Məhkəmə qərarları › İş №2-1(112)-2897/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2897/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2897/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildən 1991-ci ilədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir. Sonradan Nəsimi rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusuna həqiqi hərbi xidmətə göndərilmiş ,N və N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 65 saylı əmrinə əsasən ona sıravi hərbi rütbəsi verilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün təminatlarına salınmışdır. Bundan sonra o, xx.xx.1993-cü ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, xəsarət aldığından ağır kəllə beyin travması diaqnozu ilə 890 saylı hərbi qospitala müayinə və müalicə üçün göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyi hərbi hissənin tərkibində döyüşdüyü əsgər yoldaşları kimi o, da Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı verilməsini xahiş etsə də, cavabdeh orqan əsassız olaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Beləki, ona rəsmi olaraq göndərilmiş imtina məktublarında qeyd olunmuşdur ki, guya təqdim olunmuş sənədlərə əsasən müalicədən (xx.xx.1993-cü il tarixdən) sonrakı xidməti təsdiqlənmədiyindən ona “Müharibə Veteranı “adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Halbuki, o, inzibati orqana müraciət edərkən xx.xx.1993-cü il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini və həmin döyüşlərdə ağır xəsarət alaraq kəllə beyin travması diaqnozu ilə hərbi qospitala göndərildiyini bildirmişdir. Ondan əlavə iddia ərizəsinə əlavə etdiyi və həmin sənədlərdən də açıq-aşkar görünür ki, o, N və N saylı hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək və kəllə beyin travması diaqnozu ilə məcburi olaraq 890 saylı hərbi hospitala göndərilmişdir. Xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməmişdir, barəsində və ya sair hərbi xidmət əleyhinə cinayət işi aparılmamışdır. Beləki Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli arayışından görünür ki, onun barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və yaxud təqsirləndirci material yoxdur. Həmçinin, Azərbaycan Respublikası DiN-nin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1970-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş İddiaçı məhkumluğu yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon idarəsinin xx.xx.2019-cu il tarixli, 110 saylı arayışına əsasən o, həqiqətən 1989-cu ildən 1991-ci ilədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1991-ci il tarixdə keçmiş Nəsimi rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusuna həqiqi hərbi xidmətə göndərilmiş və N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-25-4/2-5395/2023 saylı iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyinə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən ‘Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. N №-li hərbi hissə tərəfində verilmiş N №-li, xx.xx.1993-cü il tarixli arayışda (surəti) İddiaçı xx.xx.1992-ci il tarixdən hal-hazıra (arayış verilən tarixə) kimi N №-li hərbi hissədə məcburi xidmətdə olduğu qeyd olunmuşdur. Nəsimi rayon hərbi komissarlığı tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış 1/488 №-li, xx.xx.1993-cü il tarixli məktubda, İddiaçı Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi nəzərə alınaraq ailəsinə maddi yardım göstərilməsi xahiş olunmuşdur. 1993-cü il tarixli göndərişdə (surəti) qeyd olunmuşdur ki, sıravi İddiaçı N № hərbi hissədən N №-li hərbi qospitala müayinə və müalicə üçün göndərilmişdir. Diaqnoz: Kəllə beyin travması -Kontuziya. xx.xx.1993-cü il tarixdə verilmiş ******* №-li müvəqqəti vəsiqənin surətindən müəyyən olunur ki, həmin vəsiqə 1970-ci il təvəllüdlü İddiaçı itimiş hərbi biletin əvəzinə müvəqqəti vəsiqə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Nəsimi rayon hərbi komissarlığının sorğusuna cavab olaraq ünvanlanmış 26/2-3932 №-li, xx.xx.1998-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X3 qeyd edilən müddətlərdə N saylı hərbi hissədə xidməti barədə arxiv sənədlərində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Hərbi prokuroruluğu tərəfindən İddiaçı ünvanlanmış HP01/308 №-li, xx.xx.2019-cu il tarixli cavab məktubunda sonuncu barəsində hal-hazırda Respublika Hərbi prokurorluğunda hər hanıs bir cinayət işi və yaxud təqsirləndirici materialın olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş M8294 №-li, xx.xx.2019-cu il tarixli arayışda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş-uçotlarındakı məlumata əsasən xx xxxxxx 1970-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş İddiaçı məhkumluğunun olmadığı göstərilmişdir. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv idarəsi tərəfindən verilmiş 9/2-13335 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 65 nömrəli əmrində (əsas: səh 33, 1, sıra 5, əmrdə atasının adı Şəmil yazılmışdır) İddiaçı hərbi hissəyə qəbul edilməsi barədə məlumat vardır. Ərizədə İddiaçı nə vaxtadək xidməti göstərilmədiyindən əlavə araşdırma aparıla bilinməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 1845 №-li xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 65 №-li əmrində ( -1, səh 33, sıra 5, əmrdə atasının adı “Şəmil” yazılmışdır) sıravi İddiaçı Şəmil oğlunun hərbi hissəyə əsgər qəbul edilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında İddiaçı xidməti, yaralanması və hərbi hospitalda müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 2/2 8189 №-li, xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona “Müharibə Veteranı”adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən müalicədən (xx.xx.1993-cü il tarixdən) sonrakı, xidmətləri təsdiqlənmədiyindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 20N saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda yuxarıda istinad edilən normaların müddəalarına görə, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Qanunvericiliyin tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Buna görə, şəxsin hərbi xidmətə çağrıldığı tarixdən tərxis olunanadək qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmiş olması müəyyən olunmalı, bu fakt tam sübuta yetirilməlidir. Hazırkı iş üzrə iddiaçının N () №-li hərbi hissəyə xx.xx.1992-ci il tarixli 65 №-li əmrlə əsgər qəbul edilməsi müəyyən olunur. Məhkəmə araşdırması zamanı N () №-li hərbi hissə komandirinin xx.xx.1992xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında İddiaçı xidməti, yaralanması və hərbi hospitalda müalicəyə göndərilməsi barədə məlumatın aşkar olunmadığı müəyyən olunmuşdur. Cavabdeh iddiaçının 22 iyul 1993-cü il tarixindən sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatların olmadığına istinadla iddianın rədd edilməli olduğunu bildirir. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona Müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçının həm də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərtinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar