Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2897/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Rüfət qızının və İddiaçı3 nümayəndəsi (anası) kimi İddiaçı2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Rüfət qızı, İddiaçı3 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma öhdəliyinin qoyulması” cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması”na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə Lökbatan qəsəbəsi, Mədən 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 16 nömrəli evdə 15 ildən artıqdır ki, qeydiyyatsız yaşayır. Müvafiq olaraq həmin evdə tikinti və təmir işləri aparmışdır. Daha sonra iddiaçı Pİ-nin ünvanına ailə üzvləri ilə birlikdə qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh özünün xx.xx.2022-ci il tarixli, 069140033F saylı məktubu ilə ona həmin ünvana, yəni cavabdehin ünvanına qeydiyyata alınmağından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
3. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilir ki, iddiaçının ünvan 3 qeydiyyatsız yaşamağı müəyyən edilmişdir. Odur ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamına müvafiq qaydada yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilərək Qaradağ RPİ-nin yerləşdiyi ünvan üzrə (Lökbatan qəsəbəsi, Mədən küçəsi 1) qeydiyyata alınmağı məqsədəmüvafiq hesab edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçı və ailə üzvləri qeydiyyatsız yaşadığı ünvan 3 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
4. Məhkəmənin 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı2, İddiaçı4 Rüfət qızının, İddiaçı3 inzibati məhkəmə icraatına birgə iddiaçılar qismində iştirakları nəzərə alınmaqla iddia tələbi inzibati binaya pasport qeydiyyatına alınmaları kimi dəyişdirilmişdir.
5. Daha sonra iddiaçılar tərəfindən iddia tələbi Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 16 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları kimi dəyişdirilmişdir.
6. Bakı şəhəri Qaradağ Rayon Polis İarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Rüfət qızı, İddiaçı3 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində istifadələrində olan, lakin hüquqi sənədi olmayan 16 nömrəli fərdi yaşayış evində faktiki yaşayır və bu səbəbdən onların yaşayış yeri olmayan şəxs kimi sənədləşdiriliməsi mümkünsüzdür.
7. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavininin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Ümid qəsəbəsində yerləşən 16 saylı ev Qaradağ rayonu, Sosial İqtisadi İnkişafına Yardım Fondu tərəfindən təxminən 1999-cu ildə tikilmiş və istifadəyə verilmişdir. Hazırda İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Rüfət qızı sözügedən ünvanda yaşayırlar.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, “Ümid” qəsəbəsi, ərazisində yerləşən 16 saylı bina Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin balansında deyildir. Daimi qeydiyyatda olan iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı4 Rüfət qızı, İddiaçı3 məcburi köçkün deyillər.
9. İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Ümid qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı1 ailə üzvləri ilə - qızı - İddiaçı2, oğlu- İddiaçı3 və İddiaçı4 Rüfət qızı həqiqətən Qaradağ rayonu, Ümid qəsəbəsi, ev 16 ünvanında qeydiyyatsız yaşayır.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçılar iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
11. Cavabdeh məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
12. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
13. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
14. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
17. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
20. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
22. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
27. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
28. Qeyd edilən yanaşma X2 məhkəməsinin təcrübəsinə də əsaslanır. X2 Konvensiyasının 8ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X2 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
29. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçıların həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və şərti eyni ünvan göstərici olan yaşayış sahəsində kommunal xidmətlərdən istifadəni təmin edən sayğacların quraşdırılmasını təsdiq edən sənədlər, eləcə də həmin binanın özbaşına tikili olmamaqla Sosial İqtisadi İnkişafına Yardım Fondu tərəfindən təxminən 1999-cu ildə tikilmiş və istifadəyə verilmiş olması və yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçıların həmin ünvanda yaşamalarını təsdiq edilməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” hesab oluna bilər.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Rüfət qızı, İddiaçı3 ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva