Məhkəmə qərarları › İş №2-1(112)-2895/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2895/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2895/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7, 3-cü şəxs “xxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı “xxxxxxxxx” ASC üçüncü şəxs qismində cəlb edilməklə «kredit müqaviləsi üzrə qalan borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi » tələbinə dair inzibati iş üzrə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın şamil olunaraq kredit borcunun restrukturizasiya olunması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2895/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə “xxxxxxxxx” ASC 3-cü şəxs qismində işə cəlb edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxx” ASC-nin Şirvan filialından 15.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq o mülkiyyətind olan evi banka girov qoymuşdur. Kredit ödənişi qrafikinə uyğun olaraq həmişə vaxtı-vaxtında ödəmişdir. Lakin baş vermiş devalvasiyalar nəticəsində ABŞ dollarının məzənnəsinin kəskin artması ilə əlaqədar olaraq onun banka kredit ödənişlərində problemlər yaranmışdır. Həmin problemlə əlaqədar olaraq xxxxxxxxx ASC tərəfindən Hacıqabul rayon məhkəməsində ona qarşı borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Hacıqabul rayon Məhkəməsinin 2(071)-59/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasə ondan ümumilikdə 12.012,70 manat məbləğində borcun tutularaq iddiaçı xxxxxxxxx ASC-nə ödənilməsi və ipoteka predmeti olan girov qoyulmuş evin hərracda satılaraq əldə olan gəlirin xxxxxxxxx ASC-nə ödənilməsi qət olunmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının ona şamil olunaraq kredit borcunun restrukturizasiya olunması barədə elektron ərizə ilə maliyyə X2 verilmiş elektron cavabda qeyd olunmuşdur ki, fiiki şəxslərin milli valyutada 17000 manadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. İddiaçının qeyd etdiyi kredit borcun üzrə gecikmə günləri 360 gündən az olduğu üçün Fərmana müvafiq olaraq həmin kreditin restrukturizasiyası nəzərdə tutulmamışdır. Onun banka olan son ödənişi xx.xx.2018-ci il tarixdə olmuşdur və kreidt borcu üzrə gecikmə günlərinin sayı isə faktiki olaraq 360 gündən çox təşkil edir. Bu fakt “xxxxxxxxx” ASC-nin Şirvan filialının verdiyi arayışda özü əksini tapmışdır. Lakin Fərmanın ona şamil olunmamasına əsas səbəb “xxxxxxxxx” ASCnin ləğv olunması və müvafiq sənədlərin tam surətdə X10 Palatasına təqdim olunmmaması olmuşdur.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X11 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq kredit təşkilatlarının təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə “xxxxxxxxx” ASC arasında xx.xx.2015-ci il tarixində 15000 manat dəyərində kredit müqaviləsinin bağlanılmasına dair qeyd mövcuddur. Bu məlumatlara əsasən Fərmanın qüvvəyə mindiyi tarixə xx.xx.2019-cu il tarixinə borclunun əsas kredit borcunun cəmi 8.273,10 manat təşkil etməsi göstərilsə də, bazaya borcun ödənilməsinin yalnız 199 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentintdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatdək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. 3-cü şəxs “xxxxxxxxx” ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “xxxxxxxx” ASC-nin “Şirvan” filialı ilə (indiki “xxxx” BOKT ASC)İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası üzrə borclu tərəfindən gecikmələr olmuşdur. “xxxxxxxx” ASC-nin lisenziyasının ləğv edilməsindən sonra Bankın bir sıra filialları o cümlədən “Şirvan” filialı bağlandığı üçün həmin filialın müştəriləri “Masallı” filialına köçürülmüşdür. Bu səbəbdən Mərkəzi Kredit Reyestrində müştərinin gecikmə günlərinin sayı az görünür. “Masallı” filialına köçürüldükdən sonrakı gecikmə günləri ilə yanaşı “Şirvan” filialında olan gecikmə günlərinin sayı ümumilikdə 1320 gün təşkil edir. Beləliklə, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: № 37/15-PBŞ, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxx” ASCnin Şirvan filialı tərəfindən İddiaçı 36 ay müddətinə illik 6% faiz (faktiki illik faiz dərəcəsi:9.24) olmaqla 15.000 manat kredit verilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-59/2018-ci il tarixli xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” BOKT ASC-nin cavabdehlər İddiaçı və X8 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi tələbinə dair iddiasının təmin edilməsi; cavabdehlər İddiaçı və X6 müştərək qaydada 8273,10 manat əsas, 3656,70 manat faiz, 82,90 manat dəbbə pulu olmaqla, cəmi 12012,70 manat məbləğində borc tutularaq, iddiaçı “xxxx” BOKT ASC-yə verilməsi; ipoteka predmeti 35.000 manat məbləğində qiymətləndirilməklə, Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində İddiaçı mülkiyyətindəki 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 373 kv.m ümumi, 136,1 kv.m yaşayış, 236.9 kv.m yardımçısahədən ibarət 4 otqalı , 2 nömrəli fərdi yaşayış evi, həmçinin talvar 1 mərtəbəli 246,6 kv.m, yəni ümumi 246,6 kv.m tikintialtı sahəyə yönəldilməsi və həmin mənzil açıq hərracda satılmaqla tələb edilən borcun ödənilməsi; Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində İddiaçı mülkiyyətindəki 0,06ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 373 kv.m ümumi, 136,1 kv.m yaşayış, 236.9 kv.m yardımçısahədən ibarət 4 otqalı, 2 nömrəli fərdi yaşayış evi, həmçinin talvar 1 mərtəbəli 246,6 kv.m, yəni ümumi 246,6 kv.m tikintialtı sahədən həmin mənzildə yaşayanların çıxarılması, fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində borc cavabdehlərdən alınaraq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. X10 X1 İddiaçı elektron qaydada ünvanlanmış qərarından görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixlli Fərmanı xx xxxx 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Onun kredit borcu üzrə gecikmə günləri 360 gündən az olduğu üçün bu hissədə də Fərmanın əhatə dairəsinə düşməmişdir və həmin kreditin restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə araşdırlması zamanı “xxxxxxxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan hesabdan çıxarışdan görünür ki, axırıncı ödəniş xx xxxxxx 2018-ci il tarixdə 500 manat ödənilməklə həyata keçirilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. Həmin fərmanın 8.6-8.8-ci bəndlərin əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutlmuşdur. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, sözügedən kredit müqaviləsi üzrə iddiaçının kredit borcunun ödənilməsinin 199 gün gecikdirildiyi barədə məlumat ötürülmüş və bu səbəbdən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Qanunun və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”ı ilə tənzimlənir. Belə ki, “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Mərkəzləşdirilmiş kredit reyestrinə lazimi məlumatları daxil etmək öhdəliyi daşıyan “xxxx” BOKT ASC məlumatları reyestrə tam daxil etməmiş, nəticədə MKR-də iddiaçının kredit üzrə gecikmə günlərinin sayı 199 gün olaraq əks olunmuşdur. Halbuki, “xxxx” BOKT ASC-nin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərən aydın olur ki, iddiaçının gecikmə günlərinin sayı 1320 gün təşkil edir. Göründüyü kimi, İddiaçı oğlunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikmiş günlərin sayı 1320 gün olduğu halda, məlumat bazasına yalnış məlumat ötürülmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının sözügedən kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsinə dair iddiası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı “xxxxxxxxx” ASC üçüncü şəxs qismində cəlb edilməklə «xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi» tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə “xxxxxxxx” ASC-nin Şirvan filialı ilə arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 37/15/PBŞ nömrəli kredit müqaviləsi üzrə qalıq qalan borcun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar