Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2900/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, iddiaçı 23 avqust 1958-ci il tarixdə doğulmuşdur, orta məktəbi bitirdikdən sonra 1976-cı ildə həbi xidmətə çağırılmış və xidmətini Şimal Hərbi Dəniz Donanmasının “Hərbi gəmisi”ndə keçirmişdur. 1976 – 1979-cu illərdə hərbi xidmət dövründə “maşinist ocaqçı” olmuşdur. Xidmət dövrünün zərərli sahə olması Azərbaycan Respublikası Müdafiə Nazirlinin 20 may 2019-cu il tarixli 12/1588 saylı məktubu ilə təsdiq edilir. Hərbi xidmətdən sonra o, ocaqçı peşəsində işini davam etdirmişdir. Hərbi xidmətdən sonra Ermənistanın Masis rayonu “Ararat” X4 kənd məktəbinin ocaqçısı və s. müxtəlif peşələrdə işləmişdir. Həmin vaxt ocaqçı peşəsində də çalışmışdır. Bu barədə əmək kitabçasında qeydlər yazılmışdır. 22 iyul 1980-cı il tarixdən 22 noyabr 1980-cı il tarixədək – 4 ay, 9 fevral 1981-ci il tarixdən 1 oktyabr 1981-ci il tarixədək – 8 ay, 1 aprel 1984-cü il tarixdən 5 sentyabr 1988-ci il tarixədək – 4 il 5 ay “ocaqçı” peşəsində işləmişdir (cəmi 5 il 5 ay). 27 sentyabr 1988-ci il tarixdən 121 nömrəli əmrlə X12 Məmulatları Zavodunda ocaqçı peşəsində işləmiş və 1 fevral 1990-cı il tarixdə 11-k nömrəli əmrlə işdən azad olunmuş, 1 il 8 ay 27 gün “ocaqçı” peşəsində işləmişdir. "xxxx" ASC-nin 43 saylı 27 dekabr 2019-cu il tarixli məktubu ilə həmin sahənin zərərli sahə olduğu təsdiq edilir. 26 noyabr 1990-cı il tarixdə 165k nömrəli əmrlə 24 noyabr 1990-cı il tarixdən 9 noyabr 1995-ci il tarixədək 4 il, 11 ay, 15 gün, “Azyolmaş” İB-nin X1xana təsərrüfatında 5-ci dərəcəli ocaqçı maşinist peşəsində işləmişdir. Bu barədə ASC-dən 26 dekabr 2019-cu il tarixli arayış alınmışdır. İddiaçının hazırda 62 yaşı var, ümumilikdə 30 ildən çox əmək stajı var, əmək fəaliyyətinin 15 ildən çox hissəsi zərərli sahəyə aiddir. Bu səbəbdən də iddiaçı hesab edir ki, ümumilikdə 30 ildən çox əmək stajı və qanunla nəzərdə tutulmuş müddətdə zərərli sahədə iş stajı olduğundan, ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF orqanına müraciət etmişdir. lakin qurumun 8 may 2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun tələb olunan güzəştli iş stajı olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yoxdur. DSMF orqanı onun sovxozda və X12 Məmulatları Zavodunda ocaqçı, “Azyolmaş” İB X1xana təsərrüfatında 5-ci dərəcəli ocaqçı işləməyini nəzərə alsa da, hərbi xidmət dövründəki müvafiq müddəti nəzərə almamışdır. Halbuki, 2 noyabr 1976-ci il tarixdə hərbi xidmətə çağırılmış, 29 noyabr 1979-cu il tarixədək hərbi xidmətdə olmuş və xidməti zamanı Hərbi Dəniz Donanmasının “Hərbi gəmisi”ndə maşinist ocaqçı vəzifəsini icra etmişdir, həmin vəzifə zərərli sahə hesab olunur. Həmin dövrdə qüvvədə olmuş «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunda və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda hərbi dəniz gəmilərində ocaqçı peşəsində xidmət keçmiş və ya işləmiş şəxslərin əmək fəaliyyəti zərərli sahə kimi qeyd edilmişdir. Eyni zamanda SSRİ Nazirlər Kabinetinin təsdiq etdiyi zərərli, yeraltı sahələrdə və s. sahələrdə işləyən şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı 1 və 2 nömrəli siyahılarda bərk yanacaqla işləyən gəmi ocaqçılarına güzəştli şərtlərlə pensiya təyin edilməsi əks olunmuşdur. Ona görə də iddiaçının üç illik hərbi xidmət dövründə ocaqçı kimi işləməsinin DSMF orqanı tərəfindən nəzərə alınmaması əsassızdır. İddiaçının sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə qurumdan verilən 15 sentyabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Mingəçevir X2 işləyən isehsalat qazaxanasında ocaqçı, X1xana təsərrüfatında ocaqçı maşinist peşəsində işlədiyi qeyd edilmişdir, həmin peşələr yuxarıda qeyd olunan qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) peşəsinə uyğun deyil. 2006-cı ilədək qüvvədə olmuş «Pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə əssən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə pensiya təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan iş yerlərində (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Lakin DSMF orqanı göstərilən halları nəzərə almamışdır, qurumunun imtinası əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə, İPM-in müddəalarına əsaslanaraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 2 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət edilmişdir. X9 tərəfindən baxılaraq, 15 sentyabr 2022-ci il tarixli məktubla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktubla ərizəçinin qanunvericiliklə tələb olunan güzəştli iş stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın ümumi peşələr bölməsində (35) qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) peşəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə onun 27 sentyabr 1988-ci il tarixdən 1 fevral 1990-cı il tarixədək olan dövr ərzində Mingəçevir X2 işləyən istehsalat qazanxanasında ocaqçı, 26 noyabr 1990-cı il tarixdən 9 noyabr 1995-ci il tarixədək olan dövr ərzində X8 Zavodunun Qazanxana təsərrüfatında ocaqçı maşinisti peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi peşələr yuxarıda qeyd olunan qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) peşəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı (3 il 18 gün (2 noyabr 1976-cı il tarixdən 29 noyabr 1979-cu il tarixədək) təşkil edir. Həmçinin iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 27 dekabr 2019-cu il tarixli 43 nömrəli arayışda onun 27 sentyabr 1988-ci il tarixdən 1 fevral 1990-cı il tarixədək işlədiyi dövrlərin 22 avqust 1956-cı il tarixli 1173 saylı keçmiş SSRİ Nazirlər Sovetinin qərarı ilə təsdiqlənmiş «Güzəştli şərtlərlə və güzəştli miqdarda dövlət pensiyası hüququ verən ağır əmək şəraiti olan istehsalatların, sexlərin, peşələrin və vəzifələrin 2 nömrəli Siyahısı»nın “Ümumi peşələr” adlanan XXXİİ bölməsinin “İstehsalat qazanxanalarının və istehsalat sobalarının ocaqçıları” bəndinə uyğun olduğu qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilən 27 dekabr 2019-cu il tarixli 43 nömrəli arayışda və «Əmək pensiyaları haqqında» Qanunda da qeyd edildiyi kimi, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Həmçinin iddiaçı 22 iyul 1980-ci il tarixdən 5 sentyabr 1988-ci il tarixədək müxtəlif müəssisələrdə ocaqçı vəzifəsində işlədiyini və həmin dövrlərin güzəştli iş stajı hesab edildiyini iddia edir. Lakin qeyd edilən dövrlərdə işlədiyi vəzifələrin güzəştli iş stajı hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən Mərkəzi Filiala hər hansı bir güzəştli arayış təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1,20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı 23 avqust 1958-ci il tarixdə doğulmuşdur, 1976 – 1979-cu illərdə X14 Donanmasında hərbi xidmətdə olmuş və xidməti zamanı “Hərbi gəmi”də maşinist kimi qulluq keçmişdir. 1980-ci ilin iyul ayından əmək fəaliyyətinə başlamış, müxtəlif işlərdə, o cümlədən ocaqçı peşəsində işləmişdir. Həmin peşə güzəşti şərtlərlə əmək pensiyası hüququ verən sahəyə aiddir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, onun 2006-cı ilin 1 yanvar tarixədək 25 il ümumi iş stajı toplanma da, onun 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajı yoxdur. Onun işlədiyi ocaqçı peşəsi kömürlə və şistlə işləyən sahəyə aid olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə sayılmır. İddiaçı hazırda «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsaslanaraq, cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin (3. Dəniz və çay donanması) bəndində 23003020 – 13502 kodu ilə “bütün adlarda maşinistlər”, “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 – 13786 kodu ilə "qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları), o cümlədən külü aralamaqla məşğul olan” peşələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəməyə müvafiq sorğuya cavab olaraq "xxxx" ASC-dən ünvanlanmış 28 iyul 2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş X13 həqiqətən 26 noyabr 1990-cı il tarixli 165k saylı əmrə əsasən 24 noyabr 1990-cı il tarixdən 9 noyabr 1995-ci il tarixədək “AZYOLMAŞ” İB-nin Mingəçevir “Yol Maşınları” Zavodunun qazla işləyən qazanxana təsərrüfatında 5-ci dərəcəli ocaqçı maşinisti peşəsində işləmişdir. X13 işlədiyi qazanxana kömür və şistlə işləməyib, qazla işləyib. Onun işlədiyi ocaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Belə ki, qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinisti sahəsinə aiddir. Məhkəməyə müvafiq sorğuya cavab olaraq "xxxx" ATSC X12 Məmulatları Filialından ünvanlanmış 1 avqust 2023-cü il tarixli məktubda bildirilmişdir ki, 1958-ci il təvəllüdlü X13 27 sentyabr 1988-ci il tarixdən 1 fevral 1990-cı il tarixədək Mingəçevir X2 işləyən istehsalat qazanxanasında tam 8 saatlıq iş günü ilə ocaqçı peşəsində çalışmışdır. Göstərilən iş yeri və peşə həmin dövrdə qüvvədə olmuş 22 avqust 1956-cı il tarixli 1173 saylı keçmiş SSRİ Nazirlər Sovetinin qərarı ilə təsdiqlənmiş «Güzəştli şərtlərlə və güzəştli miqdarda dövlət pensiyası hüququ verən ağır əmək şəraiti olan istehsalatların, sexlərin, peşələrin və vəzifələrin 2 nömrəli Siyahısı»nın “Ümumi peşələr” adlanan XXXİİİ bğlməsinin istehsalat qazanxanalarının və istehsalat sobalarının ocaqçıları sətrinə uyğun güzəştli şərtlərlə əmək pensiyası üçün tələb olunan güzəştli iş stajına hüquq verirdi. 1993-cü ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Güzəştli pensiya təyinolunub-olunmaması aidiyyatı dövlət orqanlarının səlahiyyətindədir. Məhkəmənin qənaəti belədir ki, iddiaçı X10 işlədiyi “ocaqçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmadığından, onun 12 il 6 ay güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlədə stajı toplanmır. Nəzərə alınmalıdır ki, iddiaçının hərbi xidmət dövründə çalışdığı hərbi gəmidə “maşinist” vəzifəsi yuxarıda qeyd olunan 1 nömrəli Siyahıya aiddir və bu, işin mübahisələndirilməyən halını təşkil edir. Lakin iddiaçının 1988 – 1990-cı və 1990 – 1995-ci illərdə işlədiyi ocaqçı vəzifəsinin kömür və ya şistlə işləyən ocaqçı vəzifəsinə aid olmadığı müvafiq olaraq "xxxx" ATSC X12 Məmulatları Filialından və "xxxx" ASC-dən alınmış məktublarda (arayışlarda) təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) nəzərdə tutulsa da, iddiaçının işlədiyi ocaçı vəzifəsi qazla işləyən ocaqçılara aiddir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə olan halda, məhkəmə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təynat üzrə Mərkəzi Filialının imtinasını qanuna zidd saymır və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirmir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2900/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2900/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver