Məhkəmə qərarları › İş №2-1(112)-290/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-290/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-290/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı 08.07.2020-ci il tarixdə cavabdehlər Bakı şəhəri Baş səhiyyə idarəsi 3 nömrəli şəhər poliklinikasına və Bakı şəhəri Baş Səhiyyə İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4 06 dekabr 2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının uzun müddət xəstə olmuş anası ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, 12.03.1934-cü il təvəllüdlü X6 06 dekabr 2018-ci il tarixdə, ev şəraitində (Xırdalan, ünvan 2 ünvanında), özünü pis hiss etmişdir. Çağırılmış təcili tibbi yardım briqadası bildirmişdir ki, onun nəbzi vurmur, təzyiqi ölçülmür, tənəffüsü kəsilmişdir və o, vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün ölüm haqqında tibbi şəhadətnamənin alınması zəruridir. Buna görə də, 24.06.2020-ci il tarixdə mərhum X2 qeydiyyatda olduğu Bakı şəhəri Baş səhiyyə idarəsi 3 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilmişdir. Lakin 3 nömrəli şəhər poliklinikasının 29.06.2020-ci il tarixli, 151 saylı cavab məktubu ilə X2 ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hal-hazırda yuxarıda göstərilən tibbi şəhadətnamənin alınmaması səbəbindən qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamənin alınması qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5363/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Baş Səhiyyə İdarəsinə və Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsinə dair iş üzrə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X3 stansiyasının verdiyi xəbərdarlıq vərəqəsinə əsasən 06 dekabr 2018-ci il tarixdə ünvan 3 ünvanında 12.03.1934-cü il təvəllüdlü X4 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməsi və mərhumun oğlu, İddiaçı təqdim edilməsi vəzifəsi Bakı şəhəri Baş səhiyyə idarəsi M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2- 1(103)-1236/2021 saylı qərardadı ilə, cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər poliklinikasının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, 01114450 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, 12.03.1934-cü il təvəllüdlü X6 yaşayış yeri üzrə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur; AЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı anası X5r; Abşeron rayon Mərkəzi xəstəxanasının Təcili və X3 stansiyasının 06.12.2018-ci il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, 06.12.2018-ci il tarixdə 12.03.1934-cü il təvəllüdlü X4 həkiməqədər ölümü hadisəsi baş vermişdir; Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30.11.2020-ci il tarixli, 1915 saylı məktubunda bildirilmişdir ki, 06.12.2018-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X6 üçün saat 17:55-də çağırış qəbul olunmuşdur. X10 çağırışa gedərək “Həkimə qədər ölüm. Qadın cinsində meyit” diaqnozu qoyaraq mərhumun yaxınlarına 1 nüsxədən ibarət ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. “Ölüm haqqında xəbərdarlıq vərəqəsinin” ikinci surəti Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X3 şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Aygün Məmmədova tərəfindən 32901 saylı, 06.12.2018-ci il tarixli vərəqə əsasən yazılmışdır; Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, 06.12.2018-ci il tarixdə iddiaçının anası 12.03.1934-cü il təvəllüdlü X4 ölümü hadisəsi baş vermiş, lakin bununla bağlı ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 4.1-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir; 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYSnin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; 4.3-cü bəndinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir; 4.5-ci bəndinə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir; 4.7-ci bəndinə əsasən, şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır; 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.07.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimatın: 3-cü maddəsinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X3 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir; 4-cü maddəsinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırki işdə “xəbərdarlıq vərəqəsi”nə əsasən şəxsin (X4) ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olur. Eyni zamanda şəxsin ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən hər hansı sənədə istinad olunmamış və məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, şəxsin ölüm səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının anası X4 ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır. Belə ki, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının “ölüm haqqında tibbi şəhadətnamə verilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, İddiaçı cavabdeh 3 saylı Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh 3 saylı Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar