütbəyə görə 135 manat. İldə bir dəfə iki alıq əmək haqqı həcmində məzuniyyət haqqı, ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müalicə haqqı, ildə bir dəfə ikiqat əmək haqqı həcmində maddi yardım. Üç ilə görə aylıq əmək haqqının 18 qatı, yəni 1425 manat + 641,25 manat = 2066,25 manat x 18 ay = 37192,5 manat. 1425 manat + 641,25 manat + 134 manat = 2200,25 manat x 35 ay = 77008,75 manat + 37192,5 manat digər ödənişlər = 114201,25 manat. 35 ayın cəmi aylıq əmək haqqının məbləği = 114201,25 manat). Keçmiş Baş prokurorun yol verdiyi qanun pozuntularının nəticəsi olaraq vurulmuş 138685,47 manat məbləğində maddi ziyanın ödənilməsini Baş Prokurorluqdan tələb etmişdir (26.11.2010-cu ildən 06.03.2017-ci ilədək 75 ayın vəzifə maaşı 1155 manat, xidmət illərinə görə 45 %-i = 519,75 manat, aylıq əmək haqqı = 1155 manat + 519,75 manat = 1674,75 manat + rütbəyə görə 134 manat. İldə bir dəfə iki aylıq əmək haqqı həcmində məzuniyyət haqqı, ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müalicə haqqı, ildə bir dəfə ikiqat əmək haqqı həcmində maddi yardım. Altı ilə görə aylıq əmək haqqının 36 qatı, yəni 1155 manat + 519,75 manat = 1674,75 manat x 36 ay = 60291 manat. 1155 manat + 519,75 manat + 134 manat = 1808,75 manat x 75 ay = 135656,25 manat + 60291 manat digər ödənişlər = 195947,25 manat. 6 il 3 ayın cəmi aylıq əmək haqqı = 195947,25 manat. 26.11.2010-cu ildən 06.03.2017-ci il tarixədək aldığı faktiki pensiyanın məbləği: 26.11.2010-cu ildən 01.01.2014-cü ilədək hər ay aldığı pensiyanın məbləği: 1428,5 manat x 37 ay = 52854,5 manat. 01.01.2014-cü ildən 06.03.2017-ci ilədək aylıq pensiya məbləği 1622,87 manat x 38 ay = 61669,06 manat. 6 il 3 ay ərzində aldığı cəmi pensiyanın məbləği: 52854,5 manat + 61669,06 manat = 114523,56 manat. Bu dövrdə faktiki aldığı cəmi pensiya məbləğinin 50 %-i 114523,56 manat: 2 = 57261,78 manat təşkil edir. Əldən çıxmış fayda: 6 il 3 ayın cəmi aylıq əmək haqqı 195947,25 manat - bu müddət ərzində aldığı faktiki pensiya məbləğinin 50 %-i 57261,78 manat = 138685,47 manat. 6 il 3 ay üçün iddia tələbinin cəmi məbləği: 138685,47 manat təşkil edir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək keçmiş Baş prokurorun öz vəzifə səlahiyyətlərini aşaraq vəzifəsindən sui-istifadə etməklə, Konstitusiya, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, eləcə də əmək qanunvericiliyi normalarının elementar tələblərinin kobud surətdə pozması ilə onu 3 ayadək müddət əvəzinə, 5 il 6 gün sərəncamda saxlamasının qanun pozuntusu hesab edilməsi, həmin kobud qanun pozuntusuyla sərəncamda saxlanıldığı 60 ayın 25 ayının əmək haqqı alıb, qalan 35 ay ərzində isə ödənilməmiş 114201,25 manat məbləğində qanuni əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, 26.11.2010-cu il tarixdən 06.03.2017-ci il tarixədək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək keçmiş Baş prokurorun öz vəzifə səlahiyyətlərini aşaraq vəzifəsindən sui-istifadə etməklə, Konstitusiya, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, eləcə də əmək qanunvericiliyi normalarının elementar tələblərinin kobud surətdə pozması ilə onu 3 ayadək müddət əvəzinə 5 il 6 gün sərəncamda saxlamasının qanun pozuntusu hesab edilməsi, həmin kobud qanun pozuntusuyla sərəncamda saxlanıldığı 60 ayın 28 ayının əmək haqqı alıb, qalan 32 ay ərzində isə ödənilməmiş 104412,57 manat məbləğində qanuni əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, 26.11.2010-cu il tarixdən 06.03.2017-ci il tarixədək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirdikdən sonra həmin ilin avqust ayının 20-də prokurorluq orqanlarında qulluğa qəbul edilərək Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunun stajoru təyin edilmişdir. İddiaçı 21.09.1986-cı ildən 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunun böyük müstəntiqi, 23.08.1993-cü ildən Respublika Baş Prokurorluğu Cəzaların icrasına nəzarət şöbəsinin prokuroru, 10.12.1993cü ildən Baş Prokurorluğun İqtisad məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifələrində işləmiş, struktur dəyişikliyi ilə əlaqədar şöbənin ləğv edilməsi səbəbindən 04.09.2000-ci il tarixdə ixtisar edilmiş vəzifədən azad edilmişdir. İddiaçı 14.07.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, 07.10.2002-ci il tarixdə sərəncama götürülmüşdür. 06.09.2001-ci il tarixdə İddiaçı respublika tabeli rayon prokurorluqları üzrə müxtəlif vəzifələrdən birinə təyin olunması təklif edilməsinə baxmayaraq o, bundan imtina etmiş və qeyd olunanla bağlı Kadrlar idarəsinin prokuroru tərəfindən müvafiq arayış tərtib olunmuşdur. Həmçinin 20.11.2002-ci il tarixdə də İddiaçı respublika tabeli rayon prokurorluqları üzrə müxtəlif vəzifələrdən birinə təyin olunması təklif edilsə də o, yenidən etiraz edərək bununla əlaqədar tərtib edilmiş protokola imza etməkdən imtina etmişdir. 10.09.2005-ci il tarixdə İddiaçı Sabirabad rayon prokurorunun köməkçisi, 16.04.2010-cu il tarixdə həmin rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edir. Göründüyü kimi iddiaçının 5 il 6 gün müddətində sərəncamda olması ilə bağlı irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. İddiaçı iddiasının prokurorluğun rəhbərliyi tərəfindən təzyiqlər edilməsi səbəbi ilə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilməsi hissəsi də əsassızdır. Belə ki, İddiaçı prokurorluq orqanlarından xaric edilməsi ilə əlaqədar Baş prokurora ünvanladığı 25.11.2010-cu il tarixli müraciətinə əsasən 29.11.2010-cu il tarixdən öz arzusu ilə xidməti illərinə görə prokurorluq orqanlarından xaric edilmişdir. Ona vaxtından əvvəl prokurorluqdan işdən çıxması ilə bağlı hər hansı bir təzyiq göstərilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X6 və X3 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Ucar rayonunda doğulmuşdur. - İddiaçı məxsus ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20.08.1985-ci ildən 21.05.1986-cı ilə kimi 26 Bakl Komissarları rayon prokurorluğunda stajor, 21.05.1986-cı ilədn 03.09.1986-cı ilə kimi Bakı şəhəri, Kirov rayon prokurorluğunda müstəntiqin stajoru, 03.09.1986-cı ildən 23.07.1993-cü ilə kimi Bakı şəhəri, 26 Bakı Komissarları rayon prokurorluğunda müstəntiq, 23.07.1993-cü ildən 04.09.2000-ci ilə kimi Respublika Baş Prokurorluğu Cəzaların İcrasına Nəzarət Şöbəsinin, Arbutraj işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifələrində işləmiş, 04.09.2000-ci ildə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar ixtisar edilmiş vəzifədən azad olunmuş, 14.07.2001-ci ildə müvəqqəti olaraq Naxçıvan MR X4 Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, 07.10.2002-ci ildə sərəncama götürülmüş, 10.09.2005-ci ildən 16.04.2010-cu ilə kimi Sabirabad rayon prokurorunun köməkçisi, 16.04.2010-cu ildən 26.11.2010-cu ilə kimi Sabirabad rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləmiş, 26.11.2020-ci il tarixdə “Prokurorluq orqanlarına qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 03/390-K №-li, 04.09.2000-ci il tarixli əmrinin surətindən görünür ki, Baş Prokurorluğun ləğv edilmiş iqtisad məhkəmələrinin qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru İddiaçı ixtisar edilmiş vəzifəsindən azad olunmuşdur. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 03/678-K №-li, 14.07.2001-ci il tarixli əmrinin surətindən görünür ki, Respublika Prokurorluğu orqanlarının sərəncamda olan İddiaçı müvəqqəti olaraq Naxçıvan MR X4 orqanlarına istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin hesabına saxlanılmışdır. - Kadrlar idarəsinin prokuroru Ş.A.Abbasov tərəfindən tərtib edilmiş 06.09.2001-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası prokurorluğu orqanlarında aparılan struktur dəyişikliləri nəticəsində ixtisara düşmüş və hazırda sərəncamda olan ədliyyə müşaviri İddiaçı bu gün Baş Prokurorluğun Kadrlar idarəsinə dəvət olunaraq idarə rəisi tərəfindən qəbul edilib ona respublikanın Ağcəbədi, Göyçay, Neftçala, Şəmkir, Oğuz, Füzulu, Beyləqan, Yevlax, Qax, Lənkəran rayon prokurorluqlarında müstəntiq, böyük müstəntiq, prokuror köməkçisi və böyük köməkçisi vəzifələri təklif olunmuşdur. İddiaçı təklif olunmuş vəzifələrə təyin edilməkdən imtina etmiş və ümumiyyətlə hər hansı bir kənd rayona təyin olunmasın etirazını bildirmişdir. Ancaq Baş prokurorluğun mərkəzi aparatında müvafiq işlə təmin olunmasını tələb etmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 09/228-K №-li, 07.10.2002-ci il tarixli əmrin surətindən görünür ki, Naxçıvan MR X4 orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılan İddiaçı sərəncama götürülmüşdür. - Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar İdarəsinin böyük prokuroru İ.H.Həsənova, Kadrlar İdarəsinin rəisi D.Y.İmanov, idarə rəisinin müavini R.M.Məhərrəmov və idarənin prokuroru Ç.A.Abbasovun iştirakı ilə tərtib edilərək imzalanmış 20.11.2002-ci il tarixli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası prokurorluğunun strukturunda dəyişikliklər aparılması nəticəsində vəzifəsi ixtisara düşmüş Baş prokurorluğunun İqtisadi məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin sabiq prokuroru İddiaçı Tərtər rayon prokurorunun böyük köməkçisi; Lerik rayon prokurorunun böyük köməkçisi; Daşkəsən rayon prokurorunun köməkçisi; Füzuli rayon prokurorunun köməkçisi; Gədəbəy rayon prokurorunun köməkçisi; Lənkəran rayon prokurorluğunun böyük müstəntiqi; Bərdə rayon prokurorluğunun böyük müstəntiqi; Goranboy rayon prokurorluğunun müstəntiqi; Hacıqabul rayon prokurorluğunun müstəntiqi; Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifələrindən birinə təyin olunması təkilf olunmuşdur. İddiaçı bildirmişdir ki, o həmin vəzifələrin hər hansı birinə təyin olunmağına etiraz edir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 10/322-K №-li, 10.09.2005-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/119-K №-li, 16.04.2010-cu il tarixli əmrinin surətindən görünür ki, Sabirabad rayon prokurorunun köməkçisi İddiaçı tutduğu vəzifədən azad olunub həmin rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış 30.09.2010-cu il tarixli təqririn surətindən görünür ki, iddiaçı prokurorluq orqanlarında 25 il xidmətə görə təqaüdə çıxmağı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarından xaric olunmağını xahiş etmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış 25.10.2010-cu il tarixli müraciətin surətindən görünür ki, iddiaçı prokurorluq orqanlarından könüllü xaric olunmağına dair verdiyi 30.09.2010-cu il tarixli təqrirə müvafiq olaraq onun işdən azad olunmağlna dair əmrinin verilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış 25.11.2010-cu il tarixli ərizənin surətindən görünür ki, məlumat üçün diqqətinə çatdırmaqla etiraf etmək istəyir ki, o, əmək inztizamının pozuntusuna yol verərək rayon prokurorundan icazə almadan 18.09.2010-cu il tarixdə xidmət ərazisi olan Sabirabad rayonunun tərk etmiş və bir gün sonra isə teleqramla müraciət edərək səhhəti ilə əlaqədar Bakı şəhərində müalicədə olduğunu bildirmişdir. 20.09.2010-cu ildən 30.09.2010-cu il tarixə kimi Bakı şəhəri, Yasamal rayonu, 20 №-li Poliklinkaında ambulator müalicədə olmağı barədə sənədləşdirilmə aparılsa da, ona təqdim edilən 15 saylı Yasamal 1-ci seçki dairəsinin seçki komissiyası tərəfindən verilmiş arayışdan da göründüyü kimi Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar həmin dairə üzrə namizədliyinin qeydə alınması barədə 18.09.2010-cu il tarixdə ərizə ilə komissiyaya müraciət etmiş, sonrakı günlərdə isə imza vərəqələrinin toplanması işini təşkil etməklə 27.09.2010-cu il tarixdə seçici imzalarını və topladığı digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmişdir. Baş prokurorluğun rəhbərliyini məlumatlandırmadan və müvafiq prosedurlara əməl olunmadan həyata keçirdiyi bu hərəkətlərin prokurorluq işçilərinin siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyan “Prokurorluq haqqında” Qanunun 30-cu maddəsinin tələblərinə uyğun olmadığını başa düşür. Lakin qeyd edilənlərlə yanaşı onun uzun illər ərzində prokurorluq orqanlarında fəaliyyət göstərməyini və bir sıra digər halları nəzərə almaqla onun öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilməklə prokurorluq orqanlarından xaric olunmağı məsələsinə baxmasını, 29 noyabr 2010-cu il tarixdən bu barədə əmr verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/367-K №-li, 26.11.2010-cu il tarixli əmrinin surətindən görünür ki, Sabirabad rayon prokurorunun böyük köməkçisi ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilmişdir. Əsas İddiaçı təqriri. - Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış 06.10.2020-ci il tarixli, 10/1384 №-li məktubdan görünür ki, 16.09.2020-ci il tarixli müraciətinə Kadrlar İdarəsində baxılmışdır. Bildirilir ki, struktur dəyişikliyi ilə əlaqədar Baş Prokurorluğun İqtisad məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifəsinin ləğv edilməsi ilə əlaqədar 04.09.2000-ci il tarixdə ixtisar edilmiş vəzifədən azad edilmiş, 14.07.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan MR X4 orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, 07.10.2002-ci il tarixdə sərəncama götürülmüşdür. Müəyyən edilmişdir ki, Baş prokurorluq tərəfindən 20.11.2002-ci il tarixdə bir sıra rayon prokurorluqları üzrə müstəntiq və ya prokuror köməkçisi vəzifələrindən birinə təyin olunmağı ilə bağlı edilmiş təkliflərlə razılaşmayaraq tərtib edilmiş protokolu imza etməkdən imtina etmişdir. Bundan başqa Sabirabad rayon prokurorunun böyük köməkçisi vəzifəsində işlədiyi zaman prokurorluq orqanlarından xaric edilməyi ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığı müraciəti əsasən 26.11.2010cu il tarixdə öz arzusuna əsasən xidməti illərə görə prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməyinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20/429 №-li, 26.04.2021-ci il tarixli İddiaçı əmək haqqı barədə arayışından görünür ki, İddiaçı 2000-ci ilin yanvar ayından başlayaraq dekabr ayı da daxil olmaqla əmək haqqı hesablanaraq ödənlimişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20/633 №-li, 17.06.2021-ci il tarixli arayışından görünür ki, Baş Prokurorluğunun sabiq əməkdaşı İddiaçı 1985-ci ilin avqust ayından 2010-cu ilin noyabr ayına kimi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı sentyabr 2000-ci ildən iyul 2001-ci ilədək sərəncamda olduğu müddətdə tam əmək haqqı almışdır. 2003-cü ilin yanvar ayından avqust 2005-ci ilədək sərəncamda olduğu müddətdə əmək haqqı almamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə isə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaçı xidməti münasibətlərdə olduğu hazırki cavabdehdən pul tələbini qanunvericiliyin yuxarıda qeyd olunan müddəasında təsbit olunmuş 1 illik müddət keçdikdən sonra irəli sürür. Nəzərə alınmalıdır ki, iddiaçı 2010-cu ildə xidmətdən xaric olunmuş və o cavabdeh inzibati orqan tərəfindən həmin dövrdə aparılmış son haqq-hesabla bağlı ödənişləri razılaşaraq qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun: - 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi inzibati prosessual qanunvericilik inzibati mübahisələrin yalnız iki növ üzrə icraatda sübutetmə yükünü cavabdeh inzibati orqanın üzərinə qoyur: - “mübahisələndirmə haqqında” və “məcburetmə haqqında” iddialar. İddiaçının iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid edildiyindən hazırki mübahisəyə İPM-nin 68-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlar əsassında qiymət verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1985-ci ildən prokurorluq orqanlarında qulluğa qəbul edilərək əmək faəliyyətinə başlamışdır. 04.09.2000-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Aparatında aparılmış struktur dəyişiklikləri ilə bağlı İddiaçı işlədiyi Baş Prokurorluğun ləğv edilmiş iqtisad məhkəmələrinin qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifəsi ixtisara düşdüyündən sonuncu vəzifədən azad olunmuş, 14.07.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan MR X4 orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, 07.10.2002-ci il tarixdə isə sərəncama götürülmüşdür. İddiaçı sərəncama götürüldükdən sonrakı 3 ay ərzində əmək haqqı ödənilmişdir. İddiaçı 2003-cü ilin yanvar ayından avqust 2005-ci ilədək sərəncamda olduğu müddətdə əmək haqqı ödənilməmişdir. 10/322-K nömrəli, 10.09.2005ci il tarixli əmrə əsasən İddiaçı Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmiş, 26.11.2010-cu il tarixli, 11/367-K nömrəli əmrə əsasən öz arzusu ilə xidmət illərinə görə 29.10.2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilmişdir. Hazırda iddiaçı 5 il 6 gün sərəncamda saxlanılmasının qanunsuz hesab edilməklə sərəncamda saxlanıldığı müddətin 32 ayı ərzində ödənilməmiş 104412,57 manat məbləğində əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, 26.11.2010-cu il tarixdən 06.03.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın cavabdeh tərəfindən ödənilməsini məhkəmə qaydasında mübahisələndirir. Cavabdeh inzibati orqan isə iddiaçının iddiasını qəbul etmir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: - 12-ci maddəsinə əsasən prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. - 21.5-ci maddəsinə əsasən prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. - 26.1-ci maddəsinə əsasən xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu X5 Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçisinin barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 26.1.6. vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, prokurorluq orqanlarında işə təyin edilir). Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi prokurorluq işçiləri aşağıdakı səbəblərdən birinin mövcudluğu halında sərəncamda ola bilərlər: - xidməti intizamı pozduğuna görə vəzifədən azad edildikdə; - səlahiyyət müddəti başa çatdığına görə vəzifədən azad edildikdə; - ştatların ixtisarına görə vəzifədən azad edildikdə. Yenə qanunvericiliyə görə göstərilən səbəblərdən vəzifədən azad edilmiş prokurorluq işçisi ən çoxu üç ayadək müddətdə sərəncamda ola bilər. Başqa sözlə, sərəncamda olma müddəti dəqiq müəyyən edilmişdir, bu müddət üç ayı keçə bilməz. Həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, prokurorluq orqanlarında işə təyin edilir. Beləliklə, prokurorluq orqanı vəzifədən azad etdiyi öz işçisini maksimum üç ay müddətində sərəncamda saxlaya bilər. Həmin müddətin sonunda işçi haqqında prokurorluq orqanlarından xaric edilməyə dair əsaslar müəyyən olunarsa, onun barəsində prokurorluq orqanlarından xaric edilmə haqqında qərar qəbul edilməlidir. Əgər üç ayın bitimində onun barəsində prokurorluq orqanlarından xaric edilmə haqqında qərar qəbul edilməmişsə, o halda, həmin şəxs prokurorluq orqanlarında işə təyin edilməlidir. Qanunvericiliyə görə prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Burada yalnız qanunla müəyyən edilmiş ən çoxu üç ay üçün əmək haqqı və digər pul ödənişlərinin saxlanılması nəzərdə tutulur. Əgər prokurorluq işçisi 3 aydan çox sərəncamda saxlanılmışa, o halda, onun malik olduğu hüquq üç aydan artıq müddətdə sərəncamda saxlanılmanın qanunsuzluğunu mübahisələndirməklə prokurorluq orqanlarında işə təyin edilməyə dair iddia qaldırmaqdan ibarətdir. Qanunvericilik sərəncamda saxlanılan 3 aydan artıq müddət üçün əmək haqqı və digər pul ödənişlərinin ödənilməsini nəzərdə tutmur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun prokurorluq işçilərinin sosial müdafiəsini tənzimləyən 20-ci maddəsində, eləcə də prokurorluq işçilərinin maddi təminatından bəhs edən 21-ci maddəsində qanunla müəyyən edilmiş müddətdən artıq sərəncamda saxlanılan dövr üçün hər hansı əlavə vəsaitin ödəniləcəyi təsbit edilməmişdir. Hazırki mübahisə üzrə işin hallarından görünür ki, İddiaçı sərəncamda saxlanıldığı müddət 3 ayı keçdikdən sonra həmin saxlanılmanın qanunsuzluğunu və işə təyin edilmə məsələsini qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş, sonradan isə o, işlə təmin edilmiş, daha sonra isə öz arzusu ilə prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən sərəncam olduğu 3 ay müddət üzrə iddiaçıya əmək haqqı ödənildiyindən, müddətdən artıq sərəncamda saxlanılan dövr üçün hər hansı əlavə vəsaitin ödənilməsi qanunvericiliklə müəyyən edilmədiyindən iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. Məhkəmə iddia tələbinin “pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, 26.11.2010-cu il tarixdən 06.03.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi” hissəsində də tələbinin əsassız olması nəticəsinə gəlir. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı könüllü ərizəsi nəzərə alınaraq cavabdeh inzibati orqan tərəfindən xidmət illərinə görə onun 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməsi barədə əmr verilmiş, iddiaçı həmin əmri qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2893/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2893/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver