Məhkəmə qərarları › İş №2-1(112)-2899/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2899/2021

14.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2899/2021 14.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, X1 sərəncamına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçun 29000 kv.m torpaq sahəsinin 2,05 hektar hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizələr ilə məhkəməyə müraciət edərək mübahisəsinin artıq həll edildiyini, hər hansı tələbinin olmadığını bildirərək iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını, iddia tələbinin baxılmamış saxlanılmasını və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki 1,804 ha torpaq sahəsinin üzərinə müdafiə xarakterli təmin tədbirinin ləğv olunmasını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar