Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2899/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi-X6 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra mətndə DSMF) 15 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sosial yardımın dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və 10.03.2021-ci il tarixdən dayandırılmış sosial yardımın bərpa edilərək həmin tarixdən ödənilməsinə davam etdirilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 07.11.2016-cı il tarixli **********1002 saylı müraciətinə əsasən təyin olunmuş ünvanlı sosial yardımın 02.03.2017-ci il tarixdən bərpa edilərək, həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra mətndə ƏƏSMN) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar 6 nəfərdən ibarət ailədirlər. O, 26.02.2003-cü ildə nikaha daxil olaraq, X7 ilə ailə qurmuşdur və onların 4 uşaqları var. Onun ailəsi çoxuşaqlı ailə olduğundan dövlət tərəfindən ailəsinə sosial yardım təyin edilmişdir. Lakin ailələrinə təyin edilən sosial yardım 17.03.2021-ci il tarixdə dayandırılmış və sosial yardım almaq hüquqları əsassız olaraq ləğv edilmişdir. Belə ki, sosial yardımın dayandırılmasının əsas kimi cavabdeh tərəfindən ona bildirilmişdir ki, onun adına 13.10.2010-cu ildə 40413018-219 №li torpağa mülkiyyət hüququna dair dövlət aktı mövcuddur. Onun ailəsinə sosial yardım verilməsinin dayandırılması barədə cavabdehin irəli sürdüyü adına torpaq sənədi olması" barədə əsasını düzgün hesab etmir. Ona görə ki, Şəki rayon Cumnakənd Bələdiyyəsindən verilən 15.04.2021-ci il tarixli, Şəki şəhər İcra Hakimiyyəti başçısının Cumakəndindəki nümayəndəsinin 16.04.2021-ci il tarixli arayışlarında göstərilir ki, Cumakənd kəndində torpaq islahatı äparılarkən ona və ailəsinə torpaq payı verilməmişdir. Ailəsinə verilən sosial yardımın verilməsinin dayandırılmasını qanunsuz və əsassız hesab edir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddianın mümkün sayılmamasına dair 02 mart 2022-ci il tarixli **********7 №li ərizədə göstərilmişdir ki, İddiaçı ailəsinə 01.11.2016 tarixdə 272,86 AZN ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. 01.02.2017-ci il tarixdə iddiaçının özünün və ailə üzvünün mülkiyyətində müvafiq olaraq JN 40413018-219 və JN 40413018-0004 nömrəli torpaq mülkiyyətinin mövcud olduğu, lakin iddiaçının doldurduğu ərizə-bəyannamədə həmin məlumatların əks olunmadığı aşkar edilmişdir. Aşağıda qeyd edilən hüquqi və faktiki xüsusatlara görə hesab edirlər ki, icraatda olan 2-1(112)-11074/2021 nömrəli iş üzrə iddia mümkünsüz hesab edilməlidir: qeyd edirilər ki, iddiaçının cavabdeh orqana 01.03.2021 və 09.03.2021-ci il tarixli eyni məzmunlu müraciətlərində ona ünvanlı dövlət sosial yardımın təyin edilməsini xahiş etmiş, əvvəllər təyin edilmiş sosial yardımın dayandırılması barədə qərarın ləğv edilərək, sosial yardımın bərpa edilməsi barədə tələb irəli sürməmişdir. Lakin iddiaçı məhkəmədə fərqli məzmunlu -“10.03.2021-ci il tarixdə dayandırılmış sosial yardımın bərpa edilməsi” tələb irəli sürmüşdür. Bu səbəbdən, Ali Məhkəmənin Plenum Qərarına müvafiq olaraq iddiaçının eyni məzmunlu ərizə ilə əvvəlcə cavabdeh orqana müraciət etməməsi əsası ilə iddia tələbi mümkünsüz sayılmalıdır. Bundan əlavə, qeyd edirlər ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın (7 noyabr 2020-ci il tarixli dəyişikliklərə müvafiq redaksiya) 2-ci maddəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciət qaydaları aşağıdakı şəkildə müəyyənləşdirilmişdir: Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosiai” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin X1 sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı ona sosial yardımın təyin edilməsi tələbinə dair iddia qaldırsaydı belə, təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırıldıqdan sonra ona yenidən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qanunvericilikdə müəyyən edilmiş qaydada VEMTAS altsistemi vasitəsilə müraciəti olmadığından iddiası mümkün sayıla bilməzdi. Digər tərəfdən, sözügedən Qanunun 10-cu maddəsində (2 iyun 2020-ci il tarixədək qüvvədə olan redaksiya) qeyd edilmişdir ki, sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” nın 5-ci maddəində ünvanlı dövlət sosial yardımı təyin edilərkən nəzərə alınan gəlirlər və onların hesablanması qaydası müəyyən edilmişdir. Həmin Qaydaların 5.14-cü maddəsində torpaq payından əldə edilən gəlirin hesablanması qaydası aşağıdakı məzmunda ifadə olunmuşdur: Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət grupunun nömrəsinə müvafig normativ giymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının mülkiyyətində torpağ payının olması ünvanlı dövlət sosial yardım məbləğinin dəyişməsinə səbəb olan hal hesab olunduğundan iddiaçı tərəfindən doldurulan ərizə-bəyannamədə həmin halın qeyd edilməməsi onun ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının qanunvericiliyə müvafiq qaydada dayandırılması ilə nəticələnmişdir. Yəni, iddiaçıya təyin edilmiş sosial ödənişin dayandırılmasında inzibati orqan haqlı olmuşdur. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh ƏƏSMN-nin nümayəndəsi-X12 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və təqdim olunmuş ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın mükün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1970-ci ildə doğulmuş İddiaçı Şəki rayonu, Cumakənd ərazi dairəsi, Cumakənd kəndində qeydiyyatdadır. AZE seriyalı ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 25.09.1981-ci ildə Şəki rayonu, Cumay kəndində doğulmuş X2 rayonu, Cumakənd kəndində qeydiyyatdadır. Şəki şəhər İHB-nin Cumay kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2003-cü il tarixli İİ-AZ seriyalı 040581 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X10 26.02.2003-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin fevral ayının 26-cı günündə 03 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. AZE ******* seriyalı, AA ******* seriyalı, AA ******* seriyalı, AZE 12872750 seriyalı, AZE 12872289 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, X18, X11, X16, X19, X8 ataları qismində İddiaçı qeyd olunmuşdur. Torpağa mülkiyyət hüququna dair JN 219, kod 40413018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Şəki rayonu aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli 49 nömrəli qərarı ilə X13, X3, X14, X9, X5 1,83 hektar torpaq sahəsi ayrılmışdır. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair aşağıdakı: 27.05.2016-cı il tarixli bildirişdə qeyd olunmuşdur ki, 27.05.2016-cı il tarixli **********65901 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilmişdir: - məşğulluq alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı oğunun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz olması barədə məlumatın öz təsdiqni tapmaması. - DSMF-nin informasiya sistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi. 08.07.2016-cı il tarixli bildirişdə qeyd olunmuşdur ki, 08.07.2016-cı il tarixli, **********65902 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilir: - DSMF-nin informasiya sistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi. Torpaq pay mülkiyyəti sənədinin Reyestr kodu və ya nömrəsi düzgün qeyd edilməmişdir. - DSMF-nin informasiya sistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi. Torpaq pay mülkiyyətinin sahəsi düzgün qeyd edilməmişdir. 14.10.2016-cı il tarixli bildirişin surətindən müəyyən olunur ki,14.10.2016-cı il tarixli, **********81001 nömrəli müraciətinə görə sosia yardımın təyin olunmasından aşağıdakı səbəbə imtina edilir: - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən müəyyən edilmiş ********* telefon nömrəsi üzrə əvvəlki 12 ay ərzində xərclərin bəyan edilməməsi. 07.11.2016-cı il tarixli bildirişin surətindən müəyyən olunur ki, 07.11.2016-cı il tarixli **********81002 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilir: - DSMF-nin informasiya sistemində kənd təsərrüfatına yararlı JN 40413018-219 torpaq sahəsi olan şəxs barədə məlumatın təqdim edilməməsi. - DSMF-nin informasiya sistemində kənd təsərrüfatına yararlı JN 40413018-0004 torpaq sahəsi olan şəxs barədə məlumatın təqdim edilməməsi. Cavabdeh tərəfindən təqdim olunmuş aşağıdakı sənədlərdən: DSMF-nin Sosial Ödənişlər departamentinin Dövlət Sosial Müdafiə X22 uçota nəzarət və sosial sığorta departamentinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Şəki rayon sakini İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş 02.03.2021-ci il tarixli **********8 nömrəli və 09.03.2021-ci il tarixli **********6 nömrəli müraciətlərinə Fondun Aparatının Sosial ödənişlər departamentində baxılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı ailəsini təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olara, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi 07.11.2016-cı il tarixli **********81002 nömrəli rəsmi müraciəti əsasında 01.11.2016-cı il tarixindən ailəsinə təyin olunmuş aylıq 272,86 manat məbləğində sosial yardımın verilməsi “Ərizə bəyannamə”də kənd təsərrüfatına yararlı JN 40413018-219 və JN 40413018-004 torpaq sahəsi olan şəxs barədə məlumatların təqdim edilmədiyinə görə 01.02.2017-ci il tarixdən dayandırılmışdır. Bundan sonra, İddiaçı ailəsinin ünvanlı dövlət sosial yardımını almaq hüququnun müəyyən olunması ilə bağlı rəsmi qaydada VEMTAS-a müraciət etməmişdir. İddiaçı müvafiq məlumatları VEMTAS-a daxil etməklə elektron qaydada müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 22.05.2020-ci il tarixli 1514 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı Şəki rayonu inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. Sığortaedənin əsas məlumatlarından müəyyən olunur ki, X4 adına torpaq sahəsi qeyd olunmuşdur (SUN **********4). Sığortaedənin əsas məlumatlarından müəyyən olunur ki, 12.01.2016-cı il tarixdə İddiaçı vergi ödəyicisi kimi qeydə alınmışdır (VÖEN **********). İddiaçının hazırki tələblə müraciətinə aşağıdakı: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 15.03.2021-ci il tarixli **********3 saylı məktubunda qeyd olunmuşdur ki, müraciətlə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, 13.10.2010-cu il tarixdə JN 40413018- 219 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun adına sığortaedənin uçot nömrəsi (SUN-**********9) rəsmiləşdirilməlidir. Hal-hazırda mülkiyyətində pay torpaq sahəsi yoxdursa və həmin sığortaedənin uçot nömrəsini (SUN) ləğv etdirmək istəyirsə, ərizəsilə təsdiqedici sənədlər (əvvəllər mülkiyyətində torpağa mülkiyyət hüququna dair dövlət aktı olubsa və həmin sahə satılıbdırsa alqı-satqı müqaviləsinin surəti, bağşlanmışdırsa bağışlama müqaviləsinin surəti, pay torpaq mülkiyyətçisinin və payçıların şəxsiyyət vəsiqələrinin surəti və Daşınmaz Əmlakın Dövlət reyestridən arayışın surəti) əsasənda DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. - DSMF-nin 19 mart 2021-ci il tarixli **********9 nömrəli məktubunda qeyd olunmuşdur ki, DSMF-nin 15 saylı Regional ərazi filialı (Şəki şəhəri) üzrə 13.10.2010-cu il tarixində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış İddiaçı məxsus **********9 nömrəli sığortaedənin uçot nömrəsinin statusu təqdim edilən təsdiqedici sənədlər əsasında ƏƏSMN-nin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestr” bölməsində 17.03.2021-ci il tarixində ləğv edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 26.01.2022-ci il tarixli **********20 saylı məktubda qeyd olunmuşdur ki, mövcud arxiv materiallarına əsasən İddiaçı adına Lənkəran şəhəri ərazisində yerləşən 0,01 ha həyətyanı torpaq sahəsi aşkar edilmiş, lakin arxiv əsaslarında vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilməmişdir. xx.xx.1970-ci il təvəllüdlü İddiaçı adına qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı ona təyin olunmuş və daha sonra dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsini xahiş etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona təyin olunmuş və daha sonra dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının; - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1.) ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2.) əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3.) ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4.) ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5.) ailə üzvünün vəfat etməsi; 1.2.6.) ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7.) ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8.) ailə üzvünün olduğu yerin məlum olmaması. - 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.3.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi; 1.3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; 1.3.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.3.8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 1.3.9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; 1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi; 1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; 1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; 1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti; 1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; 1.3.18. Azərbaycan Respublikasının X30; 1.3.19. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.20. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. - 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda (3.7.1) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə (3.7.3); ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) (3.7.4) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır) (3.7.5) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda (3.7.6); ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda(3.7.7). Mövcud qanunvericiliyin sadalanan normalarına görə ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ ilə torpaq sahəsinə malik olması ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün əsas deyildir, belə ki, şəxsin torpaq sahəsinə malik olması hələ onun torpaq sahəsindən ailənin maddi rifahının lazımi səviyyədə təmin edilməsi qədər gəlir əldə etməsi anlamına gəlmir. Cavabdeh iddiaçının həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun olmasını məhkəmədə sübuta yetirməmişdir. “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.7-ci maddəsində ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş ünvanlı sosial yardımın dayandırılmasına əsas kimi istinad olunan “Torpağa mülkiyyət hüququna dair” JN 219, kod 40413018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, qeyd olunan Akta əsasən Şəki rayonu aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli 49 nömrəli qərarı ilə X13, X3, X14, X9, X5 1.83 hektar torpaq sahəsi ayrılmış və göstərilən torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 07.11.2016-cı il tarixli **********1002 saylı müraciətinə əsasən, ona təyin olunmuş ünvanlı sosial yardımın 02.03.2017-ci il tarixdən bərpa edilərək, həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2899/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2899/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver