Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2893/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1, cavabdeh nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi) qarşı “diplom və əlavənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “diplom və əlavənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “Təfəkkür” Universitetində İqtisadiyyat fakultəsinin Maliyyə ixtisası üzrə qiyabi-ödənişli əsaslarla 2013-2018-ci il tarixlərdə təhsil almış, ona tələb bileti, qiymət kitabçası verilmiş, lakin bakalavr diplomu verilməmişdir. İddiaçı hesab edir ki, göstərilən hal onun təhsil hüququnu pozmaqdadır. Oxşar iş üzrə məhkəmə qərarı ilə iddia başqa şəxsə münasibətdə təmin edilmiş, diplomla şəxs təmin edilmişdir. Etirazın məzmunu onunla bağlıdır ki, iddiaçı “Təfəkkür” Universitetində İqtisadiyyat fakultəsinin Maliyyə ixtisası üzrə qiyabi-ödənişli əsaslarla 2013-2018-ci il tarixlərdə təhsil aldığını qeyd etsə də, Tələbə-Məzun” dövlət elektron məlumat sistemində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə iddiaçının qəbulu ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Arayışda qeyd edilmişdir ki, iddiaçı “Təfəkkür” Universitetinin İqtisadiyyat fakultəsinin Maliyyə ixtisası üzrə qiyabi təhsil almışdır. Qəbzdə və arayışlarda qeyd edilmişdir ki, təhsil üzrə Universitetə təhsil haqqı iddiaçının adından ödənilmişdir. Tələbə biletində qeyde dilmişdir ki, iddiaçı adıçəkilən universitetin tələbəsidir, qiyabi təhsil alır. Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məktubunda qeyd edilmişdir ki, “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə iddiaçının qəbulu ilə bağlı məlumat aşkar edilməmişdir. Arayışda qeyd edilmişdir ki, iddiaçı “Maliyyə” ixtisası üzrə qiyabi şöbənin V kursunu bitirmiş və yekun imtahanı müvəffəqiyyətlə vermişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı da olduğu cavabdeh Təhsil Nazirliyi və “Təfəkkür” Universitetinə qarşı diplomun verilməsinə dair iddia üzrə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hüquqi marağa uyğun olaraq diplom blanklarının verilməsinə dair tələb məzunlar tərəfindən yox, Universitetin özü tərəfindən irəli sürülməsi düzgün hüquqi müdafiə vasitəsi hesab edilməlidir. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İddia tələbindən görünür ki, hazırkı iddia “Təfəkkür” Universitetinin İqtisadiyyat fakultəsinin Maliyyə ixtisası üzrə diplomun iddiaçıya verilməsi ilə əlaqədardır. İş materiallarında olan Bakı İnzibati 29 iyun 2021-ci il tarixli qərardadından da göründüyü kimi iddiaçının eyni cavabdehə qarşı t eyni iddia tələbinə məhkəmə tərəfindən baxılmış, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri ödəməməsi əsası ilə mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Bununla bağlı məhkəmə diqqətə çatdırır ki, məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas olan hallar aradan qaldırılmadığı təqdirdə, həmin iddialar üzrə qəbul edilmiş qərardadlar preyudisiallıq rolunu daşıyır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərardad qüvvədə olduğundan və həmin qərardadda göstərilən əsaslar aradan qaldırılmadığından, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaya cavab verməli olan qurumun 2021-ci il tarixli qərardad qəbul edilərkən olan haldan fərqli olaraq hazırda Nazirliyin tabeliyində olan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi olması da vəziyyəti mümkünlük baxımından dəyişmədiyindən buna dair cavabdehin dəyişdirilməsi zərurəti mövcud olmamışdır. Belə ki, həmin dövr üzrə iddiaya cavab verməli olan qurum kimi Nazirlik müəyyən edilmişdir ki, Nazirliyin tabeliyində hər hansı yeni qurumun yaradılması mümkünlük şərtlərinə təsir etmədiyindən cavabdehin dəyişdirilməsi zərurəti meydana gəlməmişdir. İş üzrə cavabdeh Agentlik olsa belə, 2021-ci il tarixli Bakı İnzibati Məhkəməsinin qərardadı iddia cavabdeh və onun tabeliyində olan qurumlara münasibətdə mümkünlük şərtini ödəmədiyindən və həmin qərardad qüvvəsində olduğundan hazırkı iddianın mümkünlüyünün ödənilməsindən söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-2893/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2893/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver