Məhkəmə qərarları › İş №2-1(112)-2900/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2900/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2900/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Kaveroçkin küçəsi, ev 21, mənzil 215), cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, C.Xəndan küçəsi, ev 18, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə inşa edilmiş qeyri-yaşayış binasının layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə inşa edilmiş qeyri-yaşayış binasının layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçüncü şəxs qismində adi cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 237 nömrəli Sərəncamının 12-ci bəndinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə əlavə olaraq 230 kv.m-lik ərazi ona icarəyə verilmişdir. Tikiləcək ticarət obyektinin eskiz layihəsi xx.xx.2004-cü il tarixdə BŞİH-in Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Həmçinin həmin ticarət obyektinin işçi layihəsi də tərtib edilmiş və xx.xx.2004-cü il tarixdə BŞİH-in Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Sərəncama əsasən 05/34 nömrəli 2005-ci il tarixli ayrıc aktı tərtib edilmişdir. Eyni zamanda ayrılmış torpaq sahəsində qeyri-yaşayış binasının layihələndirilməsinin bütün texniki şərtlərə cavab verməsi barədə müvafiq orqanlardan rəylər alınmışdır. Yuxarıda qeyd edilən bütün sənədləri toplayıb qeyriyaşayış binasının sənədləşdirilməsi üçün DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin İdarə xx.xx.2021-ci il tarixli imtina məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri- yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi ərazinin yaxınlığından qaz xətti keçir. Qeyd olunanlarla yanaşı təqdim edilmiş eskiz layihə ilə qeyri-yaşayış binası arasında uyğunsuzluqlar, perimetrik ölçü və sahə fərqi mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********18 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər XDS İcraiyyə Komitəsinin bir sıra qərarlarının ləğv edilməsi, özünəməxsus ərazidə yaşayış binalarının, ticarət mərkəzinin tikintisinə icazə verilməsi, inzibati binasının, istehsalat sahəsinin və qaz terminalının layihələşdirilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi haqqında. 12. İcarə əsasında əlavə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” 237 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 01-04/296 saylı razılıq məktubu, vət. İddiaçı müraciəti, «Texnoservis AT company» şirkətinin müvafiq arayışı nəzərə alınaraq, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsində 649-cu məhəllədə özünəməxsus qeyri-yaşayış sahəsinə əlavə olaraq 180 kv.m-İik ərazi həmin vətəndaşın icarəsinə verilmişdir. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Bakı Şəhər İcra Hakimiyyətinin “Özünəməxsus ərazidə tikintiyə icazə verilməsi və istehsalat sahəsinin layihələşdirilməsi haqqında 47. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 237 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” 305 nömrəli xx.xx.2004cü il tarixli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 237 nömrəli sərəncamının vət. İddiaçı dair 12-ci bəndində “180 kv.m” ifadəsi “230 kv.m” kimi oxunmuşdur. İş materiallarından görünür ki, 2005-ci ildə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin Ayrıc Aktı tərtib edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin layihələndirilməsi və tikintisi haqqında xx.xx.2004-cü il tarixli 13-30/208-25 nömrəli rəy tərtib edilmişdir. Həmin rəyə əsasən Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında olan torpaq sahəsi sanitariya və gigiyenik nöqteyi nəzərdən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin layihələndirilməsi və tikintisi üçün yararlıdır. İş materiallarından görünür ki, Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Dövlət Yanğınn Nəzarəti İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli NTNŞ-218 nömrəli rəy tərtib edilmişdir. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə yerşələn İddiaçı məxsus ticarət obyektinin eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə yerşələn İddiaçı məxsus ticarət obyektinin işçi layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 2005-ci ildə İnşaat Pasportu tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə inşa edilmiş qeyri-yaşayış binasının layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən qeyri-yaşayış sahəsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən iddia olunan ümumi ərazi daxilində yerləşir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********18 nömrəli imtina məktubunda, həmçinin iddiaya dair təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********19 nömrəli yazılı etirazında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən iddia olunan ümumi ərazi daxilində yerləşməsi ilə bağlı hər hansı məlumat göstərməmişdir. İş materiallarında olan apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 05-966 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olan və Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən əsas korpusunun, ünvan 5 ikinci korpusunun və ünvan 6n tələbə yataqxanasının texniki pasportlarının tərtib olunması ilə bağlı aralarında xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmış və avans ödənilmişdir. xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə müqavilə bağlanaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ünvan 7 ünvanında yerləşən üçüncü korpusunun, ünvan 8cü korpusunun və ünvan 9n idman kompleksinin texniki pasportlarının tərtib olunmasını xahiş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən iddia olunan ümumi ərazi daxilində yerləşmə ehtimalının olmasını nəzərə alaraq xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçüncü şəxs qismində adi cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilməsini və iş üzrə icraatın təzələnməsi qərara almışdır. İş materiallarından görünür ki, Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 2884 nömrəli xx.xx.2022-ci il tarixli Müqavilə bağlanılmışdır. Həmin Müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi 249.5 kv.m torpaq sahəsi icarə şərti ilə iddiaçının istifadəsinə verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən iddia olunan ümumi ərazi daxilində yerləşməsini bildirsə də, cavabdeh inzibati orqannın tabe olduğu daya yuxarı orqan olan Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin torpaq sahəsi icarə şərti ilə iddiaçının istifadəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh inzibati orqanın tabe olduğu daha yuxarı orqanla müvafiq icarə müqaviləsinin bağlanması ona dəlalət edir ki, qeyd edilən torpaq sahəsi dövlət torpağıdır və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılan torpağın hüdudlarında yerləşmir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Xidmətin vəzifələrindən biridir. Odur ki, hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin maraqlarına toxunma ehtimalının olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən iddia olunan ümumi ərazi daxilində yerləşməsi” dəlili əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” 18 mart 2015-ci il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi ərazinin yaxınlığından qaz xətti keçir. Qeyd olunanlarla yanaşı təqdim edilmiş eskiz layihə ilə qeyri-yaşayış binası arasında uyğunsuzluqlar, perimetrik ölçü və sahə fərqi mövcuddur. Məhkəmə cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin “elektron kadastr baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi ərazinin yaxınlığından qaz xətti keçir” dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan göstərilənlərə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə praktikası nəzərə alındıqda, həmin ərazinin yaxınlığından qaz xətti keçməsi şərti olaraq qəbul edilsə belə, bu hal da həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" Qaydalarının 2.8-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, qaz kəmərlərinin mühafizə zonalarına daxil olan daşınmaz əmlakın istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Beləliklə, məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. Həmçinin, məhkəmə cavabdehin təqdim edilmiş eskiz layihə ilə qeyri-yaşayış binası arasında uyğunsuzluqlar, perimetrik ölçü və sahə fərqinin mövcud olmasına dair dəlili ilə bağlı qeyd edir ki, uyğunsuzluğun mövcud olması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsas daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Beləliklə, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, həmçinin qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə inşa edilmiş qeyriyaşayış binasının layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsindəki 649-cu məhəllədə inşa edilmiş qeyri-yaşayış binasının layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar