Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2897/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçı X1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydində düzəliş olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş doğum aktı qeydi kitabına düzəliş olunaraq Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 807 saylı doğum haqqında şəhadətnamənin tarix qrafasının dəyişdirilərək “20.06.1979-cu il” yerinə “xx.xx.1979-cu il” tarixi kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş doğum akt qeydi kitabına düzəliş olunaraq Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 807 saylı doğum haqqında şəhadətnamənin tarix qrafasının dəyişdirilərək “20 iyul 1979-cu il” yerinə “xx xxxx 1979-cu il” tarixi kimi dəyişdirilməsi və buna uyğun doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Belə ki, buna dair Sabunçu rayon (köhnə Leninski rayonu) VVADQ Şöbəsi tərəflndən ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin anadan olan zaman doğum haqqında akt qeydi kitabında doğum tarixi xx.xx.1979-cu il yerinə 20.06.1979-cu il tarixi kimi qeyd olunmuşdur. Ona doğum haqqında şəhadətnamə verilsə də bu barədə doğum haqqında akt qeydi kitabında qeydiyyat aparılmamış və akt qeydi kitabında yanlışlıqla doğum tarixi 20.06.1979-cu il kimi qalmışdır. Halbuki, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 807 saylı doğum haqqında şəhadətnamənin tarix qrafası dəyişdirilərək xx.xx.1979-cu il kimi qeyd olunmalı idi. Doğum haqqında şəhadətnaməsinin əksinə olaraq digər bütün sənədləri, şəxsiyyət vəsiqəsində, əmək kitabçasında, sürücülük vəsiqəsində, xarici pasportunda, hətta nikah haqqında şəhadətnaməsində doğum tarixi düzgün şəkildə xx.xx.1979-cu il kimi qeyd olunub. O, xarici ölkədə təhsil almağı ilə əlaqədar sənədləşdirmə işlərini aparan zaman ona məlum olmuşdur ki, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəflndən ona tərtib edilmiş doğum haqqında şəhadətnamədə tarix qrafasında yanlışlığa yol verilmişdir. Belə ki, hal-hazırda bu yanlışlıq ona sənədləşdirmə işləri aparılan zaman problem yaşadır, maneələrlə qarşılaşmağına səbəb olur. O, xaricdə təhsil hüququnu əldə etmişdir, lakin doğum akt qeydi kitabında bu cür yanlışlığın olması nəticəsində o, hüququndan istifadə edə bilmir. Doğum aktı qeydində yanlışlıq nəticəsində sənədləşdirmə işlərini yekunlaşdırıb təhsilini davam etdirə bilmək üçün xaricə gedə bilmir. Doğum haqqında akt qeydində tarixin 20.06.1979-cu il əvəzinə xx.xx.1979-cu il kimi dəyişdirilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş 30.09.2021-ci il tarixli, 05/15-2311 saylı məktub ilə tərəfindən təqdim olummış sənədlər arasında ziddiyyət olduğu bildirilmişdir və ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçı X4, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirmişdir ki, iddiaçı X4 onun qızıdır və onu xx.xx.1979-cu ildə Sabunçu rayonunda yerləşən doğum evində dünyaya gətirmişdir. 20.06.1979-cu il tarixdə xəstəxanadan buraxılmış və xəstəxana tərəfindən ona verilmiş sənədlərin bir nüsxəsini uşağın qeydiyyata alınması üçün qeydiyyat şöbəsinə, bir nüsxəsini uşaq poliklinikasına və üçüncü nüsxəni isə özünün qeydiyyatda olduğu qadın məsləhətxanasına təqdim etmişdir. Doğum haqqında şəhadətnamə ona təqdim edilən zaman qızının doğum tarixinin xx.xx.1979-cu il deyil, onun xəstəxanadan çıxdığı tarixin, yəni 20.06.1979-cu il tarixinin qeyd olunduğunu görmüşdür. Bu barədə iradını qeydiyyat şöbəsinin əməkdaşına bildirən zaman həmin əməkdaş şəhadətnaməni ondan alaraq 20 rəqəmi üzərində düzəliş edərək 15 rəqəmi ilə əvəz edib möhür vuraraq ona geri qaytarmışdır. Qızı İddiaçı xx.xx.1979-cu il tarixdə doğulmuşdur. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək inzibati işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Leninski rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 26 iyul 1979-cu il tarixli, Vİ-ЖГ 352518 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası X3 olan X4 15.06.1970-ci ildə Bakı şəhəri, Lenin rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26.07.1979-cu ildə 805 nömrə ilə qeyd edilmişdir. - Həmin şəhadətnamədən həmçinin görünür ki, şəhadətnamədə ““15” “верить” (inanılmalı)” qeydi aparılmış və imza ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, 10.08.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Sabunçu rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 26 aprel 2006-cı il tarixli, AZ-İ 229223 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 18.07.1979-cu il təvəllüdlü X2 ilə xx.xx.1979-cu il təvəllüdlü İddiaçı arasında 26.04.2006-cı ildə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada isə Məmmədova soyadı verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş PC seriyalı C01877201 №-li, 13.03.2018-ci il tarixli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur. - İddiaçıya məxsus ******* №-li, 06.06.2003-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı doğuluğu tarix xx.xx.1979-cu il qeyd olunmuşdur. - İddiaçıya məxsus AD 146131 №-li, 21.08.2019-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı doğuluğu tarix xx.xx.1979-cu il qeyd olunmuşdur. - İddiaçıya məxsus **********448 №-li dövlət sosial sığorta şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı doğuluğu tarix xx.xx.1979-cu il qeyd olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-16714-1221 №-li, 21.10.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 12.06.2005-ci il tarixdən Suraxanı RPİ tərəfindən AZE- 02642157 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. - Həmin məktuba əlavə edilmiş İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasını surətindən görünür ki, İddiaçı doğulduğu tarix “xx.xx.1979” qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/29790/13 №-li, 20.10.2021-ci il tarixli və 05/2-810/13 №-li, 05.02.2022-ci il tarixli məktublardan görünür ki, İddiaçı 26.07.1979-cu ildə Sabunçu rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum tarixinin müraciətdə qeyd edildiyi kimi “20.07.1979-cu il” deyil, “20.06.1979-cu il” kimi yazıldığı müəyən edilmişdir. - Həmin məktublara əlavə edilmiş 807 №-li, 26.11.1979-cu il tarixli doğum haqqında akt qeydlərinin surətlərindən görünür ki, atası Sabir Məmmədov, anası Amelya Məmmədova qeyd olunmuş İddiaçı 20 iyul 1979-cu ildə Bakı şəhərində doğulmuşdur. Doğum təsdiq edən sənədlər qrafasında 20.06.1979 tarixi qeyd edilmişdir. Bundan əlavə uşağın familiyası qrafasında “Abbasova” qeydinin üzərindən xətt çəkilmiş, həmçinin akt qeydinin nömrəsi “805”-dən “807”-ə düzəliş edilmişdir. Verilən şəhadətnamənin seriyası Vİ-ЖГ, №-si 352518 qeyd edilmşdir. - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanlanmış 096-31096-1221 №-li, 08.12.2021-ci il tarixli məktuba əlavə olunmuş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 “X10” X11 tərəfindən məhkəməyə ünvanlanmış 05.01.2022-ci il tarixli, 04 №-li məktubdan görünür ki, 1979-cu ilin tibbi sənədləri, o cümlədən həmin ilin doğuş tarixləri xəstəxananın arxivində mövcud deyildir. Məsələ ilə Bakı şəhəri Dövlət Arxiv İdarəsinə müraciət edilməsi tövsiyyə olunur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı 4/226 №-li, 08.02.2022-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan Sabunçu doğum evinin (tibbi arayışlar, xəstəlik tarixçələri, fərdi kartoçkalar, epikris çıxarışları və s.) arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən təsdiq edilmiş arayışlardan görünür ki, İddiaçı təvəllüdü xx.xx.1979-cu il qeyd edilmişdir. xx.xx.1979-cu il təvəllüdlü İddiaçı 20.06.1979-ci ildə BSJ; 30.08.1979-cu ildə polimelit peyvəndləri almışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/15-2311 №-li, 30.09.2021-ci il tarixli məktubun surətindən görünür ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə müraciətinə baxılmışdır. Müraciəti ilə əlaqədar Sabunçu rayonu Qeydiyyat şöbəsində tərtib edilmiş 26.07.1979-cu il tarixli, 807 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, uşağın doğum tarixi qrafasında 20.06.1979-cu il qeyd edilməsi və şəxsiyyət vəsiqəsində isə vətəndaşın doğum tarixi xx.xx.1979-cu il tarixinin yazılması müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. İzah edilmişdir ki, doğumu haqqında akt qeydində uşağın doğum tarixi qrafasında düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə, bu barədə ərizə ilə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət edə bilər. Bildirilmişdir ki, doğum haqqında akt qeydində ziddiyyət aradan qaldırıldıqdan sonra tələb olunan sənədlə təmin ediləcəkdir. Məhkəmə işdə iştiark edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, atası X5, anası X3 olan X4 15.06.1970-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə ona Bakı şəhəri, Leninski rayon VVAQ Şöbəsi tərəfindən 26 iyul 1979-cu il tarixli, Vİ-ЖГ 352518 №-li doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə akt qeydinin 26.07.1979-cu ildə, 805 nömrə ilə qeydə alındığı göstərilmişdir. Həmçinin şəhadətnamə həmin şəhadətnaməni verən məsul şəxs tərəfindən ““15” “верить” (inanılmalı)” qeydi aparılmışdır. İddiaçı həmin doğum haqqında şəhadətnaməyə əsasən passport, şəxsiyyət vəsiqəsi, əmək kitabçası almış, nikaha daxil olmuş, digər hüquqi sənədlər əldə etmişdir. İddiaçının təkrar doğum haqqında şəhadətnamə alıması ilə bağlı müraciəti cavabdeh orqan tərəfindən 26.07.1979-cu il tarixli, 807 saylı doğum haqqında akt qeydində uşağın doğum tarixi qrafasında 20.06.1979-cu il qeyd edilməsi və şəxsiyyət vəsiqəsində isə vətəndaşın doğum tarixinin xx.xx.1979-cu il yazılmasının müəyyən edilməsi, akt qeydində dəyişikliklərin isə əsaslı sənədlərin olmaması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. - 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. - 189-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. - 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində VVADQ orqanları və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirdikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəməyə təqdim edilmiş 26.11.1979-ci il tarixli, 807 nömrəli doğum haqqında akt qeydində kifayət qədər düzəlişlər (“805” rəqəminin “807” rəqəminə düzəliş edilməsi, “Abbasova” familiyasının qeyd edilməsi və silinməsi) vardır ki, bu da akt qeydlərinin daxil edilərkən səhvlərə yol verilməsini təsdiq edən haldır. Bundan əlavə cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş doğum haqqında şəhadətnamədə məsul şəxs tərəfindən düzəliş edilmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlər və şahid ifadəsi ilə iddaçı İddiaçı 20 iyul 1979-cu ildə deyil, xx xxxx 1979-cu ildə anadan olması, akt qeydində uşağın doğum haqqında məlumatının faktiki hala uyğun qeyd edilmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 26.07.1979-ci il tarixli, 807 nömrəli doğum haqqında akt qeydində müvafiq düzəliş edilməli və iddiaçıya həmin qeydə uyğun yeni doğum haqqında şəhadətnamə veriməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 807 nömrəli, 26.07.1979-cu il tarixli doğum haqqında akt qeydində uşağın doğum tarixi qrafasındakı “26 iyul 1979-cu il” sözlərinin “xx xxxx 1979-cu il” sözləri kimi düzəliş edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 807 nömrəli, 26.07.1979-cu il tarixli doğum haqqında akt qeydində uşağın doğum tarixi qrafasındakı “26 iyul 1979-cu il” sözlərinin “xx xxxx 1979-cu il” sözləri kimi düzəliş edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2897/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2897/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver